Prezident başçılardan tələbini detallarına qədər açıqladı
Baxılıb: 479 Tarix: 13-11-2019 13:43
Azərbaycanda hazırda çox ciddi kadr islahatları aparılır. Həm təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, peşəkar olsunlar, eyni zamanda, Vətənə bağlı olsunlar. Ona görə gənclərə vətənpərvərlik hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə Vətənə bağlı olsunlar və hər hansı bir xarici təsirdən azad olsunlar.
Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən deyib.
Prezidentin sözlərinə görə, icra başçıları ilk növbədə, vəziyyəti düzgün qiymətləndirməli, çox ciddi təhlil aparmalı, çatışmayan cəhətləri üzə çıxarmalı və mövcud olan problemlərin həlli üçün səy göstərməlidir:
“O problemlər ki, həlli mərkəzi icra orqanlarından asılıdır, siz mütləq mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, digər müvafiq qurumlara müraciət etməlisiniz. O məsələləri ki, özünüz həll edə bilərsiniz, özünüz də həll etməlisiniz. Başlıca məsələ ondan ibarətdir ki, sizin işinizdə əsas prinsiplər bərqərar olsun”.
Prezident icra başçılarına ləyaqətlə xidmət etməli olduqlarını tapşırıb. O, bunun həm bu gün yeni təyin olunan icra başçılarına, həm də artıq icra başçısı vəzifəsində işləmiş və digər rayon və şəhərlərə göndərilən icra başçılarına aid olduğunu deyib:
“Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir”.
İlham Əliyev çıxışında onu da vurğulayıb ki, icra başçıları peşəkar, bilikli olmalıdır və işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar.
“Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, Prezident bu şəxslərə etimad göstərir”, - deyən İlham Əliyev bu etimadın mütləq olmadığını və bunun icra başçılarının işindən asılı olduğunu vurğulayıb:
“Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur”.
Dövlət başçısı icra başçılarının rəhbərlik edəcəyi şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalı olduqlarını, korrupsiya, rüşvətxorluğun Azərbaycanın gündəliyindən silinməsi gərəkdiyini xüsusi vurğulayıb. Prezident bildirib ki, əgər onlar bu kimi problemlərə gözlərini yumarlarsa, yaxud da özləri bu çirkin işlərə qarışarlarsa, layiqli cəzalarını alacaqlar.
Prezident icra başçıları ilə görüşündə daha bir mühüm məqama toxunub. O, vətəndaşlara səslənərək onlardan düzgün işləməyən icra başçıları haqda məlumat vermələrini istəyib:
“Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik”.
Prezident yerlərdən gələn hər bir siqnala obyektiv baxılacağını icra başçılarının fəaliyyətinə obyektiv qiymət veriləcəyini bildirib: “Ona görə siz elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda işlər yaxşı getsin. Siz çalışmalısınız ki, rayonlara sərmayə qoyulsun, investorları inandırmaq üçün səylər göstərməlisiniz. Yəni, gözləməməlisiniz ki, dövlət gəlib hansısa işi görəcək, onsuz da biz bunu görürük. Hazırda 4-cü regional inkişaf proqramının icrası davam edir. Əminəm ki, növbəti 4 il ərzində bu günə qədər öz həllini tapmamış məsələlər də öz həllini tapacaq. Ancaq siz hər bir rayonda mövcud olan problemlərə diqqət göstərməlisiniz, reaksiya verməlisiniz və çalışmalısınız ki, bu məsələlər öz həllini tapsın. Biz bu qədər səy göstəririk, bu qədər işlər görürük, əgər hansısa yaramaz məmur öz şəxsi maraqlarını təmin etmək üçün hansısa bəd əməl törədərsə, mütləq cəzasını alacaq və artıq tarix bunu göstərir”.
Ən çox oxunanlar
Son xəbərlər