"Qırmızı Körpü"nün eks-baş inspektoru məhkəmə zalında HƏBS EDİLDİ
Baxılıb: 559 Tarix: 17-06-2021 11:59
Dövlət Gömrük Komitəsinin "Qırmızı Körpü" postunun baş inspektoru işləmiş Pərviz Hüseynov rüşvət almaqda ittiham edilərək həbs edilib.
Qanunvehedef.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun ittiham olunduğu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
İttihama görə, Türkiyədən Azərbaycana sərnişin daşıyan "Lüks İstanbul" firmasına məxsus "Mersedes Benz Travego" markalı, 34 VY 3100 nömrə nişanlı sərnişin avtobusunun "Qırmızı Körpü" gömrük postunda yoxlama zamanı yük yerində "metal borular" aşkar olunub.
Avtobusun sürücüsü Sağlam Yücel Receb oğlu bildirib ki, o həmin "metal borular" adlı yükün gömrük postundan keçirilməsində köməklik göstərilməsi üçün "Qırmızı Körpü" gömrük postunun inspektoru Pərviz Hüseynova 400 ABŞ dolları məbləğində pul verib və yoxlama nəticəsində fakt öz təsdiqini tapıb. Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən, Hüseynov Pərviz Bəhruz oğlu dərhal tutduğu vəzifədən azad edilib.
Pərviz Hüseynov məhkəmədə ifadə verərək rüşvət almadığını deyib. O bildirib ki, xəstə olduğu üçün özünü itirib: "2012-ci ildən epilepsiya xəstəliyindən müalicə olunuram. Həmin gün də bir neçə saat əvvəl tutmalarım olmuşdu, dərman qəbul etmişdim.
Dərmanın təsirindən fikrim dağınıq idi. Gömrük Komitəsinin digər əməkdaşları Elçin və Pərviz Türkiyə vətəndaşının mənə verdiyi pulları istəyəndə fikrim dağınıq olduğundan özümə məxsus olan 400 ABŞ dollarını cibindən çıxardıb onlara verdim və həmin pulun Türkiyə vətəndaşının verdiyini dedim".
Hakim Faiq Mahmudovun hökmü ilə Pərviz Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Ən çox oxunanlar
Son xəbərlər