“Bu sosial bəla ilə mübarizədə səylər birləşdirilməlidir”

“Azərbaycanda məhkəmə və hüquq-mühafizə sistemində islahatlar aparılıb, korrupsiya ilə mübarizə gücləndirilib”.
Qanunvehedef.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli iclasında deyib.
Baş prokuror bildirib ki, ölkədə ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq, ixtisaslaşmış antikorrupsiya qurumları yaradılıb. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya milli antikorrupsiya siyasətini müəyyən edən qurumdur: “Komissiya fəaliyyət planlarını və strategiyaları hazırlayır, həmçinin onların icrasına nəzarət edir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi prokurorluq orqanlarının strukturunda fəaliyyət göstərən ixtisaslaşmış hüquq-mühafizə qurumudur. İdarə korrupsiya cinayətləri üzrə ibtidai istintaq aparır və əməliyyat-axtarış tədbirlərini həyata keçirmək səlahiyyətinə malikdir. Bu sosial bəla ilə mübarizə aparmaq üçün səylər birləşdirilməlidir. Əminəm ki, bugünkü tədbir çərçivəsində aparılacaq müzakirələr korrupsiyaya qarşı qlobal mübarizədə üzərimizə götürdüyümüz öhdəlikləri nəzərdən keçirmək və yeniləmək imkanı yaradacaq.
Bundan əlavə, Azərbaycan yalnız cəza tədbirlərinə deyil, həm də korrupsiyanın qarşısının alınmasına xüsusi diqqət yetirir. Məhz bu baxımdan dövlət xidmətlərini şəffaf şəkildə, “bir pəncərə” prinsipi əsasında, vahid və əlaqələndirilmiş qaydada təqdim edən “ASAN xidmət” mərkəzləri dövlət idarəçiliyi sektorunda şəffaflığın təmin olunmasına əhəmiyyətli töhfə verib”.
Qanunvehedef.az




















