Cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası mövzusunda tədbir keçirilib.

Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə “Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin hüquqları, sosial adaptasiyası və reinteqrasiyası, onların işlə təmini ilə bağlı birgə fəaliyyətin təşkili, peşə təhsili üzrə mövcud imkanlar, bu sahədə maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli 637 nömrəli Sərəncamı ilə “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”-nın 8.5.1 (Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürən şəxslərin müsbət təcrübələri ilə bağlı məlumatların hazırlanması, müvafiq tədbirlərin (sərgilərin və s.) təşkili), 8.5.2 (Cəzaçəkmə müəssisələrindən azad edilmiş və uğurlu iş təcrübəsi olan şəxslərin mediada sosial xarakterli paylaşımlarının edilməsi və aidiyyəti orqanların (qurumların) nümayəndələrinin, sahibkarların (işəgötürənlərin) və maraqlı tərəflərin iştirakı ilə görüşlərin təşkil edilməsi) və 8.5.3-cü (Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi) bəndlərinin icrasını təmin etmək məqsədi ilə təşkil olunmuşdur.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri Əfsar Mirzəliyev, Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini-sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Şahin İskəndərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Aparatının Peşə hazırlığı departamentinin baş mütəxəssisi Samuel Mahmudlu, RİH başçısı Aparatının əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndəsi, RİHB-nin QİƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri, eləcə də rayon ərazisində fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak etmişlər.
Görüşün əsas məqsədi cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların əmək bazarına uğurlu inteqrasiyası ilə bağlı müsbət təcrübələrin işıqlandırılması və cəmiyyətdə mövcud olan yanlış fikirlərin aradan qaldırılmasına töhfə vermək olduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanununun müvafiq maddələrinə əsasən cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər siyahısına daxil olduğu və özünüməşğulluğun təşkili zamanı cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verildiyinin qeyd edildiyi tədbir iştirakçılarına izah edilmişdir. Mövzu ətrafında fikir mübadiləsi aparılan zaman məşğulluq mərkəzləri vasitəsilə boş iş yerləri barədə məlumatların verilməsi, peşəyönümü xidmətlərinin göstərilməsi, əmək yarmarkalarının təşkili və işəgötürənlərlə əlaqələrin qurulması istiqamətində işlərin aparılması tövsiyə edilmişdir.
Həmçinin cəzaçəkmə müəssisəsindən azad edilmiş, işlə təmin edilmiş şəxslərin uğurlu iş təcrübəsinin sosial şəbəkə və internet platformalarında işıqlandırılmasının, bu sahədə işəgötürənlərin müsbət təcrübələri ilə bağlı məlumatların paylaşılmasının müsbət irəliləyişlərə səbəb olacağı barədə fikirlər səsləndirilmiş, belə görüşlərin və sosial xarakterli paylaşımların cəmiyyətdə maarifləndirmənin artırılmasına, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərə ikinci şansın verilməsinə və onların əmək bazarında daha fəal iştirakına töhfə verdiyi xüsusi olaraq vurğulanmışdır.
Tədbirdə dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, sahibkarların və ictimaiyyət nümayəndələrinin birgə səyləri nəticəsində bu istiqamətdə daha böyük uğurlar əldə olunacağı əminliklə vurğulanmışdır.
Əlavə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin verdiyi rəsmi məlumata əsasən 2025-ci ildə Agentlik tərəfindən Xəzər rayonu üzrə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərdən 19 nəfər işlə təmin edilmiş, 5 nəfər peşə hazırlığına, 5 nəfər isə özünüməşğulluq proqramına cəlb edilmişdir. Peşə hazırlığını başa vuran şəxslərdən 2 nəfər şəxsin məşğulluğu təmin edilmişdir. 2026-cı ilin ilk 5 ayı ərzində isə müvafiq kateqoriyadan olan şəxslərdən 11 nəfər işlə təmin edilmiş, 4 nəfər isə peşə hazırlığına cəlb edilmişdir. Peşə hazırlığını bitirən 2 nəfər şəxsin məşğulluğu təmin edilmişdir.
Qəni Hüseynov




















