ABŞ Rusiyanı necə çökdürür? – Unikal plan
Baxılıb: 529 Tarix: 16-04-2021 13:39
ABŞ öz rəqiblərinə qarşı artıq uzun müddətdir ki, iqtisadi təzyiq vasitəsilə mübarizə aparır. Bayden də hakimiyyətə gələndə bu prinsiplə çalışacağını elan etmişdi və hazırda Ağ Evin məhz bu şəkildə davrandığını müşahidə edirik.
Bir-birinin ardınca iqtisadi sanksiyalar, Rusiyanın ticarət dövriyyəsinin azaldan qadağalar, ayrı-ayrı şəxslərə tətbiq edilən məhdudiyyətlər, aktivlərin dondurulması, irimiqyaslı layihələrin qarşısının alınması görünən faktlardır. Ancaq bir də görünməz, daha doğrusu, “informasiya hücumu” ilə Rusiyanı ağır xərclərə məcburetmə taksikasının seçildiyi müşahidə edilir.
ABŞ info-texnoloqları bunu ustalıqla həyata keçirir. Məsələn, Ukrayna ətrafında gərginlik o həddə çatdırılır ki, Rusiya böyük ordusunu Ukrayna ilə sərhədə göndərir, Xəzər donanmasının əsas gəmilərini Qara dənizə toplayır, Cənub Hərb Dairəsindən hərbi birliklər Krım istiqamətində yerləşdirilir. İddialara görə, Rusiyanın Ukrayna sərhədinə topladığı ordunun həcmi artıq 50 min civarındadır və onlar müvəqqəti yerləşdirildikləri ərazidə çadırlardadır. Çadırlarda yaşayan, yeni əraziyə dislokasiya edilən rus əsgərlərinin və çoxsaylı texnikanın saxlanma xərci isə əlbəttə ki, bir neçə dəfə artır.
Donanmanın dislokasiyası da sıradan bir şey deyil: vaxt, enerji və ən əsası külli miqdarda vəsait deməkdir.
Paralel olaraq Dnestryanı və Balkanlarda da rəsmilərin vəziyyətdən narahat olduqlarını bildirən açıqlamaları verilir, ordular “hazırlıq vəziyyəti”nə gətirilir. Rusiya Kalininqraddakı qüvvələrini də gücləndirməyə, orda hərbi xərclərini artırmağa məhkumdur.
Rusiya vaxtaşırı olaraq “pozulan sərhədə” görə qırıcılar qaldırmağa, sərhədlərində daim uçuşlar həyata keçirməyə də məcbur edilir. Maraqlıdır ki, “sərhədpozmalar” əsasən Sakit okean, ya da Arktika ərazilərində “baş verir”.
Beləliklə, ərazi baxımından dünyanın ən nəhəng ölkəsi olan Rusiya Avropanın şərqindən başlayıb, Yaponiyaya qədər uzanan ucsuz-bucaqsız sərhədlərini daha həssaslıqla qorumaq üçün çalışır.
Üstəlik, Rusiyanın maraq dairəsində olan ölkələrdəki qarşıdurmalarda hərbi iştirakı da ucuz başa gəlmir. Vəziyyət o həddə çatdırılıb ki, artıq Rusiyadan uzun müddətdir Venesuela istiqamətində açıqlamalar gəlmir. Sanki Maduro “yaddan çıxıb”. Halbuki “dünənə qədər” Rusiya ABŞ-ın burnunun ucuna qədər əlini uzatmaqda israr edirdi.
İndi vəziyyət dəyişib və Rusiyanın hətta Suriya, İraq, Liviyada aktivliyi əvvəlki illərlə müqayisədə kifayət qədər aşağı düşüb.
Rusiya sürətlə sərhədlərinə doğru sıxışdırılır və bu sıxışdırılma yalnız “əlavə xərclərin” yaradılması, Rusiyanın qazanmasına imkan verilməməsi, olan-qalanını israf etməyə təhriklə gerçəkləşdirilir.
Ən maraqlı informasiya oyunu da son iki-üç gündə baş verənlər oldu. ABŞ Ukrayna üçün Qara dənizə iki hərbi gəmisini göndərəcəyi barədə mediaya informasiya ötürdü, Rusiya bunun qarşısını almaq üçün Qara dəniz donanmasına Xəzərdən 11 gəmi göndərəcəyini açıqladı; ABŞ boğazlardan iki gəminin keçəcəyi haqda Türkiyəyə Montrö müqaviləsi çərçivəsində rəsmi bildiriş də göndərdi və Türkiyə də bunu saziş ölkələrinə - həm də Rusiyaya – elan etdi. Rusiya faktın yəqinləşməsinin ardınca dərhal hərəkətə keçdi və 11 gəmi Volqadan keçidə başladı.
İki gün sonra isə ABŞ “fikrindən” daşındı, gəmiləri göndərəsi olmadı...
Taktiki gedişlərdir, hər şey Rusiyanın daha çox xərcləməsi üzərində qurulub.
Əlbəttə, ABŞ da xərcləyir, ABŞ da bədəl ödəyir. Ancaq dünya iqtisadiyyatının üçdə birinə sahib olan ABŞ-ın bu xərcləri onun iqtisadi sabitliyini qətiyyən təhdid etmir.
Rusiya isə sürətlə tükənir – hazırda neft bahalaşanda belə rublun dirçəlməsi əvvəlki dövrlərlə müqayisədə daha aşağıdır...
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər