Zəfər yükü daşıyan sürücü
Baxılıb: 919 Tarix: 11-12-2020 11:22
2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün çəkən Vətən müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi, işğalçı Ermənistanın rüsvayçı məğlubiyyəti ilə başa çatdı. Qələbəmizi şərtləndirən ən başlıca amil xalqla-ordunun vəhdəti oldu. Azərbaycan dövlətinin öz ordusunu maddi-texniki baxımdan hərtərəfli təmin etməyə yetərincə gücü çatsa da, xalqımız öz igid oğulları ilə həmrəylik nümayiş etdirərək, ön cəbhəyə hər cür köməklik göstərdi. Əmək kollektivləri, ayrı-ayrı təşkilatlar, adi vətəndaşlar Silahlı Qüvvələrə Yardım Fonduna ianələr köçürür, döyüşən orduya ərzaq, paltar dəstləri, şəxsi gigiyena vasitələri və s. yardımlar göndərirdilər. Xeyriyyəçilər hətta cəbhədə səyyar hamam kompleksləri də təşkil edirdilər. Elan olunmuş qismən səfərbərliyin tələblərinə uyğun gəlmədikləri halda cəbhəyə yollanmaq üçün israr edən könüllülərin də çoxluğu diqqəti çəkdi. Oğlu ilə birgə vuruşan atalar gördük. Şəhid oğluna görə verilən sığorta pulunu orduya ianə edən analar gördük. Bir sözlə, Azərbaycan xalqı 30 ildir həsrətini çəkdiyi qələbədən ötrü dünyanı heyrətləndirən unikal keyfiyyətlərini ortaya qoydu.
Böyük zəfərin əldə olunmasında payı olan könüllülərdən biri də Məmmədov Murad Nazim oğludur. O, 1988-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini də Gəncədə alıb. 2006-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub, sürücü kimi xidmət edib.
Murad 2016-cı ilin Aprel döyüşlərində könüllü olaraq sürücü kimi iştirak etmiş, həmin vaxt Cəbrayıl istiqamətində gedən döyüşlərdə ön cəbhəyə köməklik göstərmişdi. Hələ o vaxt Lələtəpə və digər strateji yüksəkliklərin alınması və Cocuq Mərcanlının azad olunması ilə nəticələnən döyüşlərdə ordumuzun gücünün şahidi olan alovlu vətənpərvər Murad Məmmədov əmin oldu ki, Azərbaycanın düşmən üzərində tam qələbə qazanacağı gün uzaqda deyildir. Özünə söz vermişdi ki, bir də hərbi əməliyyatlar başlasa, o zəfər gününü görmək, qələbəyə töhfə vermək üçün yenə də əlindən gələni əsirgəməyəcək. Təki o günü görmək qismət olsun.
Və o an yetişdi: Murad 2020-ci ilin Vətən müharibəsinə də qatıldı. Döyüş bölgəsi olan Cəbrayıl, Qubadlı, Laçın rayonları ərazilərinə əsgər və sursat daşıdı. Həm də əsgərlərimizə imkanı daxilində maddi yardım etdi. Şəhidlərimizin və yaralılarımızın döyüş meydanından çıxarılmasında böyük köməklik göstərdi.
Bəllidir ki, müharibədə xidmət edən sürücülər, onların idarə etdikləri maşınlar legitim hədəflərdir; asanlıqla nişangaha çevrilə, minaya düşə, yaxud, pərakəndə artilleriya və raket atəşinə tuş gələ bilərlər. Amma bu təhlükə Muradı qətiyyən qorxutmadı. Hərbi əməliyyatların getdiyi zonadan uzaq Gəncənin mənfur ermənilərin raket zərbələrinə məruz qalması, doğma şəhərinin yaşayış binalarının, mülki infrastrukturunun dağıdılması, günahsız dinc sakinlərinin, o cümlədən qadın və uşaqların gecə yatdıqları yerdə bombalanaraq qətlə yetirilməsi xəbərlərini eşidincə Muradın düşmənə nifrəti daha da artır, onu sonadək sükanı əldən buraxmamağa sövq etdirirdi.
Sonluq isə yaxşı gəldi – Qələbənin bəxş etdiyi nəhayətsiz sevincdən Murad Məmmədova da əhəmiyyətli pay düşdü. Qələbə yükü daşıyan maşınında zəfəri alqışlayan siqnalı basmaq ona qismət oldu.
Murad ailəlidir, iki övladı var. Şübhəsiz, onun uşaqları da vətənpərvər ruhda böyüyəcək, ataları ilə fəxr edəcəklər. Xalqımız, dövlətimiz Murad Məmmədov kimi qorxmaz, vətənpərvər oğullarının xidmətini layiqincə qiymətləndirəcək.
Hüseyin
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər