Azərbaycanlı jurnalistlər Rusiya səfirliyinə müraciət etdi
Baxılıb: 353 Tarix: 07-04-2021 09:46
Azərbaycanın tanınmış jurnalistləri Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinə müraciət ünvanlayıb.
Qanunvehedef.az xəbər verir ki, müraciət Şuşa şəhərində Rusiyaya məxsus “İsgəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkarlanması ilə bağlıdır.
Müraciətdə deyilir:
Şuşa şəhərində Rusiyaya məxsus “İsgəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları erməni işğalından azad edilmiş Şuşa şəhərində minaların və partlamamış hərbi sursatların axtarışı və zərərsizləşdirilməsi zamanı ballistik raketin detallarını aşkar ediblər. Raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin (9M723) təhlili göstərib ki, Şuşa şəhərinə “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksindən atəş açılıb. Raketin qalıqları hələ martın 15-də aşkar edilib. Lakin, Azərbaycan tərəfi bu qalıqların məhz “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olmasını yalnız hərtərəfli ekspert təhlilindən sonra elan edib.
Biz xatırlatmağa məcburuq: İrəvanda dəfələrlə belə bəyanatlar səslənib ki, Ermənistan Azərbaycana Rusiya istehsalı olan “İsgəndər” Operativ-Taktiki Raket Kompleksindən atəş açıb. Məsələn, Ermənistanın Baş naziri Nikol Paşinyan, Ermənistanın sabiq prezidenti Serj Sərkisyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan bu cür iddialarla çıxış ediblər.
Lakin, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov o vaxt Qarabağda “İsgəndər” raketlərinin tətbiq olunmasını qəti inkar edərək bildirib:
“Bizdə olan, o cümlədən obyektiv nəzarət sistemi ilə təsdiq edilmiş obyektiv və mötəbər məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişində bu tipli heç bir raket kompleksi tətbiq edilməyib”.
Lakin indi Şuşada “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olan raket detalları aşkar edilib. Operativ-Taktiki Raket Kompleksinin bu modifikasiyası ixrac edilməməlidir və Rusiya ordusunun təchizatında istifadə olunur”.
Müraciətdə bildirilir ki, Şuşada məhz “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksin raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV tərəfindən geniş işıqlandırılıb:
“Lakin, indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib. Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, digər əlaqədar strukturların şəxsində Şuşa şəhərinə “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin, hətta, təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur.
Ümidvarıq ki, Rusiya tərəfi ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcək və təhqiqatın başlanmasını rəsmən elan edəcək”.
Ən çox oxunanlar
Son xəbərlər