İvanişvilinin bütün oyunları buna hesablanıb – Şərh
Baxılıb: 445 Tarix: 17-06-2018 10:45
Son aylar ərzində Gürcüstanda hakim partiya daxilində proseslər sürətlənib, ziddiyyətlər dərinləşib.
Bu sözləri Qanunvehedef.az-a Gürcüstanda baş verən son prosesləri şərh edən politoloq İlqar Vəlizadə deyib. Bu prosesin hələ ilin əvvəllərindən başladığını deyən ekspert Bidzina İvanişvilini partiya rəhbərliyinə qayıtmağa məcbur edən səbəblərə işıq salıb:
“Ümumiyyətlə, bir neçə il bundan qabaq açıq şəkildə fəal siyasətdən gedən İvanişvili bəyan etmişdi ki, onun davamçıları güclü demokratik Gürcüstan quracaqlar. Ancaq o, bu arzusuna çata bilmədi. Çünki son 5 il ərzində Gürcüstanda üç baş nazir dəyişib. Bu o deməkdir ki, Gürcüstan hakimyyətində İvanişvili faktoru hələ də əsaslı rol oynayır. Son 1-2 il ərzində Kvirikaşvilinin baş nazir olmasına baxmayaraq, Gürcüstan cəmiyyətində əsas tənqid hədəfi məhz İvanişvili idi. Bu paradoksun əsas səbəbi hakimiyyətin arxasında İvanişvilinin durmasıdır. Əlbəttə ki, onun tərəfdarları və hakim komandasındakı silahdaşları bu reallığı rədd edirdilər. İvanişvilinin reytinqinin aşağı düşməsi avtomatik olaraq hakim partiyanın reytinqinə də təsir göstərirdi. Məhz buna görə də İvanişvili partiya rəhbərliyinə qayıdan kimi öz nüfuzunu möhkəmləndirmək üçün yeni dəyişikliklərə start verib. Çünki bir neçə aydan sonra Gürcüstanda prezident seçkiləri baş tutacaq və seçkilərdə hakim partiyanı tənqid edən qüvvələrin qalib gəlmək şansları var”.
Politoloqun fikrincə, Gürcüstandakı son dəyişiliklər ölkədə hakim partiyaya qarşı narazlığın artmasının qarşısını almağa hesablanıb:
“Bunun qarşısını almaq üçün də İvanişvili Kvirikaşvilinin qarşısında istefa şərtini qoydu. Halbuki o, bir neçə gün bundan öncə istefadan boyun qaçırmışdı. Görünür, hakim komandanın təzyiqlərinə dözə bilməyən Kvirikaşvili sadəcə istefaya getmək məcburiyyətində qalıb. Bir ay ərzində Gürcüstanda yeni baş nazir təyin olunacaq. Baş nazir vəzifəsinə namizəd Baxtadzedən çox şey asılı olacaq. Hesab edirəm ki, bütün hallarda Gürcüstanda gedən proseslər payızda keçiriləcək prezident seçkilərində hakim komandanın vahid namizədlə iştirak etməsini təmin etməyə hesablanıb. Əsas məqsəd isə seçicilərin rəğbətini qazanmaq və hakim komandaya rəqib olan gücləri hakimiyyətə buraxmamaqdır ”.
Qeyd edək ki, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili iyunun 13-də tutduğu vəzifədən istefa verib.
Ən çox oxunanlar
Son xəbərlər