ABŞ Rusiyanın bu layihəsini məhv edə biləcəkmi?
Baxılıb: 718 Tarix: 12-08-2020 08:17
Rusiya təbii qazın nəqlində Türkiyə bazarında da, Avropa bazarında da öz mövqelərini itirir. ABŞ Avropa bazarında rəqabət mühitini formalaşdıraraq Rusiya qazına olan asılılığı azaltmaqda davam edir.
Bu sözlər Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban “Şimal axını-2” qaz boru kəmərinin tikintisinin ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə ləğv edilə biləcəyi haqda səslənən iddiaları şərh edərkən deyib.
Ekspert bildirib ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar yalnız “Şimal axını-2” qaz boru kəmərinin tikintisini ləngitmək məqsədi daşımır:
“Mövcud iqtisadi sanksiyalar Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsinə cavab olaraq tətbiq edilib. ABŞ-ın bu gün Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməsini fərqli şərh edənlər də var. ABŞ sanksiyalar yolu ilə Rusiyanın satış bazarına müdaxilə edərək, öz təbii qazını Avropaya satmaq istəyir. Bu gün Avropanın rus qazından ciddi asılılığı mövcudur. ABŞ bu asılılığı azaltmağı hədəfləyir”.
Ekspert deyib ki, “Şimal axını-2” qaz boru kəmərinin tikintisinin dayandırılması Avropa qaz bazarında boşluq yaratmaz:
“Rusiya bu layihəni tərtib edəndə əsas məsələ Ukrayna və Belarusun ərazisindən yan keçmək idi. Yəni digər boru kəmərlərinin bir çoxu birbaşa və ya dolayı yolla bu ölkələrdən keçərək Avropaya çatırdı. Bu isə öz növbəsində Rusiyanın Belarus və Ukraynaya ixrac etdiyi qazı bölüşməsi və ya ucuz satması demək idi. Yəni “Şimal axını-2” qaz boru kəmərinin Rusiya üçün əsas önəmi bu ölkələrdən yan keçməsi idi.
“Şimal axını-2”-nin tikintisi dayandırılsa, bu, Rusiya üçün baha başa gələcək. Çünki Rusiya bu layihəyə xərc çəkib. Boru kəmərinin təkcə Baltik dənizi hövzəsindən keçən hissəsi üçün Rusiya 160 milyon dollar xərcləyib. Bundan əlavə, Rusiyanın bu layihədən əldə edəcəyi gəlir illik 10 milyard avro həcmindədir. Bütün bunları göz önündə tutanda vəziyyətin ciddiliyini anlamaq olur”
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər