Bakıda biznesmeni izləyib yarım milyonunu oğurlamışdı - 9 ay sonra həbs olundu
Baxılıb: 551 Tarix: 30-11-2023 11:38
Ötən ilin avqustunda Bakı şəhəri Nərimanov rayonunda iş adamına hücum edərək onun yarım milyon manata yaxın pulunu alan dəstə üzvlərindən biri Rusiyada tutulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Yusif Əliyev bu ilin may ayında Azərbaycana ekstradisiya edildikdən sonra onun barəsindəki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə bildirilib ki, Yusif Əliyev tanışı, iş adamı Bəxtiyar M.-in valyutadəyişmə işi ilə məşğul olduğunu bilib. Hadisə günü iş adamı yarım milyon manata yaxın pulunun (rubl, dollar və manatdan ibarət) təhlükəsizlik məqsədilə yerini dəyişib. O, pulları noutbuk çantasına yığaraq Yasamal rayonu ərazisindəki evindən Nərimanov rayonunda yerləşən evinə gətirib. Yusif Əliyev bundan məlumatlı olduğu üçün tanışı Faiq və Elşən adlı şəxsləri həmin binaya göndərib və pusqu qurub. Özü isə kənarda avtomobildə gözləyib. Bəxtiyar M. binaya daxil olarkən Faiq ona hücum edərək zərbələr endirib və pulla dolu çantanı götürərək qaçıb. Onlar avtomobillə ərazidən uzaqlaşıblar və pulları aralarında bölüblər. Bundan sonra Yusif ölkədən qaçıb. Faiq və Elşən isə tutulub. Daha əvvəl keçirilmiş məhkəmə prosesinin nəticəsində onların hər birinə 11 il həbs cəzası verilib.
Rusiyada tutulduqdan sonra Azərbaycana ekstradisiya olunan Yusif Əliyevin məhkəməsi isə noyabrın 27-də başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü (Quldurluq - 181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədilə və sağlamlığa ağır zərər vurulmaqla) maddələri ilə təqsirli bilib. Əvvəllər biznes fəaliyyəti ilə məşğul olmuş, ali təhsilli, 1 uşaq atası Yusif Əliyevə məhkəmənin hökmü ilə 11 il 6 ay həbs cəzası verilib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər