Pulların üzərindəki təsvirlərlə bağlı səsverməyə başladılar

İngiltərə Bankı nominal dəyəri 5, 10, 20 və 50 funt sterlinq olan yeni əsginas seriyası üçün təsvirlərin seçilməsi ilə bağlı ictimai səsvermə proseduruna start verib.
Qanunvehedef.az BBC-yə istinadən xəbər verir ki, yeni əsginasların üzərində 1970-ci ildən sonra ilk dəfə olaraq tarixi şəxsiyyətlərin təsvirləri yer almayacaq.
Onların əvəzinə Britaniya təbiətində rast gəlinən 18 heyvan, quş və həşəratdan ibarət siyahıdan təsvirlərin yerləşdirilməsi təklif olunur.
İyulun sonuna qədər davam edəcək səsvermə zamanı hər kəs altıya qədər təsviri seçə bilər. Siyahıya delfin, dovşan, kirpi, suiti, dələ, tülkü, qızılbalıq, köpəkbalığı, arı, qurbağa, cırcırama, kəpənək, həmçinin quşlar - tupik (dəniz tutuquşusu), adi alabayquş (sipuxa), adi balıqçıl (adi suquzğunu), Avrasiya kronşnepi, böyük ağacdələn və ağquyruq dəniz qartalı daxil edilib. Yekun qərarı İngiltərə Bankının rəhbəri qəbul edəcək.
Əsginasların isə bir neçə ildən sonra döyriyyəyə buraxılacağı gözlənilir.
Qeyd edək ki, sözügedən əsginasların hazırda dövriyyədə olan seriyası üzərində Böyük Britaniyanın sabiq Baş naziri Uinston Çörçill, yazıçı Ceyn Ostin, rəssam Uilyam Törner, həmçinin riyaziyyatçı və kriptoqraf Alan Türinq təsvir olunub.






















