BNA-nın millət vəkilinə ironik cavabı qalmaqal qaratdı
Baxılıb: 610 Tarix: 03-10-2019 13:09
Millət vəkili Tahir Kərimlinin Milli Məclisdə Bakı Nəqliyyat Agentliyinin fəaliyyətini tənqid edən fikirlərinə qurumun ironiyalı reaksiya göstərməsi və millət vəkili ilə təklif edilən debatdan yayınması müzakirələrə səbəb olub. Ekspertlər sosial şəbəkə hesablarında BNA-nın rəsmi şəxslərə və ya digər dövlət qurumlarına verdiyi cavabda etik normaları aşdığı qənaətindədir.
Məsələ ilə bağlı Axar.az-a danışan media eksperti Qulu Məhərrəmli bildirib ki, hər hansı qurumu təmsil edən rəsmi şəxs tutulan iradlara etika çərçivəsində, dolğun cavab verməlidir:
“İstər BNA, istərsə digər qurumlar olsun, onların əsas işi əhaliyə xidmət etmək və bu xidmətin səviyyəsi ilə bağlı ictimaiyyətə davamlı məlumat verməkdir. Əgər problem varsa, mətbuat işıqlandırırsa və onu bütün aspektləri ilə ictimaiyyətə göstərirsə, aidiyyəti qurumlar mövzuya həssas yanaşmalı və sualları etika çərçivəsində cavablandırmalıdır. Çünki onların işi birbaşa bununla əlaqədardır. İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin yaradılmasında məqsəd elə ictimaiyyətə məlumat vermək və medianı bilgiləndirməkdir. Nə qədər məlumat çox olarsa, insanların da təsəvvürü o qurum haqqında dolğun olur. Amma təəssüf ki, bizdə bir çox mətbuat qurumları sanki təmsil etdikləri dövlət qurumunu mediadan, ictimaiyyətdən gizlətməyə və yaxud gözdən salmağa çalışır. Bu cür şıltaqlıqlar çox da yaxşı qarşılanmır. Kimliyindən asılı olmayaraq, deputatın iradı etika çərçivəsində cavablandırılmalıdır. Hətta ola bilər ki, medianın və ya nüfuzlu şəxsin, deputatın tənqidləri çərçivəni aşır, bəzən ədalətsiz olur. Belə olan zaman da o məsələyə çox təmkinli və soyuqqanlı şəkildə aydınlıq gətirmək rəsmi qurumun borcudur”.
Millət vəkili Fazil Mustafa da BNA-nın tənqidlərə normal reaksiya vermədiyin qeyd edib:
“Bakı Nəqliyyat Agentliyi mətbuatla normal münasibətlər qurmağı bacarmalıdır. Həmin qurumun mətbuat xidmətinin rəhbəri ilə verilişlərin birində qonaq olmuşdum. Onun məsələlərə yanaşması xoşuma gəldi. Amma konkret olaraq qurumun niyə mətbuatla işləməməsi düşündürücüdür. Bu gün cəmiyyəti narahat edən problemlər ən çox bu qurumla bağlıdır, iradlar da, təkliflər də ora ünvanlanır, hər gün müzakirə edilir. Gərək bunlar nəzərə alınsın. Bütün hallarda ictimaiyyətə sayğısızlıq göstərmək olmaz. Ümumiyyətlə, tənqid olunan məsələlərə düzgün reaksiya verilməlidir. Biz də bir neçə dəfə BNA-nı tənqid etmişik və bizim də tənqidlərə qurum tərəfindən normal reaksiya göstərilməyib”.
Millət vəkili Bakı Nəqliyyat Agentliyinin Tahir Kərimliyə cavabına da münasibət bildirib:
“Tahir Kərimli BNA haqqında iradında haqlıdır. Hesab edirəm ki, məsələ araşdırılıb, tədbir görülməlidir. Millət vəkilinin iradını ironiya ilə qarşılamaq həmin qurumun özünü ironik vəziyyətə sala bilər. Çünki bütün millət vəkilləri onlarla bu cür ironiya ilə davranmağa başlasa, onlar üçün çətin olar”.
Qeyd edək ki, millət vəkili Tahir Kərimli ölən şəxsin adına cərimə göndərdiyi və iş yerinin yaxınlığında avtomobillər üçün dayanacaq olmaması səbəbindən Bakı Nəqliyyat Agentliyinin fəaliyyətini tənqid edib. Qurumun ironik cavabı isə müzakirələrə səbəb olub.
Ən çox oxunanlar
Son xəbərlər