Yanlış vergiyə görə gənclər bu gəlirdən məhrum olur
Baxılıb: 274 Tarix: 06-09-2021 12:38

Bu sözləri Qanunvehedef.az-a iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda yutuberlərin qarşılaşdıqları problemlər barədə fikirlərini bölüşərkən deyib.
“Azərbaycanda VÖEN-lə çalışan fərdi sahibkarlığın Sosial Müdafiə Fonduna ödənişlərinin minimum əmək haqqına bağlanması kökündən yanlış bir məsələdir. Qanunvericilik mütləq dəyişdirilməlidir. Çünki indiki halda minimum əmək haqqı artdıqca Fonda ödənişlər də artır. Bu artım indiki qaydalara uyğun həyata keçiriləndə, təqribən ayda 62,5 manat edir. Halbuki bu, gəlirə bağlı vergi növü olmalıdır. Bizdə isə gəlirə deyil, minimum əmək haqqına bağlıdır. Bu, çox yanlışdır”.
Ekspert bildirib ki, ümumiyyətlə, internet üzərindən vəsait qazanıb, ölkəyə valyuta gətirən insanların müəyyən limitdən sonra vergiyə cəlb olunması praktikası daha doğru olar:
“Ən yaxşı halda 1000 manata qədər gəlir əldə edən insanlar hansısa bir ödənişdən, vergi və Fond ödənişlərindən azad edilməlidirlər. 1000 manatdan yuxarı qazanc əldə edənlərin müəyyən vergi ödənişlərinin olması mümkündür”.
Qeyd edək ki, Azərbaycan bankları Yutub sosial şəbəkəsindən ayda 100 manat qazana bilən şəxsləri də sahibkar kimi tanıyır və onlardan VÖEN açmasını, sahibkar kimi qeydiyyatdan keçməsini tələb edir. Əks halda isə məbləği şəxsi hesabına köçürmür.
Yutuberin sahibkar kimi fəaliyyət göstərməsi üçün isə ayda 90 manatdan çox ödəmələr etməsi lazımdır. Buna görə də həvəskar yutuberlər bu sahədən imtina etməyi daha üstün tuturlar.
Tanınmış bloger Bahadur Seyidov bankların bu addımının gənclərin məşğulluğuna, cüzi də olsa, pul qazanmasına və ölkəyə valyuta daxil olmasına mane olduğunu bildirib.
Ən çox oxunanlar
Son xəbərlər