Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların məqsədi ölkəmizin dayanıqlı inkişafını təmin etməkdir
Baxılıb: 517 Tarix: 24-12-2019 11:30
Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur.
Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində reallaşır və kompleks xarakter daşıyır. İslahatların birinci mərhələsi əsasən qanunvericilik və institusional sahələri əhatə etdi və dərhal sonra struktur və kadr islahatlarına keçid başlandı.
Əslində bu ardıcıllıq həyata keçirilən islahatların müxtəlif komponentlərini özündə birləşdirməklə onun tamlığından xəbər verir. Hazırkı mərhələ daha çox kadr islahatları mərhələsi kimi görünsə də, bir qədər diqqət etsək, kadr islahatlarının digər komponentləri ilə paralel həyata keçirildiyini görə bilərik. 2015-ci ildən qəbul edilən qərarlar, imzalanan sərəncam və fərmanlar dediklərimizi təsdiq edir və xeyli sahədə nazir vəzifələrinə qədər mühüm dəyişikliklərin olduğunu göstərir. Son dəyişiklər isə kadr islahatlarında daha yuxarı idarəetmə strukturlarını əhatə etdiyi üçün daha çox diqqət cəlb edir. Bu dəyişikliklər kadr islahatlarının daha da dərinləşməsi kimi qiymətləndirilməlidir. Ancaq bu proses, sadəcə, kadrların dəyişməsi deyil, həm də idarəetməyə yeni keyfiyyət dəyişikliyinin gətirilməsi kimi nəzərdən keçirilməlidir. Çünki böyüyən iqtisadiyyatı idarə etmək və onun inkişafını təmin etmək qlobal iqtisadi çağırışlar və milli maraqlar kontekstində olduqca aktualdır.
İslahatların ən ümdə vəzifələrindən biri də əhalinin rifah halının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, işsizliyin səviyyəsinin daha da aşağı səviyyəyə salınması, sosial islahatların daha da dərinləşməsi məqsədini daşıyır. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatların, kadr siyasətinin əsasında xalqın rifahının və ölkəmizin dayanıqlı inkişafının təmin olunması məqsədlərinin dayandığını göstərir.
Bütövlükdə respublikamızda, eləcə də Bakıda həyata keçirilən mütərəqqi işlər paytaxtın Nizami rayonunda vətəndaşlarda məmnunluq, nikbin ovqat doğurur. Rayonda həyat öz axarı ilə davam edir. Nizami Rayon İcra Hakimiyyəti hər il olduğu kimi, bu il də payız-qış mövsümünə hazırlığı diqqət mərkəzində saxlamışdır. Payız-qış mövsümünə hazırlıqla bağlı Nizami Rayon İcra Hakimiyyəti başçısı cənab Arif Qasımovun sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, Mənzil kommunal təsərrüfatı birliklərində tələb olunan materiallar və ləvazimatlar toplanmış, maşın və mexanizmlər təmir olunaraq saz vəziyyətə gətirilmiş, qarlı hava şəraitində rayon ərazisində olan yolların, riskli maili yolların və səkilərin qardan təmizlənməsi üçün məsul şəxslər təyin edilmiş, yolların təmizlənməsi üçün qrafikə uyğun bölgü aparılaraq işçi qüvvələri müəyyənləşdirilmişdir. Nizami Rayon Sukanal və “Azərişıq” ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satışı idarələri, “Azəriqaz” İstehsalat Birliyinin Nizami Rayon Qaz İstismar Xidməti, “Azəristiliktəchizat” ASC-nin 4 və 16 saylı İstilik Sistemləri, “Bakı şəhər işığı” Elektrik Şəbəkə müəssisəsinin Nizami rayon Texniki İstismarı sahələri və “Lifttəmir” İstehsalat Birliyi “Temp” Dövlət Müəssisəsi tərəfindən əhəmiyətli işlər görülmüş, eyni zamanda Mənzil Kommunal Fondunun istismar keyfiyyətinin yaxşılaşdırılması, onun qorunub saxlanılması məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Rayon ərazisində yerləşən yaşayış və qeyri-yaşayış binalarının daimi elektrik, qaz, istilik və su ilə təmin olunması və yaranacaq hər hansı bir problemlərin qısa vaxt ərzində aidiyyəti qurumların, rayon xidmət və təsərrüfat sahələrinin səyi və köməkliyi sayəsində aradan qaldırılması üçün bütün imkanlar səfərbər edilmişdir.
İlham Əliyev xalqla münasibətdə səmimiyyətin ən ali səviyyəsini nümayiş etdirdiyindən, xalq da onunla səmimidir. Bu səmimiyyətin özünü daha çox büruzə verdiyi təqvim günləri vardır. Belə günlərdən biri də 24 dekabr - cənab İlham Əliyevin təvəllüd günüdür. Fürsətdən istfadə edib möhtərəm Prezidentimizi ad günü münasibətilə ürəkdən təbrik edirəm. Ona Azərbycanı tərəqqiyə qovuşdurmaq naminə fəaliyyətində uğurlar arzu edirəm.
Tariyel Tahirov,
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri
Ən çox oxunanlar
Son xəbərlər