Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Ordumuz bu yubileyi konkret uğurlar, qələbələrlə qarşılayır” – Zakir Həsənov

Baxılıb: 558     Tarix: 22-06-2018 15:53   

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü qeyd olunacaq.
“Report”un məlumatına görə, bu münasibətlə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun əsas prioritetləri, aparılan uğurlu islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb.
Nazir deyib ki, bu gün yüz yaşını qeyd etdiyimiz Milli Ordunun yaradılması, formalaşması və döyüşlərdə bərkiməsi hələ keçən əsrin əvvəllərinə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir.
“Tarixi ənənələrin, varislik prinsiplərinin yaşadılması baxımından ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixi,ilk ordu hissəsi “Əlahiddə Azərbaycan korpusu”nun təşkil olunduğu gün əsas tutularaq Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. Bu tarixin Silahlı Qüvvələr Günü elan edilməsi Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası və tarixilik baxımından böyük əhəmiyyətə malikdir. Qeyd etdiyimiz bayram təkcə hərbçilərin deyil, ümumilikdə, bütün Azərbaycan xalqının bayramıdır. Bu səbəbdən də xalqımızı əlamətdar gün münasibətilə təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, Ordumuz bu yubileyi konkret uğurlar, qələbələr və böyük yeniliklərlə qarşılayır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan hərbi quruculuq prosesi ölkəmizdə bu gün də uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir.
Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir. İslahatların kompleks şəkildə həyata keçirilməsi ordumuzun aparıcı dövlətlərin orduları səviyyəsinədək yüksəlməsinə şərait yaradıb. Ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar ölkəmizin bütün sahələrdə inkişafına təkan verdiyi kimi, hərbi büdcəmizin də qısa müddətdə dəfələrlə artmasına imkan yaradıb. Fəaliyyətimizi Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Silahlı Qüvvələrin Ali Baş Komandanının fərman və sərəncamları, habelə digər normativ hüquqi aktlarını rəhbər tutaraq həyata keçiririk. Əməliyyat və döyüş hazırlığı tədbirləri, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı, hərbi təhsilin inkişafı, kadrların hazırlanması, maddi-texniki təminat məsələləri və hərbi qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər planlı şəkildə davam etdirilir.
2018-ci il orduda komandir hazırlığı və bütün səviyyədə olan komandirlərin real döyüş şəraitində qoşunların və silahların idarəedilməsi üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsi ili elan olunub. Ölkəmizin təcavüzdən, silahlı hücumdan müdafiəsinin təmin edilməsi üçün Azərbaycan Ordusunda əsas diqqət qoşunların döyüşə hazırlıq və səfərbərlik tədbirlərinə yönəldilib. Müasir təhdidlərə, risklərə və çağırışlara cavab vermək məqsədilə qoşunların döyüş qabiliyyətinin artırılması istiqamətində hərtərəfli kompleks tədbirlər icra edilir. Ərazinin real şəraiti nəzərə alınmaqla qoşunların müasir döyüşün aparılması tələblərinə cavab verən qüvvə və vasitələrlə hərtərəfli təmin olunması məqsədilə əsas tədbirlər həyata keçirilir.
Döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə onların hazırlıq səviyyəsi planlı şəkildə və müxtəlif vaxtlarda qəfil yoxlamalarla hərtərəfli təftiş edilir. Müdafiənin ön xəttində bütün istiqamətlər üzrə zəruri fortifikasiya işləri yerinə yetirilib, mühəndis-istehkam təminatı təkmilləşdirilərək mövqelər möhkəmləndirilib, yeni mühəndis şəbəkələri, uzunmüddətli dəmir-beton atəş nöqtələri tikilib, əlavə torpaq sipərlər, qovşaqlar çəkilib, səngərlər və yeraltı əlaqə şəbəkələri hazırlanıb.
Görülən bu işlər şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi imkanlarını xeyli dərəcədə artırıb. Çətin və dağlıq şəraitdə yerləşən döyüş mövqelərinə, o cümlədən kolonların maneəsiz və təhlükəsiz hərəkəti üçün yolların çəkilişi davam etdirilib, müasir tələblərə cavab verən rabitə və digər kommunikasiya vasitələri quraşdırılıb və yenilənib. Bu fəaliyyətlər əməliyyat şəraiti nəzərə alınmaqla bu gün də davam etdirilir. Eyni zamanda, bölmələrin döyüş qabiliyyətinin artırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə onların təşkilat-ştat strukturu optimallaşdırılıb. Hərbi qulluqçuların sırf döyüş hazırlığı ilə məşğul olmaları üçün hər bir şərait yaradılıb, lazım olan bütün tədbirlər həyata keçirilib. Azərbaycan Ordusunun inkişaf proqramı döyüş hazırlığını, hərbi təhsili, tərbiyəvi işi, şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasını və digər sahələri əhatə edib. Ordunun inkişafını müəyyən edən əsas amillərdən biri də şəxsi heyətin 80 faizinin müqavilə əsasında xidmət edən hərbi qulluqçularla komplektləşdirilməsi olub.
Əsas döyüş təminatını müəyyən edən vəzifələrə ixtisaslı mütəxəssislərin və peşəkar hərbi qulluqçuların təyin edilməsi Ordumuzun döyüş hazırlığının yüksəlməsinə müsbət təsir göstərib. Şəxsi heyətin təsərrüfat işlərindən azad olunmasını təmin etmək məqsədi ilə yardımçı təminat sahələrinə 21 min nəfərədək mülki işçi qəbul edilib. Bu, döyüş hazırlığının optimallaşdırılması istiqamətində atılan ən vacib addımlardandır.
Hazırlıq planına əsasən qoşun növlərinin, qərargahların, komandir-rəis heyətinin və şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığının yüksəldilməsi, döyüş və xüsusi texnikanın bacarıqla tətbiqi, bölmələrin uyarlığının təmin edilməsi məqsədilə hər il müxtəlif ümumqoşun poliqonlarında, təlim mərkəzlərində irimiqyaslı strateji, əməliyyat-strateji, əməliyyat-taktiki, taktiki, xüsusi taktiki, komanda-qərargah təlimləri və komanda-qərargah hərbi oyunları keçirilir. Əməliyyat və döyüş hazırlığının təşkili və keçirilməsində əsas diqqət müasir müharibə və lokal silahlı münaqişələrdə tətbiq olunan müsbət döyüş təcrübəsinin öyrənilməsinə, qoşunların döyüş tapşırıqlarına uyğun fəaliyyətlərinin praktiki icrası üzrə bacarıq və səriştələrinin artırılmasına, komandirlərin və qərargah zabitlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə yönəldilib.
Təkcə 2017-ci il ərzində qoşunların hazırlıq planına uyğun olaraq ümumilikdə 40-dan artıq komanda-qərargah hərbi oyunu, komanda-qərargah təlimi və komanda-qərargah səfərbərlik təlimi, eləcə də 20-dən çox taktiki təlim keçirilib.Keçirilən təlimlərə maksimal sayda şəxsi heyət, zirehli texnika, raket və artilleriya qurğuları, Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri, Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri, eləcə də Xüsusi Təyinatlı Qüvvələr cəlb edilib. Cari ilin mart ayında Silahlı Qüvvələrin Ali Baş Komandanının təsdiq etdiyi plana əsasən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə cəbhə bölgəsində yerləşən müxtəlif poliqonlarda genişmiqyaslı döyüş atışlı təlimlər keçirilib. Təlimlərdə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, ordu və cəbhə aviasiyasının 50-dək müxtəlif təyinatlı təyyarə və helikopterləri iştirak edib.
Döyüş şəraitinin modelləşdirilməsi və real atışların icrası ilə keçirilən təlimlərdə məqsəd idarəetmə orqanları və qoşunların öz peşəkarlıqlarını və döyüş bacarıqlarını nümayiş etdirməsi, gələcək müharibəyə hazırlaşması olub. İl ərzində ikitərəfli əməkdaşlıq planları və “Sülh Naminə Tərəfdaşlıq” proqramları çərçivəsində, xarici ölkələrdə keçirilmiş 200-dək tədbirdə 1300 nəfərədək, Azərbaycanda keçirilmiş 140-dək tədbirdə isə 2000 nəfərədək hərbi qulluqçumuz və mülki heyət iştirak edib.Hərbçilərimiz regional və beynəlxalq səviyyədə keçirilən müxtəlif təyinatlı taktiki və kompüter dəstəkli irimiqyaslı təlimlərdə mütəmadi olaraq iştirak edirlər.
Ötən il ərzində Türkiyə, Almaniya, Rumıniya, Bolqarıstan, Gürcüstan, İordaniya və digər ölkələrdə təşkil olunan təlimlərdə yüzlərlə hərbi qulluqçumuzun iştirakı təmin edilib.
Cari ilin may ayında İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimində və iyun ayında Qars şəhərində keçirilən Türkiyə-Azərbaycan birgə taktiki təlimində də hərbçilərimiz yüksək nəticələr əldə ediblər. Azərbaycan əsgərinin hazırlıq səviyyəsini xarici ölkələrin yüksək rütbəli hərbçiləri, mütəxəssisləri, müstəqil ekspertləri yüksək qiymətləndirir, müxtəlif ölkələrin ordularının reytinqlərini müəyyən edən beynəlxalq araşdırma mərkəzləri isə öz sənədlərində dərc edirlər.
2018-ci il ərzində Almaniya, Böyük Britaniya, Türkiyə, Gürcüstan, Serbiya, Bolqarıstan, İrlandiya, Yunanıstan, Norveç və digər ölkələrdə keçiriləcək müxtəlif təlimlərdə hərbi qulluqçularımız qüvvə qismində və qərargah zabitləri səviyyəsində təmsil olunacaqlar.Yubiley ərəfəsində bir daha qeyd etmək istərdim ki, ordumuzun silahlanmasına yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, geniş ərazidə dəqiq məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası qəbul edilib. Bu da ordumuzun qüdrətinin artmasına əvəzsiz töhfələr verib. Ali Baş Komandanın tapşırığına əsasən bu proses mərhələlərlə, davamlı surətdə həyata keçirilir.
Son illər ərzində hərbi potensialımız xeyli dərəcə artaraq Ermənistan ilə Azərbaycan arasında hərbi balansı bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib.Məhz 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə Orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub.
Qeyd etdiyim hər iki tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut etdi. Regionun xüsusiyyətləri, cəbhəboyu zonadakı şərait və vəziyyət nəzərə alınmaqla, o cümlədən düşmən üzərində daim hərbi üstünlüyü saxlamaq məqsədilə silahlanmaya inkişaf etmiş müxtəlif ölkələrdə istehsal olunan yeni, müasir və keyfiyyətli döyüş texnikası, eləcə də digər hərbi təyinatlı məhsullar daxil edilir.
Biz müxtəlif ölkələrdən müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz uçuş aparatları alırıq. Eyni zamanda, ordumuz Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal edilən hərbi təyinatlı məhsullarla da təchiz olunur.Rusiya, Belarus, Ukrayna kimi tərəfdaşlarımızla yanaşı qardaş
Türkiyə, o cümlədən İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və digər inkişaf etmiş dövlətlərlə qarşılıqlı əməkdaşlıqda hərbi imkanlarımızı genişləndiririk.Ordumuzun arsenalında olan əksər döyüş texnikası, silah və sursatın Rusiya istehsalı olduğunu nəzərə alaraq, iki ölkənin müdafiə qurumları nümayəndələrinin birgə işçi qrupları daim qarşılıqlı fəaliyyət göstərir.Ordunun silahlanmasına yeni daxil edilən silah və texnikanın öyrənilməsi və düzgün istismarını təmin etmək məqsədilə kadrların hazırlığına xüsusi diqqət yetirilir, təşkil edilən kurslarda hərbi qulluqçularımız müvafiq təhsil alır və öz bacarıqlarını təkmilləşdirirlər.Ordunun zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsi Müdafiə Nazirliyinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri və kadr orqanları tərəfindən həyata keçirilir.Məzunlara olan yüksək tələblər nəzərə alınaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul imtahanlarında keçid balları xeyli artırılıb. Eyni zamanda prioritet yüksək biliyə, intellektual səviyyəyə, o cümlədən xarici dilləri bilən və kompüter bacarıqlarına malik abituriyentlərə verilir. Təhsil alan kursantların çöl-səhra vərdişlərinə və taktiki biliklərinə üstünlük verildiyi üçün, onlar elə birinci kursdan cəbhə xəttində yerləşən hərbi hissələrə staj keçməyə göndərilirlər. Məqsəd peşə praktikasının artırılması və gələcək xidməti vəzifələrinin icrası ilə əyani tanışlıqdır.Hərbi təhsilin səviyyəsinin təkmilləşdirilməsi və ali təhsil müəssisələrində hazırlanan kadrlardan ölkənin müdafiəsində daha səmərəli istifadə olunması məqsədilə müxtəlif universitetlərlə qarşılıqlı əlaqə yaradılaraq əməkdaşlıq həyata keçirilir. Mütəmadi olaraq xüsusi təyinatlı təhsil müəssisələrində tədris prosesinin planlaşdırılmasının, həmçinin tədrisin vəziyyətinin və dərslərin keçirilməsinin yoxlanılması təşkil olunur.
Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə aparılan layihələr əsasında bəzi müdafiə təyinatlı məhsullar sınaqdan keçirilib və hazırda təkmilləşdirmə işləri davam etdirilir.Şəxsi heyətin döyüş, mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi də Müdafiə Nazirliyi rəhbərliyinin əsas prioritetlərindəndir.Müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri ordunun şəxsi heyətinin və ümumiyyətlə vətəndaşların sağlam mənəvi-psixoloji duruma, ruh yüksəkliyinə, özünə inama və vətənpərvərlik hisslərinə hakim olmalarıdır. Bu gün Azərbaycan cəmiyyətində, Ordumuzda məhz belə bir əhval-ruhiyyə mövcuddur. Bütün bunların nəticəsidir ki, xalqımız Ordumuza istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.
2016-cı ilin aprel ayında cəbhədə baş verən gərginlik zamanı yüzlərlə, minlərlə gənc, eyni zamanda xarici ölkələrdə yaşayan azərbaycanlı vətəndaşlarımız Müdafiə Nazirliyinə müraciət edərək erməni işğalçılarına qarşı döyüşə hazır olduqlarını bildirdilər.Bu döyüş ruhunu yüksək səviyyədə saxlamaq məqsədilə Ordumuzda ümummilli liderimiz Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyəti, dövlət və ordu quruculuğu, iqtisadi islahatlar, milli şüurun dirçəlişi, milli ideologiyanın inkişafı, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi və digər sahələrdəki siyasi irsi dərindən öyrənilir və hərbi qulluqçular arasında təbliğ edilir.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlətimizin müstəqilliyinin və suverenliyinin qorunub saxlanması, qüdrətlənməsi uğrunda apardığı daxili və xarici siyasət, ordunun qüdrətli bir qüvvəyə çevrilməsi üçün fəaliyyəti, öz xalqına, torpağına məhəbbəti, ərazilərimizin erməni işğalından azad olunması naminə apardığı mübarizə daim təbliğ edilir, Azərbaycan Ordusunun qarşısında qoyduğu tapşırıqlar Ordu rəhbərliyi və şəxsi heyətə çatdırılır.Müdafiə Nazirliyinin digər dövlət orqanları ilə birgə tədbirlər planına əsasən hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması və aradan qaldırılması, insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafının istiqamətləri, qeyri-ənənəvi dini cərəyanların təbliğatının qarşısının alınması, dini radikalizmə qarşı mübarizə və digər mövzularda yüzlərlə tədbirlər həyata keçirilir.
Prioritet istiqamətlərdən biri də hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasıdır. Dövlətimizin diqqəti və qayğısı nəticəsində son illərdə Bakı, Gəncə və Naxçıvanda 1400-dək hərbi qulluqçu daimi mənzillə, ölkənin müxtəlif bölgələrində isə 2000-dək hərbi qulluqçu xidməti mənzillə təmin olunub. Silahlı Qüvvələrimizin şəxsi heyətinin 85 faizi yeni inşa edilən müasir hərbi şəhərciklərdə yerləşdirilib.Qısa müddətdə, xüsusilə cəbhəboyu zonada, 40-dək yeni hərbi şəhərcik inşa edilərək istifadəyə verilib, hazırda 5 hərbi hissədə tamamlama işləri davam etdirilir. İlin sonunadək daha 4 yeni hərbi şəhərciyin inşa edilərək sona çatdırılması planlaşdırılır.Bundan əlavə, Ali Baş Komandanın tapşırığına əsasən yaxın vaxtlarda daha 500-dək hərbi qulluqçunun daimi mənzillə təmin olunması nəzərdə tutulub.
Stasionar və çöl şəraitdə yerləşən hərbi hissələrin, xüsusilə də ön xətdəki bölmələrin hərbi qulluqçularının sosial-məişət, əşya-əmlak və ərzaq təminatının yaxşılaşdırılması məqsədilə planlı surətdə müvafiq tədbirlər həyata keçirilir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş normalara və təminat planına əsasən hərbi hissələr mövsümə uyğun əşya əmlakları ilə tam təmin olunub.Relyefinə görə çətin keçilən ərazilər və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyəti konservləşdirilmiş milli yeməklərlə təmin edilib. İçməli su mənbəyi olmayan yerlərdə yerləşən bölmələr və mövqelər isə, orada xidmət edən və döyüş növbətçiliyi aparan hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə gün ərzində bir nəfər üçün yeməklərin hazırlanmasına 2,5 litr, içmək üçün yay mövsümündə 2 litr, qış mövsümündə isə 1 litr qablaşdırılmış su ilə təmin edilib.
Eyni zamanda döyüş mövqelərindəki postlara su xətlərinin çəkilməsi həyata keçirilib.Hərbi qulluqçuların və onların ailə üzvlərinin sağlamlıq vəziyyətinin qorunması, xüsusilə ön xətdə yerləşən hərbi hissələrdə tibbi təminatın müasir tələblərə uyğun təşkili və yaxşılaşdırılması sahəsində kompleks tədbirlər icra edilib.Qarnizonların ərazilərində poliklinikalar inşa edilib, hərbi hissələrdə, o cümlədən cəbhəboyu zonada müasir tələblərə cavab verən yeni avadanlıqlarla təchiz olunmuş onlarla tibb məntəqəsi tikilərək istifadəyə verilib. Cəbhəboyu zonada müxtəlif istiqamətlərdə müasir tibbi avadanlıqla tam təchiz edilmiş və müharibə şəraitində ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulmuş stasionar və mobil səhra hospitalları və səhra tibb qrupları yaradılıb.
Ön xətdə yerləşən bütün hərbi hissələr zirehli ambulanslar ilə təmin olunub. Bir sözlə, Ordumuzun hərbi potensialını gücləndirmək üçün nə lazımdırsa Azərbaycan dövləti onu edir. Biz müharibə şəraitində yaşayırıq və müharibə şəraitində yaşayan ölkə, ilk növbədə, ordu quruculuğuna diqqət göstərməlidir. Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yerdədir. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və silahların modernləşdirilməsi üçün 2014-cü ildən başlayaraq hər il bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir və bundan sonra da dövlətimizin dəstəyi ilə bu addımlar davam etdiriləcəkdir. Məhz bu səbəbdən bu gün tam əminliklə deyə bilərik ki, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir əmrini dərhal və yüksək peşəkarlıqla yerinə yetirməyə hazırdır və qadirdir.Bu əlamətdar bayramda mən bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda düşmənlə təmas xəttində, döyüş növbətçiliyində, qarovul xidmətində, sülhməramlı qüvvələrin tərkibində, ölkəmizin xarici dövlətlərdəki nümayəndəliklərində xidmət edən şəxsi heyəti təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətlərində uğurlar arzulayıram. Azərbaycan Ordusunun əldə etdiyi uğurların arxasında, heç şübhəsiz, ölkə Prezidenti, Ali Baş Komandanın gərgin əməyi və davamlı qayğısı dayanır. Bu münasibəti daim öz üzərində hiss edən Azərbaycan Ordusunun şəxsi heyəti və öz adımdan cənab Ali Baş Komandanı yubiley münasibətilə təbrik edirəm. Əmin edirəm ki, Azərbaycan Ordusunun bütün şəxsi heyəti göstərilən etimadı daim doğrultmağa, torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzün təmin edilməsinə tam hazırdır. Qələbə əzmi ilə xidmət edən Ordumuz xalqımızı gələcəkdə də əldə edilən uğurlar və nailiyyətləri ilə daim sevindirəcək”,- Z.Həsənov vurğulayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar