Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

İsmayıllının suvarma rəisi də dindirilməlidir

Baxılıb: 796     Tarix: 21-12-2018 15:45   

   Artıq sona çatmaqda olan 2018-ci ilin yaddaqalan hadisələri sırasında iyunun 2-də baş vermiş sel nəticəsində Göyçay çayı üzərindəki avtomobil körpüsünün dağılması və onu müşayiət edən assosiasiyaları qeyd etmək olar. Bildiyimiz ki, faktla bağlı cinayət işi başlayan Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi müəyyən etdi ki, müqavilələri ləğv edilmiş karxanaların sahibkarları gizli yolla çay məcrasından material götürüb, qeyri-qanuni fəaliyyət göstərmiş, bununla da Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində çayın üzərində yerləşən körpü keçidinin dayaq və bünövrə konstruksiyalarına, çayın şimal hissəsində əkin sahələrinin suvarma suya ilə təmin etmək məqsədilə inşa edilmiş baş su götürücü və onun müdafiəsini təmin edən qurğularının dayanıqlığına ziyan vurmuşlar. Nəticədə vəzifə səlahiyyətlərindən sui-istifadə edən, külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olan, yerin təkinin qorunması və istifadəsi qaydalarını pozan bir neçə fiziki və hüquqi şəxsə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edildi.
   Həmin hadisələrin davamı olaraq, iyul ayında İsmayıllı rayon prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyev vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olundular. Məlum olmuşdu ki, rayon prokuroru böyük köməkçisinin əli ilə “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən və sahibkar Qalib Süleymanovdan onlara məxsus qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barələrində cinayət işinin başlanmaması üçün, yəni edəcəkləri qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət alıblar. İş üzrə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildi.
   Sözügedən məsələlərin üzərində çox dayanmaq fikrimiz yoxdur. Bir məqamın vacibliyini vurğulamaq istəyirik ki, təbiətə, dövlətə, xalq təsərrüfatına ciddi ziyan vuran belə hadisələrin qarşısını almaq üçün hansısa körpünün uçub dağılmasını gözləmək lazım deyil, saxta sahibkarların qanunsuz hərəkətlərinə qarşı hamılıqla mübarizə aparmalı, onların vaxtında zərərsizləşdirilməsi üçün vətəndaş cəmiyyəti olaraq dövlətə etibarlı tərəf müqabili kimi çıxış etməliyik.  
   Bu qəbildən olan neqativ hallara qarşı mübarizə işi birbaşa vəzifəsi olan qurumlar sırasında "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin yerlərdəki struktur vahidləri öndə dayanır desək, yanılmarıq. Doğrudur, zaman-zaman KİV-də bəzi rayon suvarma sistemləri idarələrinin rəhbər işçilərinin çay yataqlarına zərər vuran karxana sahibkarlarından gecikmiş gileyləri, şikayətləri eşidilib. Məsələn, Quba rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi İsrafil Bağırov "həyəcan təbili" döyüb ki, karxanalar su problemi yaradır, suyu bulandırır çay yataqlarını dərinə salır. Onun xaçmazlı həmkarları da bu problemi ictimailəşdirməyə çalışıblar. Amma təəssüf ki, bəzən də suvarma rəislərinin belə hallara göz yummaları bir yana, hətta rəhbərlik etdikləri idarələrin balansında olan texnikanı karxana sahiblərinə qanunsuz icarəyə verdikləri barədə məlumatlar gözə dəyib. Məhz bu nöqteyi-nəzərdən, əvvəlcə internet resurslarında axtarış aparıb İsmayıllı rayon Suvarma Sistemləri İdarəsinin bu istiqamətdə hansı işlər gördüyünü öyrənmək istədik. Lakin SSİ-nin həm də İsmayıllının çayları olan Girdmançay, Əyriçay, Axoxçay, Göyçay çaylarının rayon ərazisinə aid nahiyələrində qeyd olunan tipli neqativ halları törədənlərə qarşı hansısa mübarizə tədbirləri gördüyü barədə məlumata rast gəlmədik. Fikirləşdik ki, elə məlumatların internetə düşməməsi hələ bu istiqamətdə heç bir iş görülməməsi demək deyil. Odur ki, idarə rəisi cənab Fazil Həsənova zəng açıb özündən öyrənmək istədik. Bildirdi ki, SSİ-nin xidmət etdiyi ərazidəki çaylarda belə qanunsuz fəaliyyət yoxdur.
   Əslində bu cavabı gözləyirdik. Bilirdik ki, məlum hadisələrdən dərhal sonra karxanaların fəaliyyəti yoxlanılıb, onların bir çoxunun işi dayandırılıb. "Bəs əvvəllər necə, elə neqativ hallar olmayıbmı?" - sualımız isə cavabsız qaldı. Rəis Fazil Həsənov iş reqlamentinin gərgin olduğunu bildirib bu mövzuda rahat danışmaq üçün yalnız bir neçə gün sonra vaxtı olacağını deyib söhbəti təxirə saldı.
Nə deyirik, redaksiya prokurorluq deyil, biz jurnalistlərin rəisi dindirmək, ondan sözü zorla almaq, verməyəcəyi təqdirdə isə cəzalandırmaq kimi səlahiyyətimiz yoxdur. Səlahiyyəti olanların diqqətini yönəltməyə çalışacağıq.  
   Pünhan Şükür
 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar