Azərbaycanlı tibb professoruna xaricdə 5.3 milyon avro mükafat verildi
Baxılıb: 701 Tarix: 11-12-2019 12:31
Nüfuzlu Lundbeck fondu dünyanın altı aparıcı nevroloqunu ümumi dəyəri 232 milyon danimarka kronu (30 milyon avro) məbləğində mükafatla təltif edib. Professorların hər biri 5.3 milyon avro əldə edəcək. Bu haqda Danimarkanın Lundbek Fondunun rəsmi saytı xəbər yayıb.
Musavat.com Azlogos.eu saytına istinadla bildirir ki, mükafata layiq görülənlərin üçü Aarhus universitetinin, digər üçü isə Kopenhagen universitetinin professorudur. Onların arasında həmyerlimiz, AzLogos-un ideya müəllifi Məsud Aşina da var.
Lundbeck Professor proqramı fondunun ən böyük həcmli qrant proqramında iştirak edən və tarixdə mislinə az rast gəlinən böyüklükdə qrantın qalibi olan Məsud Aşinanın tədqiqatları, baş ağrılarının yeni müalicə metodlarının axtarışına və təkmilləşdirilməsinə yönəlib. Onun elmi işi miqren tutmalarını stimulə edən faktorları daha yaxşı anlamağa yardım edən kliniki araşdırmalara və başqa tədqiqat metodlarına fokuslanıb. Onun tədqiqatlarının məqsədi miqren tutmalarının yaranmasında neyroiltihab proseslərinin rolunu izah etməyə və kalium kanalları altqrupunun aktivləşdirilməsinin gələcəkdə miqrenin müalicəsində tamamilə yeni müalicə üsullarının yaradılmasında istifadəsinə yönəlib.
Fondun rəsmi məlumatında bildirilir ki, Danimarkanın aparıcı nevroloqlarına bu mükafatı verməkdə məqsəd, beyin problemlərini gündəmdə saxlamaqdır.
“Beynimiz bizim ən mürəkkəb orqanımızdır. Bu orqan bizim ətraf mühitlə qarşılıqlı əlaqəmizi idarə edir. Həmçinin beynimiz bizim psixoloji mənliyimizin mənbəyidir. Beyin o qədər mürəkkəbdir ki, biz hələ də onun dəqiq necə işlədiyinə və bəzi xəstəliklərin yaranma mexanizmlərinə dair bir çox fundamental suallara cavab tapmamışıq. Buna görə də biz qərara gəldik ki, qrantlarımızın əsas hissəsini məhz bu istiqamətdə araşdırmalara yönəldək.” Bu sözləri Lundbeck fondunun araşdırmalar direktoru Jan Egebjerg deyib.
“Beyin patologiyaları həm bundan əziyyət çəkən insanlar, həm də ölkəmizin iqtisadiyyatı üçün ciddi təhlükədir. Burada dünya əhalisinin yaşlanmasının da payı az deyil.
LF Professoships proqramının məqsədi beynəlxalq nüfuza malik mütəxəssislərin rəhbərlik etdiyi əsaslı beyin tədqiqatlarına şərait yaradan mühitin inkişafına dəstək olmaqdır. Bu proqramın professorları fundamental beyin problemlərinin araşdırmalarına fokuslanmış şəxslərdir. Onların bu istiqamətdə rolu həm bilavasitə araşdırmalara nəzarət etmək, həm də növbəti nəsil yeni, gənc alimlərin yetişdirilməsidir".
Məsud Aşinadan başqa, mükafata layiq görülmüş beş professor aşağıdakılardır:
Poul Nissen, Molekulyar biologiya və genetika fakültəsi – DANDRITE, Aarhus Universiteti
Poul Nissen, spesifik zülalların atomar səviyyədən tutmuş hüceyrəaltı səviyyəyədək üç ölçülü strukturunu öyrənəcək. O, neyron və neyron əlaqələrini təşkil edən və onların yaranmasına yardım edən zülaların əsas mexanizmlərini daha yaxşı başa düşməyə imkan verəcək zülal strukturu modellərini analiz edəcək və quracaq.
Jelena Radulovic, Biotibb fakultəsi, Aarhus universiteti
Jelena Radulovicin tədqiqatları sırasında ortogenetika və xemogenetika kimi mürəkkəb texnikalar var. Siçanlar üzərində apardığı tədqiqatlarda o, xoşagəlməz xatirələrin dəqiq molekulyar mexanizmlərini və onların depressiyaların yaranmasına təsirini öyrənir.
Andreas Kjer, Biotibb elmləri fakultəsi, Kopenhagen universiteti və Rigshospitalet
Andreas Kjerin tədqiqatlarının məqsədi beynin ən bəd xassəli şişlərindən olan qlioblastomanı müəyyən etməyə və müalicə etməyə kömək edən molekulların yaradılmasıdır.
Ole Kiehn, Nevrologiya fakultəsi, Kopenhagen universiteti
Ole Kiehnin araşdırmaları isə əsasən hərəki funksiyaları idarə edən beyin mərkəzlərini və üsusi neyronal zəncirləri izah etməyə istiqamətlənib.
Leif Ostergaard, Kliniki tibb fakultəsi, Aarhus universiteti
Leif Ostergaardın elmi işi beynin ən xırda damarlarının, kapilyarların beyin hüceyrələrini oksigen və qida maddələri ilə təmin etməsi prossesinin pozulmasının hansı nəticələrə gətirdiyini öyrənməyə yönəlib.
Ən çox oxunanlar
Son xəbərlər