Lavrov Bakıda nələri müzakirə edəcək?
Baxılıb: 624 Tarix: 02-12-2019 12:23
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu gün iki günlük rəsmi səfərlə Bakıya təşrif buyuracaq. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş və XİN rəhbəri Elmar Məmmədyarovla danışıqlar nəzərdə tutulub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
“Xarici işlər naziri Elmar Məhərrəm oğlu Məmmədyarovla danışıqlar zamanı ikitərəfli əməkdaşlığın əsas məsələlərinin müzakirəsi planlaşdırılır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da daxil olmaqla beynəlxalq və regional problemlər barədə fikir mübadiləsi aparılacaq”, - deyə Rusiya XİN səfəröncəsi qeyd edib.
Nazirliyin məlumatına əsasən, tərəflər həmçinin 2020-ci il üçün konsultasiya planı imzalayacaqlar.
Moskva ölkələr arasında mövcud olan siyasi dialoq naminə ənənəvi olaraq hər il baş tutan, siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə iki ölkənin əməkdaşlığına yönəlmiş qarşılıqlı səfərlərin vacibliyini qeyd edir.
Təkcə 2019-cu ildə ən yüksək səviyyədə iki görüş baş tutub. Azərbaycan və Rusiyanın Prezidentləri Vladimir Putin və İlham Əliyev aprel ayında Pekində “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu çərçivəsində danışıqlar aparıblar, oktyabrın 3-də isə Soçidə “Valday” beynəlxalq diskussiya klubu çərçivəsində görüş keçiriblər. Ölkə rəhbərlərinin növbəti görüşü dekabrın 20-də Sankt-Peterburqda nəzərdə tutulub.
Bundan əlavə, oktyabr ayında Rusiya Baş naziri Dmitri Medvedyevlə azərbaycanlı həmkarı Əli Əsədov arasında MDB Hökumət Başçıları Şurasının iclası çərçivəsində danışıqlar olub. Ötən ay Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfər edib. Onu Rusiya Federasiyası rəhbəri, baş nazir və Federasiya Şurasının spikeri Valentina Matviyenko qəbul edib.
Ən çox oxunanlar
Son xəbərlər