Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Mirzə Ələkbər Sabirin anadan olmasından 161 il ötür

Baxılıb: 518     Tarix: 30-05-2023 15:16   

Mayın 30-da böyük Azərbaycan şairi, bədii və ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 161-ci ildönümü tamam olur.
Qanunvehedef.az xatırladır ki, Azərbaycan ədəbiyyatında çoxəsrlik ənənəsi olan satirik şeirin ən görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirdir.
Milli ədəbiyyatda tənqidi realizmin əsas yaradıcılarından biri kimi geniş şöhrət qazanmış Mirzə Ələkbər Sabir bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin ən fədakar carçılarındandır. O, mollanəsrəddinçi satirik şeir məktəbinin yaradıcısı, türk-müsəlman dünyasında satirik şeirin qüdrətli təmsilçisi kimi tanınır.
Mirzə Ələkbər Sabir (Ələkbər Zeynalabdin oğlu Tahirzadə) 1862-ci il mayın 30-da Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən olan Şamaxıda anadan olub. Ələkbər kiçik yaşlarında ikən mollaxana məktəbində ərəb, fars dillərini öyrənib, Şərq ədəbiyyatı nümunələri ilə tanış olmaq imkanı qazanıb. Lakin o dövrün mollaxana məktəblərinin sərt rejimi, tədris üsulları gənc Ələkbəri razı salmamışdı. Təxminən 10-11 yaşlarında Ələkbər Tahirzadənin yazdığı "Tutdum orucu irəmazanda" şeiri onun kiçik yaşlarından cəmiyyətdəki prosesləri dərk etməyə çalışdığını, yeniləşməyə can atdığını göstərir.
Ələkbər Tahirzadə 1874-1883-cü illərdə görkəmli şair Seyid Əzim Şirvaninin (1835-1888) dərs dediyi Şamaxı quberniya məclisi məktəbində dünyəvi elmləri həvəslə öyrənib, klassik ədəbiyyatı mütaliə etməyə ciddi maraq göstərib.
Şərq ölkələrinə 1884-1886-cı illərdə etdiyi səyahətlər M.Ə.Sabirin bilik və məlumatlarını, dünyagörüşünü inkişaf etdirmişdir. İranın Səbzivar, Nişapur, Xorasan, Həmədan vilayətlərində, qədim Buxara və Səmərqənddə, məşhur dini ziyarətgahlardan Kərbəlada səfər zamanı müşahidə etdiyi təzadlı hadisələr, rastlaşdığı zavallı insanlar, görüşdüyü mütərəqqi ziyalılar, oxuyub öyrəndiyi əsərlər onun üçün böyük həyat və sənət məktəbi rolunu oynayıb.
M.Ə.Sabir 1887-ci ildə Şamaxıda yaxın qohumlarından olan Billurnisə adlı bir qızla ailə həyatı qurub. Bu nikahdan onun səkkiz qızı və bir oğlu dünyaya gəlib. Çoxuşaqlı bir ailənin başçısı kimi o, çətin, məşəqqətli ömür yaşayıb, hətta sabun bişirib satmağa məcbur olub. Şamaxıda 1902-ci ildə baş vermiş dəhşətli zəlzələnin M.Ə.Sabirin də ailəsini evsiz-eşiksiz qoyması onun ağır keçən həyatını daha da çətinləşdirib. Lakin heç bir məhrumiyyət Sabirin qürurunu sındıra bilməyib. Məslək və sənət dostu Abdulla Şaiqlə (1881-1959) Şamaxıda ilk görüşü zamanı dediyi, "Bir çox adamın batini kirini təmizləmək əlimizdən gəlmir. Zahiri kirini təmizləmək üçün sabun bişirmək peşəsini qəbul etmişəm", - sözləri onun həyat və sənət qayəsini dolğun ifadə edir.
Tehranda ali həkimlik təhsilini 1901-ci ildə başa vurub Şamaxıya qayıdan Abbas Səhhətlə (1874-1918) səmimi dostluq münasibətləri onun şeirə-sənətə marağını qüvvətləndirib.
Bakı quberniya ruhani idarəsində müəllimlik sənətinə yiyələnmək üçün 11 aprel 1908-ci il tarixdə imtahan vermiş M.Ə.Sabir Qafqaz Şeyxülislamı tərəfindən imzalanmış ana dili və şəriət müəllimi diplomu alıb. Bundan az sonra onun Şamaxıda açdığı "Ümid" adlı ibtidai məktəbdə təxminən 60-a qədər şagird ana dili və şəriət dərsləri ilə yanaşı hesab, coğrafiya, təbiət, nəğmə kimi dünyəvi fənləri də öyrənmək imkanı qazanıb. Məktəbdə həmçinin yeni tədris üsullarından istifadə olunur, maraqlı ekskursiyalar təşkil edilirdi. Bununla belə, qaragüruhçu qüvvələr bu yeni məktəbi və yenilikçi müəllimi boykot etməyə çalışmış, məktəbin normal fəaliyyətinə maneçilik törətmişlər.
XX əsrin əvvəllərindən Sabirin şeirləri mətbuat səhifələrində görünməyə başlayır. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalını öz arzularına müvafiq uyğun bir dərgi kimi qarşılayıb onun ən fəal müəlliflərindən biri olur. Həmin vaxtdan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar zalım bəyləri, yaltaq ruhaniləri, satqın ziyalıları satira atəşinə tutur. Onlara hədə-qorxu gəlirlər. Bu səbəbdən şair imzasını tez-tez dəyişməli olur. "Molla Nəsrəddin" jurnalında şair 36 gizli imza ilə çıxış etmişdi.
Sabirin seçilmiş əsərlərinin "Hophopnamə" adlandırılması "Hophop" imzası ilə əlaqədardır. Onun "Fəhlə", "Əkinçi", "Oxutmuram, əl çəkin" şeirləri vaxtilə çox məşhur idi.
Sabir çox sevdiyi uşaqları da yaddan çıxarmamış, onlar üçün "Gəl, gəl a yaz günləri", "Uşaq və buz", "Yalançı çoban" və digər şeirlər yazmışdı.
1910-cu ilin əvvəllərində Bakıya gələn Sabir, "Zənbur" jurnalında, "Günəş" və "Həqiqət" qəzetlərində işləyir. Elə həmin ilin axırında xəstəliyi səbəbindən geriyə, Şamaxıya qayıdır.
Böyük şair 1911-ci il iyulun 12-də vəfat edir. Məzarı Şamaxıda "Yeddi günbəz" qəbiristanındadır.
Sabirin vəfatından bir il sonra, 1912-ci ildə onun şeirləri "Hophopnamə" adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsi ilə "Hophopnamə"nin ikinci, daha mükəmməl nəşri buraxıldı.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar