"Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir" - "Hər kəs bunu bilməlidir”
Baxılıb: 678 Tarix: 09-03-2021 15:31
Milli Məclisin sədri Sahibə Qafarova Milli Məclisin 9 mart 2021-ci il tarixli iclasında çıxış edib.
Spiker əvvəlcə martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayından danışıb: “Mən YAP-ın qurultayı münasibətilə partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm. Qurultayda Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş nitqlə çıxış etmişdir. Proqram xarakteri daşıyan bu nitqdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyanın yaranma tarixinə, ölkəmizin ictimai-siyasi inkişafında oynadığı son dərəcə mühüm rola nəzər salınmış, Azərbaycanın siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi, dünyanın hesablaşdığı nüfuzlu bir dövlətə çevrilməsi üçün görülmüş işlərdən, qarşıda dayanan vəzifələrdən bəhs edilmişdir”.
S.Qafarova daha sonra deyib: “Bu gün biz qürurla söyləyirik ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ölkəmizin başlıca problemini həll etmiş, 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad etmiş, dövlətimizin ərazi bütövlüyünü bərpa etmişdir. Bununla da ölkəmizdə və bölgədə tamamilə yeni geosiyasi vəziyyət yaranmışdır. Möhtərəm Prezidentimizin dediyi kimi, biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun. Hörmətli həmkarlar, qurultayda bir sıra mühüm qərarlar qəbul edilmiş, struktur və kadr dəyişiklikləri həyata keçirilmişdir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın yeni nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilmişdir. Mən bütün həmfikirlərim adından Mehriban xanım Əliyevanı təbrik edir, bu şərəfli və məsul vəzifədə ona uğurlar arzulayıram. Eyni zamanda, partiyanın rəhbər orqanlarına seçilmiş həmkarlarımızı təbrik edirəm. İnanıram ki, onlar bu yüksək etimadı öz fəaliyyətləri ilə doğruldacaqlar. Hörmətli həmkarlar! Yeni Azərbaycan Partiyası xalqın istək və arzularını təcəssüm etdirən siyasi qüvvə kimi tarixi zərurətdən yaranmış, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və suverenlik, azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində inkişaf etmiş və ölkəmizin siyasi həyatında indiki mövqeyinə yüksəlmişdir. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasının üzvləri möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin həyata keçirdiyi möhtəşəm işləri və yeni quruculuq siyasətini dəstəkləmək üçün onun ətrafında daha sıx birləşərək Azərbaycanın xoşbəxt gələcəyi naminə bundan sonra da var qüvvələrini sərf edəcəklər”.
Milli Məclisin sədri daha sonra hərbçilərin maaşı ilə bağlı məsələlərdən danışıb: “Hörmətli həmkarlar, ölkəmizdə ordu quruculuğu, silahlı qüvvələrin kompleks inkişafı və modernləşdirilməsi məsələləri ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Şanlı ordumuzun vəziyyəti və nailiyyətləri Milli Məclisin iclaslarında da dəfələrlə vurğulanıb və yüksək qiymətləndirilib. Bu gün dünyanın güclü orduları sırasında layiqli yer tutan Azərbaycan Ordusu Vətən Müharibəsinin gedişində ölkəmizin və dünyanın hərb tarixinə yeni şanlı səhifələr yazmışdır. Bunu da unutmaq olmaz ki, erməni faşizmi üzərində qələbə silahlı qüvvələrimizin texnoloji təminatı hesabına deyil, əsgər və zabitlərimizin mərdlik və şücaəti, fədakarlığı sayəsində əldə edilmişdir. Möhtərəm Prezidentimizin dediyi kimi, “bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”. Bununla əlaqədar xüsusi qeyd etmək istəyirəm ki, hərbi qulluqçuların təminatının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə həyata keçirilən hərbi siyasətin ən mühüm istiqamətlərindən birini təşkil edir. Bildiyiniz kimi, bu günlərdə post-müharibə dövrünün bir sıra təhdidləri, xidmətin xüsusiyyətləri, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyi nəzərə alınaraq hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilmişdir. Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilmişdir. İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunmuşdur. Biz hamımız yaxşı bilirik ki, maaş əlavələri ilə bağlı bu qərar zaman tələb edən bir prosesin nəticəsində qəbul olunub. Bütün bunlar onu göstərir ki, hərbi qulluqçular dövlətin daimi qayğısı ilə əhatə olunurlar və onların problemlərinin həlli hər zaman olduğu kimi bundan sonra da dövlətimizin rəhbərliyinin diqqət mərkəzində olacaqdır”.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər