VALEHEDİCİ HƏKİM
Baxılıb: 890 Tarix: 02-09-2019 14:25
Çağdaş Azərbaycan mediasının problemləri ilə əlaqədar münasibətləri öyrənilmiş həmkarlarımdan biri KİV-ə verdiyi müsahibəsində belə bir fikir söyləmişdi ki, baş redaktor əgər məqalə yazmırsa, onda məmurlaşma gedir.Həmin fikirlə mən də razıyam. Eyni sözləri necə ki jurnalistin, eləcə də müəllimin, həkimin barəsində demək olar. Hələ sovet dönəminin təhsildə rüşvətxorluğun baş alıb getdiyi son illərində eşitdiyim, bəlkə hörmətli oxucuların da bir çoxunun eşitmiş ola biləcəkləri bir lətifəni yada salmaq istəyirəm: "Oğlu ali məktəbə qəbul olunmuş bir nəfər bu münasibətlə evində ziyafət təşkil edir. Onu və ailəsini yaxşı tanıyan qonaqlardan biri soruşur: "Sənin ki oğlun dərslərini yaxşı oxumurdu, bəs necə oldu, yüksək savad tələb edən tibb fakültəsinə düşdü? O necə həkimlik edəcək, axı?" Məclis sahibi halını pozmadan cavab verir: "Yox, o həkim işləməyəcək, baş həkim olacaq".
Ümumiyyətlə, Azərbaycan adamının şüurunda ətalət qüvvəsi ilə belə bir stereotip qalmaqdadır ki, hər hansı bir sahənin mütəxəssisi karyerada yüksəlirsə, təşkilati və idarəçilik işləri onun ikinci plana keçən peşə vərdişlərini tədricən korşaldır. Və yaxud, baş həkim olmaq üçün heç də həkimlərin ən bacarıqlısı olmaq lazım deyildir. Lakin, istisna təşkil edən bəzi insanlar vardır ki, hansı vəzifəyə irəli çəkilirlərsə çəkilsinlər, onların əllərini çörəyə çatdıran sənətə xəyanət etmirlər. Belələrindən biri də haqqında söz açdığım həkim Valeh Alışovdur. Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının Poliklinika şöbəsinə rəhbərlik edən doktor Valeh Alışovun müdirlik vəzifəsindən irəli gələn idarəedici və təşkilati işlər, bürokratik əməliyyatlar, sənəd dövriyyəsi xeyli vaxtını alsa da, onun qəbuluna yalnız hansısa mühüm sənəd üçün deyil, sorağını eşidib məhz müayinə və müalicə üçün gələn pasientlərə mütləq diqqət ayırır, onları təmkinlə dinləyir, dəqiq müayinə aparır, dürüst müayinə tətbiq edir.
Bildiyimiz kimi, psixiatr köməyinə ehtiyacı olan insanların səhhət durumu olduqca həssas yanaşma tələb edir. Adicə bir qeyri-korrekt söz, biganə münasibət, yanlış yazılmış müalicə üsulu onların ruhi vəziyyətini gərginləşdirə, özləri və yaxınları üçün ciddi narahatçılıq törədən səviyyəyə gətirib çıxara bilər. Olur ki, doktor Alışov bəzən saatlarla pasientlərlə söhbət edir, onlara nikbin ovqat aşılayır, mötədil və effektiv məsləhətlər verir. Çünki, bilir ki, belə xəstələrin şəfa tapmasının əsas yolu məhz təlqindən keçir. Həkimin mehriban çöhrəsi, həlim danışığı, məntiqli mülahizələri qarşısındakı insanı özünə möhkəm tellərlə bağlayır. Pasientləri arasında elələri var ki, onlar üçün Valeh həkimin sadəcə mövcudluğu, iş başında olduğunu bilmələri, telefonla zəng vurub hal-əhval tutmaları onların qəlbinə xatircəmlik işığı salır, ruhlarını qidalandırır, sinirlərini sakitləşdirir.
Sözün hərfi mənasında zəhməti ilə ucalanlara nümunə olan doktor Valeh Alışov işlədiyi vəzifələrdə mahir təşkilatçılığı, prinsipiallığı, yorulmazlığı ilə seçilib, yüksək məsuliyyət hissi, səriştəlilik göstərə bilib, işlə yoldaşlığı, vəzifə ilə dostluğu balanslaşdırmağı bacarıb. Bütün çətin anlarda həmişə öz savadına, bacarığına güvənib. Vəzifəsindən sui-istifadə etməyib, əməkdaşlarına qarşı diqqətcil olub, içdiyi həkim andına sadiq qalıb, şərəfini qoruyub.
Sözübütöv, əməli düz, əqidəsi təmiz, mənəviyyatı saf, düşüncə tərzi geniş, gözü-könlü tox, təvazökar insan olan Valeh həkimə uzun ömür, can sağlığı, insanların sağlamlığının keşiyində durmaq kimi müqəddəs fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, xalqın alqışladığı, cəmiyyətin rəğbət bəslədiyi, tibb ictimaiyyətinin yüksək dəyər verdiyi Valeh Alışovun xidmətləri dövlətimiz tərəfindən də layiqli qiymətini alacaqdır.
Pünhan Şükür
Ən çox oxunanlar
Son xəbərlər