Xəzər rayonunda vətəndaş müraciətləri yerində dinlənilir – Şağan qəsəbəsində növbəti səyyar görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaş məmnunluğunun təmin edilməsi, əhalini narahat edən problemlərin yerində araşdırılması və operativ həllinin təmin olunması məqsədilə rayonlarda keçirilən səyyar görüşlər davam etdirilir. Bu məqsədlə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən qəsəbələrdə sakinlərlə mütəmadi görüşlər təşkil edilir, onların müraciət və təklifləri birbaşa dinlənilir.Bu çərçivədə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun 29 iyul 2026-cı il tarixində Şağan qəsəbəsində yerləşən 124 nömrəli tam orta məktəbdə rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təmsilçiləri, bələdiyyə sədri, eləcə də rayonun kommunal, sosial və xidmət sahələrini təmsil edən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbirin əsas məqsədi vətəndaşların gündəlik həyatında qarşılaşdıqları problemləri birbaşa dinləmək, onların qaldırdıqları məsələləri yerində araşdırmaq və operativ həlli istiqamətində zəruri tədbirlərin görülməsini təmin etmək olub. Görüş zamanı sakinlər kommunal xidmətlər, küçə və yolların vəziyyəti, abadlıq işləri, sosial təminat, məşğulluq, infrastruktur, məişət problemləri və digər aktual məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Eyni zamanda qəsəbənin inkişafına dair təklif və təşəbbüslər də diqqətlə dinlənilib.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov hər bir müraciətə həssaslıqla yanaşaraq vətəndaşların qaldırdıqları məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılmasının vacibliyini vurğulayıb. Müraciətlərin operativ həlli, aidiyyəti dövlət qurumları ilə koordinasiyalı fəaliyyətin təmin edilməsi və icra prosesinə nəzarətin gücləndirilməsi məqsədilə müvafiq idarə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Bir sıra müraciətlər yerində araşdırılaraq vətəndaşlara ətraflı hüquqi və inzibati izahatlar təqdim olunub, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara icrası üçün yönləndirilib.
Səyyar qəbul zamanı sakinlər dövlət tərəfindən vətəndaşlarla birbaşa ünsiyyətin qurulmasını, problemlərin yerində dinlənilərək həlli istiqamətində görülən tədbirləri yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun bütün qəsəbələrində keçirilən səyyar görüşlər mütəmadi xarakter daşıyır. Bu görüşlər dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə, əhalinin müraciətlərinə çevik baxılmasına və yerli əhəmiyyətli problemlərin operativ həllinə mühüm töhfə verir.
Qəni Hüseynov




















