Gərək, mütləq ölkə rəhbəri tapşırıq versin?
Baxılıb: 347 Tarix: 23-04-2021 11:58

Qanunvehedef.az xəbər verir ki, bu sözləri parlamentin bugünkü iclasında komitə sədri Zahid Oruc bildirib.
O deyib ki, başqa bir nümunə də var:
“Azəriqaz”ın sədri Ruslan Əliyev son 4 ayda hər həftə sosial şəbəkələr üzərindən canlı yayımlar edərək minlərlə insanın qarşısında ən sərt suallara cavab verir, video qəbullar keçirir, göstərişlərini açıq kanallarla edir. Deməli, Mirqasiya Xidməti rəhbərinin 3 il əvvəl cəsarətlə çıxdığı çevik ünsiyyət platformasına hökumətimiz tam tərkibdə qoşulsa, dövlətin informasiya siyasəti köklü dəyişər. Lakin bütün hakimiyyət institutlarının davranışları belədirmi? Təəssüf ki, yox! Baxın, 2016-cı ilin Dördgünlük aprel müharibəsində qələbəmizdən sonra orduya qarşı qurulan qəsd planı, yaxud onun üçün saxta əsaslar yaradan düşmən hiyləsi nəticəsində övladlarını itirən və onlara qarşı işgəncə faktı məhkəmə qərarı ilə təsdiq olunan, lakin dövlətdən üz döndərməyən, buna görə hər cür ehtirama layiq olan analara hərbi strukturlar, eləcə də hərbi prokurorluq və məhkəmə orqanları həm özləri, həm də də cəmiyyətdə nüfuzlu insanlar vasitəsilə məlum linç kampaniyasını durdurmaq üçün tədbirlər görə bilməzdilərmi? Gərək, mütləq ölkə rəhbəri tapşırıq versin? Müavinətləri kəsilən onminlərlə insanın, kredit ala bilməyən sahibkarın və yaxud, haqsız hökm-qərarla üzləşən vətəndaşın qarşısına çıxmamaq da ciddi fəsadlar törədir”.
Millət vəkili bildirib ki, müasir kommunikasiya vasitələri tamam yeni idarəçilik tələbləri ortaya qoyur:
“Bizə kənardan mövzu, gündəlik, siyasət və rəy diktə edənlərin qarşısına yalnız xalqla daimi kommunikasiya ilə çıxmaq olar. Bəs onda hardadır ənənəvi partiya konfransları, hardadır aktivlərlə açıq - olsun virtual - görüşlər, canlı yayımlı müşavirə və iclaslar? Gözəl binalara və optik internet resurslarına, yüksək markalı kompüterlərə malik olmaqla iş bitmir. Qələbəmizi sürətlə xərcləmək, əsrlərə yetəcək Zəfərimizi gündəlik hüquq, sosial problemlər, idarəetmə qayğıları içərisində əritmək olmaz. Tənqid və ittihamçılar təkcə hökuməti, bir strukturu deyil, sonda dövləti hədəf seçirlər. İnformasiya vakuumunun yerini şayiə və böhtanlar tutur. Dövlət nə qədər işlər görsə də, təbliğat və təqdimatlar cəmi bir günə yetir. Axı ictimai rəy təkcə rəsmi vasitələrlə formalaşmır. Hər gün insanların qəlbi və ruhu uğrunda əsil “səlib yürüşü” gedir. Ona görə də hamımız qəbul etməliyik - hakimiyyət xalqla kommunikasiya, ünsiyyət, dialoq deməkdir!”
Ən çox oxunanlar
Son xəbərlər