Türkiyədə toylarla bağlı qərar Azərbaycanda da tətbiq olunacaq? - AÇIQLAMA
Baxılıb: 586 Tarix: 02-03-2021 11:56
Türkiyədə toy və digər şənliklərin keçiriləcəyi qaydalarla bağlı mühüm qərar verilib. Belə ki, aşağı, orta, yüksək və daha yüksək riskli yoluxmaların olduğu bölgələrdə toyların keçirilmə formatı və saatı müəyyənləşdirilib.
Qanunvehedef.az BAKU.WS-ə istinadən xəbər verir ki, aşağı və orta yoluxma olan bölgələrdə 100 nəfər, yüksək və daha çox yoluxma olan bölgələrdə isə 50 nəfərdən və bir saatdan çox olmamaq şərti ilə toy mərasimlərinin keçirilməsinə icazə veriləcək.
Bundan əlavə qeyri-hökumət təşkilatlarına 300 nəfərin iştirakı ilə tədbirlər keçirilməsinə də icazə verilib.
Türkiyədə toy məclisləri ilə bağlı qaydaların Azərbaycanda da tətbiq edilməsi böyük maraqla qarşılanıb. Qardaş ölkədəki təcrübənin Azərbaycanda tətbiq edilməsinin nə qədər mümkün olmasını dəqiqləşdirmək məqsədilə millət vəkili Fazil Mustafaya müraciət etdik.
Deputat BAKU.WS-ə açıqlamasında Operativ Qərargahın toylar, metronun fəaliyyəti və idman zalları ilə bağlı qadağaları qüvvədə saxlamasını tənqid etdi və yumşaldılmalara gedilməsinin zəruri olduğunu bildirdi:
"Əgər sadə və ağıllı idarəetmə olsa, vətəndaşdan gələn müraciətlər eşidilsə, problemlər həll olunacaq. Metronun açılmamasının səbəbi nədir ki? Sanki kimsə xəstəliyin azalmasında maraqlı deyil. Toylarla bağlı da problem var. Müəyyən sayda insanların iştirakı ilə toylara icazə verilsin. Axı, insanların bir ildən çoxdur ki, toyları təxirə salınıb. Toylara icazə verilmir, amma restoranda 100-200 adam eyni anda əyləşir. Xəstəlik yayılacaqsa, elə restoranda da yayılacaq.
Üstəlik idman zalları ilə bağlı qadağa da aradan qaldırılmır. İdman zallarında 5 nəfər məşq edir, bununla hansı xəstəlik yayılacaq ki? Əslində gün ərzində 3 avtobus dəyişən şəxs təbii ki, xəstəlik tutacaq. Ölkədə müəyyən sahələrə qoyulan qadağalar iş yerlərinin bağlanması, insanların iş yerlərindən çıxarılması ilə nəticələnir. Sahibkarlar da burda məcbur qalıb bunu edirlər.
İnsanlara müəyyən qadağalar qoyulub. Maska taxılması, sosial məsafə qaydalarına riayət edilməsi və dezinfeksiya məhlullardan istifadə mütləqdir. Bunlar gözlənilməklə qonşu ölkədə olan praktikanın müəyyən sayda insanların iştirakı ilə Azərbaycanda da tətbiqi mümkündür. Müəyyən sayda insanlar restoranda 1-2 saatlıq toy məclisi təşkil edə bilər. Bunun üçün qaydalar hazırlanmalı və bu istiqamətdə marifləndirmə işləri görülməlidir".
Ən çox oxunanlar
Son xəbərlər