Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Baxılıb: 628 Tarix: 06-05-2020 13:43
Mayın 4-dən başlayaraq ölkədə karantin rejimi yumşaldılsa, bir çox sahələr fəaliyyətini bərpa etsə də, toylarla bağlı qadağa qalmaqdadır. Toyların qadağa olunması yenidən Azərbaycandakı toy modelinin dəyişdirilməsi ilə bağlı müzakirələri gündəmə gətirib. İnsanlar bundan sonra toylarda isragfçılığın qarşısını almaq, stressdən xilas olmaq üçün yeni qaydaların tətbiq edilməsini istəyir. Artıq böyük məclislərin qadağan edilməsini, bəy-gəlinin yaxınlarından ibarət kiçik məclislərin olmasının qayda olaraq tətbiq edilməsini istəyir.
Toylar yenidən start götürən zaman əvvəlki ilə hansısa fərqlər olmalıdırmı? Toy sənayesini tənzimləmək mümkündürmü? Nələr olsun, nələr olmasın?
Musavat.com mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini öyrənib. O, bildirib ki, toylarla bağlı dəyişikliklər etmək lazımdır:
"Karantin dövründə dövlət öz büdcəsindən pul xərcləmədən insanlara 400-500 manat fayda verdi. Karantindən sonra elə asan dövr olmayacaq.
İnsanların büdcəsi maddi cəhətdən zəifləyib. Biz 20 ildən artıqdır deyirik ki, toylardan israfçılıq yığılmalıdır. Amma nəticəsi yoxdur. Naxçıvanda toylar və yaslar dəbdəbədən uzaq keçirilir, sadələşdirilib. Bunu Bakıda və başqa regionlarda da etmək lazımdır. Amma əminəm ki, toylarla bağlı qadağa götürüləndə, toy mafiyası işə başlayacaq.
Televiziyada, müğənnilər, musiqiçilər böyük toyları təbliğ edəcək. Restoranda süfrədə 60-a qədər yemək olur. Kimin evinə qonaq gedəndə 3-dən artıq yemək qoyur stolun üstünə? İnsan tək toya gedəndə 100 manat salır. Ailə ilə getdinsə, 200 manatdan çox pul yazdırmalısan. Adət-ənənələrimizi və xarici ölkələrdəki toy modellərini götürüb, yeni model yaratmaq lazımdır. İnsanları toya çağıranda ilk pulu düşünür. Karantindən sonra həmən toylarıın qadağasını götürmək olmaz. Çünki hamı toy edəcək, 1 ayda bir evə 7-8 dəvətnamə gələcək. İnsan normal masala bu qədər toyun öhdəsinsən gələ bilməz. Məcburdur əyri yollara əl atsın. Ona görə karantin bitsə də, bir neçə ay toylarla bağlı qadağa qüvvədə qalmalıdır".
Bəs, müğənnilər toylarla bağlı səsləndirilən fikirlərə nə deyir? Onlar da toy sənayesində dəyişikliklər edilməsinin tərəfdarıdırmı?
Müğənni Nura Suri bildirib ki, toylarla bağlı hansısa qadağa qoymaq və dəyişiklik etmək düzgün deyil:
"Düşünürəm ki, heç kim heç kimə nəyisə qadağa edə bilməz. biz azad insanlarım, demokratik, azad ölkədə yaşayırıq. Heç kim mənə toyumu necə edəcəyimi, geyimimi, yaşam tərzimi qadağa edə bilməz. Bu doğru deyil. Deyilənlər keçmiş vaxtda qalıb. Belə bir şey etmək nə doğrdur, nə mümkündür".
Müğənni Murad Arif isə düşünür ki, toy modeli dəyişikliyə doğru gedir: "Bütün dövr və zamanlarda elit təbəqə hər bir sahədə, hər bir istiqamətdə dəbi diktə edib. Mən karantindən əvvəl, illər öncə elit təbəqənin toylarında müşahidə etdiyim bir prosesi sizə danışım. Hesab edirəm ki, dəyişiklik elit təbəqə, məmurlar, oliqarxlar, xarici ölkədə təhsil alan insanların toylarından başlayıbsa, kütləvi hala çevriləcək. Məclislər artıq 1000-1500 nəfərlik olmur. "20 il əvvəl filan kəsin oğlunun toyuna getmişəm, çağırım borcunu ödəsin", "Filan kəs iş yoldaşım olub, çağırım o da gəlsin" kimi söhbət edilmir. Bunu elit təbəqənin toylarını aparan insan kimi deyirəm. Karantin də bu prosesə benzin tökəcək. İsrafçılıq olmasın, səmimiyyət olsun, ev sahibləri sakit əsəblə, rahat-rahat, xoş gündən zövq alsın deyə Azərbaycan məclisləri 500, 1000, 1500 nəfərlik olmayacaq. Bundan böyük restoranlara sahib sahibkarlar əziyyət çəkəcək. Çünki məclislər daha xudmani, səmimi olacaq.
Mən də sənətçi olaraq bu ənənəni iki əlli alqışlayıram. Çünki xaos azalır məclislərdə. Restorana girirsən, 150-200 nəfərlik məclisdir, insanları anlayırsan, zövqünü bilirsən. Onların hansı musiqi janrını sevdiyini bilirsən. 200 nəfərlik məclisi idarə etmək çox asandır. Belə məclislər daha səmimidir, insanlar ürəkdən gülür, ürəkdən oynayır. Mən çox sevinirəm ki, bu ənənə genişlənməyə başlayır. Bu gözəl bir şeydir. Məclisdə adam nə qədər az olsa, israfçılıq azalar, səmimiyyət çoxalar, şənlik də maraqlı olar.
Bu ənənənin yaxşı sənətçinin gəlirinə ziyanı olmayaq. Xudmani məclislərdə müğənni israfçılığı olmayacaq. Bir də görürsən toya 8-10 müğənni çağırırlar. Bu yaxşı zövqdən xəbər vermir, gözəl şey deyil. Məclisdə bir ansambl, bir aparıcı, bir müğənni olar. İki də qonaq müğənni gəlsə, gözəl ab-hava yaranar"
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər