BMT Azərbaycana 2 milyon dollar ayırdı
Baxılıb: 862 Tarix: 02-02-2021 13:05
BMT Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrindəki təcili humanitar fəaliyyəti dəstəkləmək məqsədilə 2 milyon ABŞ dolları ayırıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, münaqişədən zərər çəkmiş bölgələrdə təşkilatın davam edən humanitar fəaliyyətini dəstəkləmək üçün Vahid Təcili Yardım Fondundan (CERF) 2 milyon ABŞ dolları ayırıb.
Noyabrın 9-da imzalanmış üçtərəfli sazişdən sonra BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentlikləri qida, sığınacaq, gigiyena, qışa hazırlıq, mina riskinə dair məlumatlandırma, səhiyyə, psixoloji və sosial dəstək, eləcə də təhsil sahələrində ilkin yardım göstərib.
Bu vəsait BMT-nin Ölkə üzrə İdarə Heyətinin Azərbaycan Hökumətinin dəstəyi ilə münaqişədən zərər çəkmiş ərazilərdə apardığı çevik agentliklərarası qiymətləndirmə missiyasının nəticələrinə əsasında ayrılıb. Vəsait münaqişənin təsirinə məruz qalan əhalinin sığınacaq və qeyri-ərzaq məhsulları ilə təmin olunmasını, minalardan təmizləmə fəaliyyətinin əlaqələndirilməsini, zəruri dərman və tibbi avadanlıqlarının çatdırılmasını, habelə mental sağlamlıq və psixoloji-sosial xidmətlərin göstərilməsini dəstəkləyəcək.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, ayrılan vəsait münaqişədən əziyyət çəkən insanların normal həyata dönməsi üçün BMT agentliklərinin hazırda həyata keçirdiyi fəaliyyətlərin miqyasını artıracaq:
"Biz, qadın və uşaqlar da daxil olmaqla əhalinin ən həssas qruplarının təcili ehtiyaclarını ödəmək üçün Azərbaycan Hökuməti, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə sıx əməkdaşlığmızı davam etdirəcəyik", deyə Q.İshaqzai deyib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər