“Tayson” ləqəbli şəxs məhkəmə zalında həbs edildi
Baxılıb: 605 Tarix: 04-12-2023 15:10
2008-ci ildə Rusiyanın Vladimir vilayətinin Karabanovo şəhərində Dmitri Melnikov adlı şəxsi döyərək qətlə yetirən Bərdə sakini, 1989-cu il təvəllüdlü Şükür Dadaşova hökm oxunub.
Qanunvehedef.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 15 il əvvəl qətl törətmiş şəxs Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma- ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib.
Bildirilib ki, Şükür Dadaşov idmanla məşğul olub və yaşadığı Karabanovo şəhərində “Tayson” ləqəbi ilə tanınıb. Hadisə baş verən gün onun şəhərin Mədəniyyət Evində yerləşən tualetin yanında bir neçə nəfərlə mübahisəsi düşüb. Mübahisənin münaqişəyə çevrilməsi ilə Ş. Dadaşov D. Melnikova çoxsaylı zərbələr endirib, yerə yıxılan şəxsi yumruq və təpiklə vurub. Zərərçəkmiş şəxs orada vəfat edib.
Bundan bir müddət sonra Azərbaycana gələn Şükür Dadaşov 2021-ci ildə tutularaq istintaqa təhvil verilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə “Tayson” ləqəbli şəxsə 7 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, məhkəmədə D.Melnikovun yaxınları videokonfrans proqramı ilə iştirak ediblər. Onlar Şükürün cəzalandırılmasını istəyiblər.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər