Prezident İlham Əliyevin həyata keçirdiyi demokratikləşmə prosesi həyatın bütün sferalarını əhatə edir
Baxılıb: 456 Tarix: 24-12-2019 13:42
Mütərəqqi hüquqi islahatların həyata keçirildiyi ölkələrdə iqtisadi və sosial rifahın daha yüksək səviyyədə təmin olunması əksər dövlətlərin təcrübəsində öz təsdiqini tapıb.
İnsan hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin də ali məqsədidir. Dövlət heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin hüquqlarının qorunmasına təminat verir və insanların ictimai həyatda fəal iştirak etməsi üçün əlverişli şərait yaradır.
Hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səy göstərir. Ölkə rəhbərliyi tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, hüquqi, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoyaraq hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan verdi. Mühüm normativ hüquqi aktlar və dövlət proqramları qəbul edilib, insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiq müəyyənləşdirildi.
Azərbaycan Şərqdə ilk dəfə ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşüb. Yüksək humanizmin və insanpərvərliyin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb.
Dahi liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilib. İnsan hüquqlarının qorunmasını və bu sahədə görülən tədbirlərin genişləndirilməsini daim diqqət mərkəzində saxlayan dövlət başçısının "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq olunması haqqında” 2006-cı il 28 dekabr tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ölkəmizdə insan hüquq və azadlıqlarının davamlı inkişafına zəmin yaradıb.
Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. 2011-ci ildə təsdiq edilən Milli Fəaliyyət Proqramı ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini daha da artırıb.
2011-ci ildə isə Prezidentin imzaladığı sərəncamla ölkədə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Milli Fəaliyyət Proqramı hazırlanıb.
Azərbaycanda insan hüquq və azadlıqlarının ən mübariz müdafiəçisi olan cənab Prezidentimiz İlham Əliyevi ad günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayıram.
Xosrov İsmayılov, ATİAHİ Laçın rayon komitəsinin sədri
Ən çox oxunanlar
Son xəbərlər