Prezident İlham Əliyevin müəllifliyi və rəhbərliyi ilə reallaşdırılan yeni inkişaf modeli Azərbaycanın hərtərəfli tərəqqisini təmin edib
Baxılıb: 553 Tarix: 24-12-2019 11:10
Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət, siyasi sabitlik, investisiya imkanlarının geniş olması Azərbaycanı dünyanın sayılıb-seçilən ölkələri sırasına çıxarıb. Üstəlik, zəngin enerji ehtiyatları, əlverişli coğrafi mövqe ölkəmizə beynəlxalq əhəmiyyətli layihələr həyata keçirməyə imkan verib.
1994-cü ildə bir sıra dünya səviyyəli şirkətlərlə imzalanmış möhtəşəm neft sazişi - "Əsrin müqaviləsi” ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bir çox beynəlxalq, regional təşkilatlarla, dünya ölkələri ilə uzunmüddətli dostluq və əməkdaşlıq üçün möhkəm təməl yarandı.
Ərazisinin 20 faizinin işğal olunması, regiondakı kataklizmlər Azərbaycanın davamlı inkişafına mane ola bilmədi. 1990-cı illərin ortalarında əldə edilmiş siyasi sabitlikdən sonra ölkə davamlı iqtisadi islahatlara və iqtisadiyyatın şaxələndirilməsinə önəm verərək neft-qaz və qeyri-neft-qaz sektorlarının inkişafına nail oldu.
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının inam və uğurla həyata keçirilməsi ölkənin qəddini düzəltdi. Qısa müddətdə nəhəng layihələr gerçəkləşdi, tamamilə yeni neft-qaz infrastrukturu quruldu.
Prezident İlham Əliyev Ümummilli Liderin bütün sahələrdə müəyyənləşdirdiyi yolu davam etdirərək, sözügedən layihələri müvəffəqiyyətlə başa çatdırdı. Möhkəm bünövrə üzərində yeni-yeni layihələrin həyata keçirilməsi ideyası gerçəkləşdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu layihələrin təşəbbüsçüsü və lideri kimi çıxış etdi.
Dünyada baş verən maliyyə böhranı Azərbaycan iqtisadiyyatının inkişaf tempinə təsir edə bilmədi. Xam neftin qiymətlərində müşahidə edilən dalğalanma ilə bağlı çağırışlara cavab olaraq Azərbaycan dövləti strateji islahatlar üçün yeni hədəflər, ölkənin gələcək dayanıqlı inkişafına töhfə vermək üçün yeni inkişaf modeli müəyyənləşdirdi. Təsadüfi deyil ki, Azərbaycan Dünya Bankının "Doing Business” hesabatında 2015-ci ildəki 80-ci yerdən 2019-cu ildə 25-ci yerə qədər irəliləyib dünyanın ən yaxşı islahatçı ölkələri sırasına daxil oldu.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi, müasir dövrün tələblərinə uyğun olaraq Prezident İlham Əliyevin müəllifliyi və rəhbərliyi ilə reallaşdırılan yeni inkişaf modeli Azərbaycanın hərtərəfli tərəqqisini təmin edib.
Son altı ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahı sürətli inkişaf yolundadır. Ölkə başçısı qısa bir müddət ərzində rayonumuza üç dəfə səfər etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Pirallahı Sənaye Parkında "Diamed-Co" şpris istehsalı zavodunun açılış mərasimində iştirak etmişdir. İstehsal gücü 150 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şpris olan zavodda 150 yeni iş yeri yaradılmışdır. Burada inşa olunan dərman preparatları zavodunda tikinti-quraşdırma işləri başa çatdırılmaq üzrədir. Zavodda dərman vasitələrinin istehsalı və qablaşdırılması işləri aparılacaqdır. Eyni zamanda Sənaye Parkının ərazisində daha iki zavodun - uşaq bezləri və zəfəran mənşəli dərman vasitələrinin istehsalı zavodlarının inşasına başlanılmışdır. Ərazidə şaquli planlaşdırma işləri və hasarın tikintisi aparılmışdır.
Pirallahı qəsəbəsində məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ayrılmış 3 ha ərazidə hər biri 72 mənzilli olmaqla 2 və 1-i 162 mənzilli olmaqla 306 mənzildən ibarət 3 döqquzmərtəbəli, 220 şagird-yerlik bir məktəb binası istifadəyə verilmişdir. 5 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva kompleksin açılış mərasimdə iştirak etmişlər.
Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva RİH və YAP inzibati binalarının, Gənclər Mərkəzinin, “Mirvari” Parkının, “ Nərəkənd” balıqyetişdirmə kompleksinin açılış mərasimində iştirak etdilər. Həmçinin qəzalı binaların sakinləri üçün inşa olunan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış oldular.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə yaradılan, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısını alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Bakı şəhər rayonları arasında yaradılacaq ilk “Pirallahı Uşaq Günərzi və Reabilitasiya ” və “Ahılların Günərzi Qayğı” Mərkəzləri istifadəyə verilib.
Rayonumuzda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Pirallahı qəsəbəsi K.Rzayev, 40-cı məhəllə, Yavər Əliyev (əvvəlki adı Əzizbəyov) küçələrində abadlıq işləri aparılmışdır. Məhəllədaxili yollara asfalt-beton örtüyü döşənmiş, səki daşları yenilənmiş, 4 ədəd söhbətgahın quraşdırılması işləri aparılmışdır. Yol boyu və məhəllədaxili sahələrdə müxtəlif növ ağaclar əkilmişdir. Bundan əlavə Sergey Murtuzəliyev küçəsində (əvvəlki adı Fioletov) məhəllədaxili abadlıq işləri aparılmış, daxili yolların asfaltlanması, səki daşlarının düzülməsi və yaşıllaşdırma işləri həyata keçirilmişdir. Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində İDEA İctimai Birliyinin dəstəyi ilə yeni abad məhəllənin tikinti işləri davam etdirilir. Piyada səkiləri və avtomobil yollarının tikintisi aparılmışdır. Səki daşlarının qoyulması, yaşıllıq sahələrinə münbit torpağın verilməsi və gecə işıqlanma sisteminin quraşdırma işləri həyata keçirilir. Məhəllədəki binaların fasad və bloklarının təmiri işləri aparılmışdır. Futbol meydançasının tikintisi işlərinə başlanılmış, söhbətgahlar quraşdırılmışdır. Burada həmçinin uşaq oyun meydançalarının, idman alətlərinin və oturacaqların quraşdırılması, müxtəlif növ dekorativ ağac və gül kollarının əkilməsi nəzərdə tutulur. Pirallahı qəsəbəsində 6 yeni avtobus dayanacağı quraşdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə hər həftənin şənbə və bazar günlərində Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yarmarkalar təşkil olunur.
Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafı minlərlə müxtəlif növ ağac və gül kolları əkilmişdir. O cümlədən müxtəlif növ şam ağacları, sərv ağacı, zeytun, oleandr, qızılgül kolu, dekorativ kollar və s. əkilmişdir. Mövcud yaşıllıqların nəzarətdə saxlanılması, torpaq sahələrinin hamarlanması işləri aparılmışdır.
Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, dövlətin siyasətinin təməlində Azərbaycan vətəndaşının rifahının təmin olunması durur və onun işinə ən böyük qiyməti Azərbaycan xalqı verir. Bütün bunlara görə Azərbaycan xalqı öz Prezidentini sevir, onun sevincinə də, qəminə də şərik çıxmağa özünü haqlı sayır. Belə sevincli günlərdən biri də dekabrın 24-üdür. Həmin gün İlham Heydər oğlunun ad günüdür. Bu münasibətlə əziz Prezidentimizi şəxsən öz adımdan təbrik edir, ona ümummilli lider Heydər Əliyevin işıqlı ideyalarını gerçəkləşdirmək, Azərbaycan xalqını firavanlığa qovuşdurmaq yolunda fəaliyyətində uğurlar arzulayıram.
Manaf Manafov, Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi
Ən çox oxunanlar
Son xəbərlər