Yasamal rayonunda abadlıq işləri geniş vüsət alıb – İcra başçısı Elşad Həsənov şəhid ailələri və qazilərlə mütəmadi görüşlər keçirir
Paytaxtın ən böyük və strateji rayonlarından biri olan Yasamal rayonunda son dövrlərdə həyata keçirilən abadlıq-quruculuq işləri rayonun simasının daha da gözəlləşməsinə, sakinlərin rahatlığının təmin olunmasına mühüm töhfə verir. Rayonun sosial-iqtisadi inkişafı, infrastrukturun yenilənməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər Yasamal Rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas prioritetlərdən biridir.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Həsənov Elşad Eldar oğlunun rəhbərliyi ilə rayonda park və yaşıllıq zolaqlarının salınması, mövcud istirahət məkanlarının abadlaşdırılması, məhəllələrin yenidən qurulması, küçə və prospektlərdə təmizlik və səliqə-sahman işlərinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həyata keçirilən layihələr nəticəsində rayonun şəhərsalma görünüşü daha da müasirləşir, sakinlər üçün rahat və təhlükəsiz yaşayış mühiti formalaşdırılır.
Rayonda çoxmənzilli yaşayış binalarının həyətlərinin abadlaşdırılması, uşaq oyun meydançalarının və idman qurğularının quraşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi, ağacəkmə aksiyalarının təşkili əhalinin rəğbəti ilə qarşılanır. Bununla yanaşı, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və ətraf mühitin qorunması istiqamətində görülən işlər də davamlı xarakter daşıyır.
Yasamal Rayon İcra Hakimiyyətinin fəaliyyətində xüsusi yer tutan istiqamətlərdən biri də şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə göstərilən diqqət və qayğıdır. Rayon rəhbəri Elşad Həsənov mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşlər keçirir, onların sosial problemləri və müraciətləri ilə yaxından maraqlanır, qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verir.
Bu görüşlər dövlətin şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğının yerli icra strukturları tərəfindən də ardıcıl şəkildə davam etdirildiyini nümayiş etdirir. Şəhid ailələri və qazilər onlara göstərilən mənəvi dəstəyi yüksək qiymətləndirərək dövlət qayğısını daim hiss etdiklərini bildirirlər.
Rayon sakinləri ilə keçirilən müntəzəm səyyar qəbullar və görüşlər də Yasamal Rayon İcra Hakimiyyətinin fəaliyyətində mühüm yer tutur. Vətəndaşların müraciətlərinin dinlənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və qanunvericiliyə uyğun şəkildə həll edilməsi istiqamətində görülən işlər əhali tərəfindən müsbət qarşılanır.
Yasamal rayonunda həyata keçirilən abadlıq layihələri, sosialyönümlü tədbirlər və vətəndaşlarla açıq dialoq prinsipi rayonun inkişafına xidmət etməklə yanaşı, dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verir. Qarşıdakı dövrdə də rayonun sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq işlərinin genişləndirilməsi və əhalinin rifahının yüksəldilməsi istiqamətində layihələrin davam etdirilməsi nəzərdə tutulur.
Rəsmiyyə Dvudqızı





















