Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Dialekt sözlərini dilimizə daxil etməliyik? – Alim

Baxılıb: 601     Tarix: 04-09-2018 13:50   

Kult.az filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərovanın “Azərbaycan dilinin akademik lüğətlərində dialektizmlər verilməlidirmi?” adlı yazısını təqdim edir:
Azərbaycan leksikoqrafiyasının görkəmli nümayəndələri Ə.Orucov və M.Tağıyevin redaktorları olduqları 4 cildlik “Azərbaycan dilinin izahlı lüğəti” və 4 cildlik “Azərbaycanca-rusca tərcümə lüğəti”ndə, Azərbaycan dilinin bu vaxta qədər nəşr olunmuş bütün orfoqrafiya lüğətlərində dialektizmlərin verilməsi təcrübəsi göstərir ki, akademik lüğətlərdə dialektizmlərə hər zaman yer olub və olacaqdır.
İzahlı lüğətdə dialekt leksikası məh., etnoqrafizmlər etnoqr., mifoloji leksika mif., tərcümə lüğətində isə müvafiq şəkildə диал., этногр., миф. üslubi işarələri ilə göstərilir. Statistik araşdırmamıza görə, adı çəkilən izahlı lüğətdə tədqiqata cəlb olunmuş sözlərdən 28%-i məhz dialekt leksikasının payına düşür. Tərcümə lüğətində isə bu 11% təşkil edir. Bu göstərilən dialektizmlər yalnız məhəlli işarəsi ilə işarələnənlərdir. Amma əslində dialekt leksikasının verilməsi bununla bitmir: izahlı və tərcümə lüğətlərində verilmiş milli terminlər məhz dialekt və şivələrdən götürülmüş leksik vahidlərdir ki, bunlar da tərcümə lüğətində əks olunmuş terminlərin 53%-ni, izahlı lüğətdə isə 35%-ni təşkil edir.
Bəkir Çobanzadə hələ keçən əsrin əvvəllərində termin yaradıcılığı prinsiplərini sadalayarkən göstərirdi ki, “xüsusilə botanika, zoologiya və yerli xarakter daşıyan başqa sahələr üçün termin yaratmaqdan ötrü xalq leksikasını öyrənmək vacibdir”. Bu prinsipdən çıxış edən alimlərimiz milli termin yaradıcılığında dialektizmlərdən hər zaman yararlanmışlar və bunun nəticəsidir ki, Azərbaycan filoloji lüğətlərində terminləri tədqiq edərkən milli terminlərin, əsasən, dialekt və şivələrdən götürülmə olduğu müşahidə olunur. Bundan başqa, bu lüğətlərdə çoxluq təşkil edən botanika və zoologiya terminləri böyük əksəriyyətlə ana dilinin lüğət tərkibi əsasında yaradılanlardır. Məsələn: anbargüvəsi, arıotu, adadovşanı, acıqovun, acılıqotu, ağcaqovaq, ağyarpaqlı, armudgülü, atavəliyi, atqulancarı, atşabalıdı, ayıbaldırğanı, ayıdöşəyi, ayıdüdüyü, ayıqulağı, ayısoğanı, ayrıqotu, asqırıqotu, badımcançiçəklilər, bağayarpağı, bağçiyələyi, baharotu, baldöyən, balgülü, bəlğəmotu, beşləçəkli, beşyarpaqlı, başınağacı, birbuğumlu, birbuynuzlu, birevcikli, birevciklik, birəçiçəyi, birəotu, birhörgüclü, ağacdeşən, ağacdələn, ağackəpənəyi, ağacqurbağası, ağacqurdu, ağacovan, alacaqanad, alagüllük, almagüvəsi, altağız, arıduşu, atəşböcəyi, atmilçəyi, ayağıpərdəli, bağrıqara, dəvəqıran (karvanqıran), dilqanadan, dişqurtduyan, dombalankök və s.
Bundan başqa, adıçəkilən akademik lüğətlərimizdə məhdud ərazidə işlənən məişət leksikası – etnoqrafizmlər də əks olunmuşdur. Dilimizin maddi və mənəvi mədəniyyətini əks etdirən bu sözlər milli xəzinəmizdir və bu baxımdan dahi leksikoqraflarımız aşağıdakı leksik vahidləri akademik lüğətlərə daxil etməyi lazım bilmişlər: ev peşəsi (gərgənc, marramaq, eymə, tuluq, qarın və s.) və sənətkarlıq (zərgərlik, çaxma sənəti, daş və ağacişləmə, xalçaçılıq, toxuculuq və s. bədii sənət) leksikası; yaşayış məskənlərinin adları (yaylaq, aran, oba, şenlik, dəngə, düşəlgə və s.); tikinti adları (qazma, daxma, koma, him, cımqa, kürsülü ev, çatıayaq ev, balıqbeli ev və s.); ev əşyaları və təsərrüfatı idarə etmək üçün lazım olan avadanlıqların adları (ələk, sağan, təknə, tabaq, oxlov, qulaqlı fırçın, ərsin və s.); geyim (can köynəyi, pencək, bürmə, başlıq, cüttuman, kəlağayı və s.) və bəzək əşyalarının adları (tana, alınlıq, silsilə, kəmərbənd və s.); yemək (kətəməz, sulux, cəngək çörəyi, şan-şan, kəllə-paça bozbaşı, cücə kababı və s.) və içkilərin adları (işgəncəvi, xoşab, əzgil suyu, ayran, şərbət və s.); mərasim və adətlərlə bağlı sözlər (toy, yas, Novruz bayramı və s.); inanclar (bərəkət, bədnəzər, çiləyədüşmə, uğur, gözün səyriməsi, qulağın cingildəməsi, ayağın ağır və ya yüngül olması və s.); dini sözlər (namaz, qüsl, nəzir, məhərrəmlik ayı və s.); xalq təbabəti leksikası (dəmrov, göyöskürək, qara qızdırma, qızılyel, mal qızdırması, çiçək və s.); mifoloji leksika (qulyabanı, hal anası, div, xortdan, əjdaha və s.); xalq mahnılarının və alətlərin adları (Rast, Segah, saz, qopuz, Qıfılbənd, Gözəlləmə və s.), rəqslər (Ceyranı, İnnabı, Mirzeyi və s.); oyunların adları (xan-xan, maral oyunu, kilimarası və s.).
Ə.Orucov ”Azərbaycan dili filoloji izahlı lüğətinin əsasları” adlı əsərində dialekt sözlərin izahlı lüğətə salınması üçün üç əsas prinsip göstərmişdir:
1) məhəlli sözlərin ədəbi dil tərkibində ifadə vasitəsi olması;
2) bu və ya digər məfhumu, xüsusilə termini ifadə etmək üçün ədəbi-elmi dildə müvafiq sözün olmaması;
3) ədəbi əsərdə iştirak edən şəxslərin məhəlli dil xüsusiyyətlərini, yerli həyatın spesifik cəhətlərini əks etdirməsi. Bu prinsiplərdən çıxış edərək leksikoqrafiyada dialektizmlərin akademik lüğətlərə daxiledilmə meyarları müəyyənləşir.
Bəzən belə iradlarla qarşılaşırıq: “Dialektoloji lüğətlər olan yerdə dialektizmlər izahlı lüğətdə və ya orfoqrafiya lüğətində niyə verilməlidir?” Cavab olaraq söyləmək istəyirik ki, göstərilən lüğətlər tamamilə fərqli profillər üzrə tərtibata malikdir. Dialektoloji lüğətlərdə dialektizmlərin bölgələr üzrə fonetik variantları əks olunur. Məsələn: börtdамах (Qах) – pörtmək, qızarmaq (istidən) (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007)); şennix' (Keçili) – adam çox olan yer (Naxçıvan dialekt və şivələrinin lüğəti, 2017); ximirtcəx' – qığırdaq və s.
Bu dialektizmlər normativ lüğətlərə salınmazdan əvvəl ədəbi dil normasına uyğunlaşdırılır. Məsələn, şennix' olmalıdır şenlik; börtdамах olmalıdır pörtmək; həfsələ olmalıdır hövsələ.
Digər tərəfdən, yalnız terminoloji xarakterli dialektizmlər, bir çox dialekt və şivələrdə işləkliyi olan kəlmələr və bədii əsər personajlarının dilində işlənən dialekt sözləri lüğətə daxil edilmə hüququ qazana bilər. Amma, her (axmaq, qanmaz), hırramax (lağa qoymaq), fаqqılıх (hiyləgərlik, biclik) kimi dialektizmlər, əlbəttə ki, normativ lüğətlərdə verilməməlidir.
Bəzən dialektoloji lüğətlərdə elə dəqiq terminoloji ifadələrə rast gəlmək olur ki, bu sözlərin ədəbi dilə daxil edilməməsinə təəssüf edirsən. Məsələn,
“şəhrə” – heyvanın qabırğası üzərindəki yağ;
“şətəl” – kiçik su arxı;
“şələ” – darı növü;
“şərül” – düyü sortu;
“tülküquyruğu” – darı sortu;
“ulamçı” – oğurlanmış heyvanı başqasına ötürən mal oğrusu;
“tuş” – Gürcüstanda yetişdirilmiş qoyun cinsi;
“tüləmə” – xəstəlik nəticəsində tükü tökmə;
“tuncu” – 1) əla növ cavan qaramal əti, 2) cavan və kök qaramal;
“taybeçə” – 1) bir kökdən əmələ gələn bir gövdə, 2) buğda, arpa və s. köməcindən çıxan yeganə sünbül;
“əndəmic” – heyva növü;
“əndiryan” – armud növü;
“xorum” – bir büküm ot (təqribən 10-15 kq).
“Əngənək” sözü isə etnoqrafizm kimi çox maraqlı lüğət obyektidir. Mənası “gildən hazırlanmış ləyənə oxşar iri qab” deməkdir.
Bu tip sözlərin akademik lüğətlərdə verilməsi həm dilimizin zənginliyini dünya lüğətçiliyinə nümayiş etdirmək, həm də milli terminlərin təbliğini həyata keçirmək baxımından olduqca əhəmiyyətlidir.
Çünki bu gün müəyyən bölgələrdə işlək olan dialektizmlər gələcəkdə tamamilə unudulub istifadədən çıxa bilər. Amma onları ədəbi dil normasına salaraq akademik lüğətlərə daxil etməklə biz lüğətçilər bu sözlərə ədəbi dil hüququ qazandırmış oluruшаблоны для dle 11.2