Prezident anons etdi: nələr olacaq? - Şərh
Baxılıb: 726 Tarix: 24-12-2019 15:08
Prezident İlham Əliyev son müsahibəsilə tamamilə yeni bir ənənənin əsasını qoydu.
Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin ötən gün yerli televiziyalara verdiyi müsahibəni təhlil edərkən deyib. O, sözügedən müsahibənin bundan sonrakı vəziyyətlə bağlı bir siqnal olduğunu söyləyib:
“Ölkə başçısı məmur özbaşınalığı ilə bağlı vəziyyətin araşdırıldığını söylədi. Zənnimcə, Prezidentin fikirləri ölkədə baş verən vəziyyətlə bağlı şəffaflığa dəlalət edir. Eyni zamanda Prezident artıq bütün kartları açır, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizənin ardıcıl, dönmədən, daha mübariz formada aparılacağını bəyan edir. Prezident həmçinin bununla ölkədə hər hansı bir informasiya qıtlığının olmayacağını, müntəzəm olaraq jurnalistlərin və kütləvi informasiya vasitələrinin bu məlumatlarla təmin ediləcəyi barədə bir növ öhdəlik götürüb. Prezident çox ətraflı və informasiya yüklü görüş keçirdi. Bu görüş vəd etdi ki, görüşlər ənənəvi xarakter daşıyacaq və informasiya qıtlığı səbəbindən yaranan narazılıq hallarının aradan qaldırılmasına yardım edəcək”.
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Prezident İlham Əliyevin məmurlarla bağlı tənqidlərini çox yerində və haqlı sayıb:
“Biz dəfələrlə məmur özbaşınlığının şahidi olmuşuq. Bəzi məmurlar sadəcə olaraq özlərini həmin vəzifələrdə əbədi hesab edirlər. Onlar özlərini elə aparırlar ki, sanki bu, onlara bəxşiş olunan bir nemətdir. Prezident tamamilə düzgün qeyd elədi ki, onlar xalqın tələblərini yerinə yetirməli, vətəndaşlarla təmasda olmalı, vəzifələrindən sui-istifadə etməməlidirlər. İş orasındadır ki, bəzi məmurlar yerlərdə rüşvətxorluıqa məşğuldurlar, vətəndaşları incidirlər, onlarla kobud rəftar edirlər. Dövlət başçısının “onlar xalqdan qorxmurlarsa, heç olmasa, allahdan qorxsunlar” sözləri tam mənada vəziyyəti əks etdirir”.
Politoloq problemlərin gizlədilməsinin həll yolu olmadığını söyləyib:
“Prezident bildirdi ki, bir sıra məmurlar həqiqəti gizlədirlər, ona vaxtlı-vaxtında məruzə etmirlər və yaxud sadəcə olaraq yalan danışırlar. Çünki onlara sərf etmir. Həmin məmurlar bilirlər ki, bu məsələlərlə məşğul olmalı, konkret tapşırıqları yerinə yetirməlidirlər. Son nəticədə elə bir vəziyyət yaranır ki, problem həll olunmamış qalır, amma Prezidentə məruzə edirlər ki, hər şey yüksək səviyyədə həllini tapıb”.
F.Sadıqovun sözlərinə görə, yeni təyin olunan məmurlar artıq yeni üslubda işləyəcəklər:
“Çünki onlar başa düşür ki, qarşılarında yeni vəzifələr dayanır. Dövlət başçısı yeni təyin olunan hər bir kadrla görüşüb, onlara konkret tapşırıqlar verir. Düşünürəm ki, daha sağlam düşüncəli yeni kadrlar bütün deyilənləri nəzərə alıb fərqli formatda işlərini quracaqlar. Amma təbii ki, digər məmurlar da bunu özlərinə örnək götürməlidirlər”.
Ən çox oxunanlar
Son xəbərlər