Açıq havada toy hazırlıqları başladı
Baxılıb: 497 Tarix: 19-05-2021 11:08
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi məhdudiyyətlərlə əlaqədar 2020-ci il 15 martdan etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlər keçirilməsinə qadağa qoyulub.
Qanunvehedef.az Cəbhə.info-ya istinadən xəbər verir ki, artıq bir ildən çoxdur, toy mərasimləri keçirilmir. Lakin son ayda ölkə əhalisinin sürətli şəkildə vaksinasiya olunması, eləcə də yoluxma statistikasındakı azalma Azərbaycanda toyların keçirilməsiylə bağlı qərarın dəyişdirilməsinə ümidi artırır.
Bəzi gənclər, nişanlı cütlüklər toyların keçirilməsiylə bağlı qərarın verilməsini gözləsələr də, digərləri pandemiyanın bitməsini gözləmədən artıq ailə arasında nikah mərasimi keçirirlər. Toyların keçirilməsi ilə bağlı tətbiq olunan qadağanın müəyyən şərtlərlə götürülməsi təklif olunur ki, bir çoxları bu təklifi dəstəkləyir.
Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, açıq havada toy mərasimləri keçirilməsi ilə bağlı qərar verilə bilər.
“Yay mövsümünə girdiyimiz zaman açıq havada bəlli insan sayı məhdudiyyəti qoyulmaqla, eləcə də daha əvvəlki illərdə əslində mənfi olaraq qiymətləndirdiyimiz böyük şadlıq evlərinin olmasının bu dönəmdə gətirə biləcəyi avantajlardan faydalana bilərik. Bunlar da 500-600 nəfər tutumu olan şadlıq evlərində 100-150 nəfərlik, epidemiolojik vəziyyətə uyğun məsafənin saxlanılması və bir çox amili nəzərə alaraq, toy mərasimlərinin keçirilməsiylə əlaqədar qərarlar da verilə bilər”.
Bəzi məlumatlara görə, ilk olaraq açıq hava məkanı olan şadlıq saraylarında toylara icazə veriləcək.
Şadlıq saraylarının buna necə hazırlaşdığını öyrənmək üçün açıq havada xidmət göstərən bəzi şadlıq saraylarıyla əlaqə saxladıq.
“Elite Events Hall”dan bildirdilər ki, yay toyları üçün artıq hazırdırlar: “Hələlik hər hansı bir göstəriş və ya toyların necə keçiriləcəyi ilə bağlı heç bir məlumat verilməyib. Məlumat versələr ki, bu gün və ya 10 günə toylara icazə veriləcək, biz buna tam hazırıq”.
Başqa bir açıq hava məkanına sahib “Qızıl Qaya” sarayından bildirdilər ki, qərara uyğun hərəkət edəcəklər. Onlar da toylar başlayacağı təqdirdə hazır olduqlarını deyirlər.
Ən çox oxunanlar
Son xəbərlər