Xəzər rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Vətən müharibəsində Qələbənin 6-cı ildönümü münasibətilə Xəzər rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib.
Xəzər rayonunun Qala-Pirallahı şosesinin sağ tərəfində keçirilən aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın əməkdaşları, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirilən aksiya çərçivəsində müxtəlif növ ağaclar əkilib, suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.
Aksiya zamanı ölkəmizin ərazi bütövlüyünün və tarixi Zəfərinin əldə olunmasında misilsiz qəhrəmanlıq göstərən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, onların əziz xatirəsinin daim uca tutulduğu vurğulanıb. Ağacəkmə aksiyasının əsas məqsədi ətraf mühitin mühafizəsinə töhfə verməklə yanaşı, gələcək nəsillərə Zəfər ruhunu aşılamaq və şəhidlərimizin xatirəsini yaşatmaq olub.
Qəni Hüseynov




















