Xankəndi, Xocalı və Xocavəndlə bağlı MÜHÜM AÇIQLAMA
Baxılıb: 614 Tarix: 10-02-2021 15:11
Yanvarın 27-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi. Aydın Kərimov bu vəzifəyə kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri olub. Onun Şuşa şəhərinin yenidən qurulması işinə rəhbərlik edəcəyi bildirilir.
Şuşaya təyin edilən xüsusi nümayəndə Azərbaycanda ilk idi. Bəs bu təsisatın Qarabağın Xankəndi, Xocalı, Xocavənd kimi digər şəhərlərində də yaradılması mümkündürmü?
Bununla əlaqədar Modern.az-a danışan Xocalının deputatı Elman Məmmədov xatırladıb ki, xüsusi nümayəndələr Prezident İlham Əliyevin sərəncamı ilə təyin edilir:
"Prezidentin xüsusi nümayəndəsinin səlahiyyətləri və vəzifələri haqqında Əsasnamə də təsdiq edildi, mətbuatda yayıldı. Bu yüksək səviyyədə təsisatdır və nümayəndələr birbaşa Prezident Administrasiyasının əməkdaşıdırlar, Administrasiya rəhbərinə tabedirlər.
Diqqət etmək lazımdır ki, Prezidentin Şuşaya təyin etdiyi xüsusi nümayəndə Aydın Kərimov şəhərsalma sahəsi üzrə mütəxəssisdir. Görünür ki, ərazilərimizə təyin edilən xüsusi nümayəndələr bərpa, quruculuq işlərinə nəzarət edə biləcək adamlar olacaq.
Mən hesab edirəm ki, yaxın gələcəkdə Xankəndi, Xocalı, Xocavənddə - işğaldan azad edilmiş digər ərazilərimizdə xüsusi nümayəndələr olacaq".
Elman Məmmədov xüsusi nümayəndələrin gələcəkdə icra başçısı institutunu əvəz edəcəyi haqqında iddialara da aydınlıq gətirib. Deputat söyləyib ki, hələlik bu iki icra strukturunu qarışdırmaq olmaz:
"Bu gün həmin işğaldan azad edilmiş rayonlarımızın icra başçıları fəaliyyətini davam etdirirlər. Prezidentin xüsusi nümayəndəsi ilə icra başçısını qarışdırmaq olmaz. Hər birinin ayrı vəzifələri və səlahiyyətləri var. Önümüzdəki illərdə hansı idarəetməyə üstünük veriləcək, proseslər necə cərəyan edəcək, bunu gələcək göstərər".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər