Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Köhnə bayramları yenidən yaşamaq mümkündür?

Baxılıb: 458     Tarix: 21-12-2022 11:09   

Penaltiyə hazırlaşan futbolçunun nə qədər geri çəkiləcəyi bizə maraqlı deyil. Bizə qol maraqlıdır.
Yazılarımda sözümün canını demək üçün haralardan gəldiyimi sonda hamıdan gizləyirəm, yazını bitirən kimi geri çəkildiyim yeri silib atıram.
Bircə bu dəfə etmədim. Çünki söhbət elə çəkilməli olduğumuz gerilərdən gedir, itirdiyimiz bayramlardan.
Niyə uşaqlar xoşbəxtdir?
Niyə dəlilər xoşbəxtdir?
Uşaqlar bizim öyrəndiklərimizi öyrənməyib, dəlilərsə unudub.
Biz isə xoşbəxt olmaq ümidi ilə elm adı altında yozum, iddia, yanlış, həqiqət və başqa-başqa nəsnələrdən ibarət xaosu öyrənə-öyrənə hər gün bir az da dərinə batırıq. Bəs qarşı sahil yoxdur?
Bəzi filosofların, övliyaların cavab kimi dediyi, bizim isə anlamadan əzbərləyib gözdən saldığımız “indi, keçmiş, gələcəy”ə münasibət dərsini son dəfə nə zaman bahar yeli kimi içimizə çəkmişik?
Bəlkə “qarşıda sahil yoxdurmu?” sualını bağırmağa ömür sərf etməkdənsə, üzməyi öyrənmək lazımdır?
Ürəyimizin hər vuruşu təxminən bir saniyədə baş tutursa, biz niyə gələcəklə bağlı nəhəng planlar qururuq, xəyalımızda xoşbəxt gələcək hörə bilmədiyimiz üçün özümüzü bədbəxt hiss edirik? Axı nəhəng planlarımızın quzeyində nəmiş ömür yaşamaq kimi bir lənəti bizə qarğımayıblar!
“Gələcək gəlməyə bilərsə, niyə indini ona qurban veririk? Niyə gözəl keçmişə çevirə biləcəyimiz bir materialı - indini gələcək barədə bədgüman düşüncələrə sərf edirik?
Uçan xalça qədər möcüzəli olan indinin üstünə çıxıb gələcəyə bədgüman-bədgüman baxmaqdansa, hətta sədaqətli keçmişi düşünmək belə gözəldir.
İnsan gec-tez inanmalıdır ki, “nə baş verirsə, hər şey yaxşılığa doğru”dur..
Siz bilirsinizmi, insan ilk dəfə atı dördnala çapanda ölüm qorxusu yaşayır? Sonra bu qorxu at tərinin qoxusu altda dünyanın ən cəsur həzzinə çevrilir.
Siz bilirsinizmi, atlar heç istəməsə, onu dünyada kimsə çapa bilməz?
Dördnala at çapmaq, bostan sulamaq, uşaq güldürmək, balinanın gözünə baxmaq, yetmədiklərini yuxuda görmək, qar yemək, fit çalmaq, nilufərli göldə çimmək şansı varkən biz gələcəyi bədgüman düşünən yeganə məməliyə niyə çevrilirik?
Heyif deyilmi bu ömür?
Bir hindu pritçası var, xülasəsi belədir:
“İlk vaxtlar çox aciz yaranan insan bir gün heyvanların yanına gəlir. Deyir, mən hamınızdan acizəm. Mənə kömək edin. Heyvanların insana yazığı gəlir (!). Deyirlər, nə edə bilərik?
İnsan deyir, ey aslan, mənə bir az cəsarət ver. Aslan cəsarətindən verir insana. Sonra ceyrana deyir, mənə sürətindən ver. Ceyran əsirgəmir. İlana deyir, mənə torpağın altının sirlərini bəxş et. İlan belə yox demir. Tısbağadan da səbir, dözüm alan insan heyvanlardan uzaqlaşıb gedəndə dələ atılıb düşür:
- Ay heyvanlar, axı ona ən yaxşı tərəflərimizdən verdik. O, indi hamımızdan güclü oldu.
Bu an bayquş başını arxaya çevirib deyir:
- Narahat olmayın, insanın xilqətində elə bir bəla var ki, qoymayacaq xoşbəxt olsun. Bu, onun iddialarıdır”.
Gələcəyimizi iddia torunda məhv edərkən, hər yaşantımızdakı dadı təkrar ala bilmədiyimizdən gileylənərkən, heç düşünürükmü, məsələn, keşmiş bayramların həzzini yaşamamağmızın səbəbi nədir?
Bəlkə əvvəlki “Yeni il”lər ona görə gəlmir ki, biz kağızdan halqalar düzəldib onları kartof suyuyla yapışdırmırıq?
Qar daha ona görə yağmır ki, üzümüzü səmaya tutub onu gözlərimiz yaşarana qədər gözləmirik?
Bir kilo portağal, atamızın kağız bağlamalara bükülü gətirdiyi sadə ərzaqlardan partlayan o gözəl masalarımızın ləzzəti, bəlkə də, onda idi ki, biz sadəcə olacaqları gözləyirdik, bayramlarımızı gözləntilərimizin altında əzmirdik, bayram hardansa peyda olub düz buramızda qanad çalırdı, sonra portağal ətriylə bərabər qeyb olurdu.
O portağal ətirli bayramlar yenə var. Özü də haralardasa deyil, buramızdadır. Gözəl şeylər bilmərrə yoxa çıxmır.
Mavigözlü torpaq göyərçini kimi... Bir əsr əvvəl nəsli kəsilmiş canlılardan elan olunmuşdu. 2017-ci ildə Braziliyanın Minas Gerays bölgəsində 12 ədəd mavi gözlü torpaq göyərçini yenidən gözə dəydi. Həmin xəbərin sonunda o da yazılmışdı ki, göyərçinləri görən bir hindu ailəsi saatlarla ağlayıb.
Bəli, gözəlliyin vəssalamı olmur. Gözəllik gözdən itsə də, yenidən haralardasa peyda olur.
Yetər ki, biz onu görəndə bir hindu ailəsi kimi ağlaya bilək.
Sərdar Amin, xüsusi olaraq “Qafqazinfo” üçün.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər