Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard dolları ötdü
Tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi fonunda valyuta bazarında təklif tələbi üstələyib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bu şəraitdə cari ilin avqust ayında AMB tərəfindən 1,5 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilib. Nəticədə, cari ilin ötən dövründə AMB-nin valyuta ehtiyatları 3,8 milyard ABŞ dolları məbləğində və ya 33 % artaraq 15,3 milyard ABŞ dollarına yüksəlib.
AMB valyuta ehtiyatlarının rekord səviyyəyə çatmasını tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi fonunda valyuta bazarında təklifin tələbi üstələməsi ilə əsaslandırıb.
Qeyd edilib ki, valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin bundan sonra bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir.
Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi təqdirdə bu barədə məlumat açıqlanacaq.
Qanunvehedef.az




















