Deputat hər şeyi açdı: 4 aya 20 min manat və...
Baxılıb: 1 445 Tarix: 01-08-2020 12:49
Millət vəkili Erkin Qədirli deputatlara Qurban bayramına görə verilən əlavə 549 manat vəsaitə görə sosial şəbəkələrdə gedən müzakirələrə görə hesabat verib.
Qanunvehedef.az xəbər verir ki, millət vəkili əvvəlcə 4 ayda - mart-iyul (maaş + bayram payları + məzuniyyət haqqı) Milli Məclisdən təxminən 20 min manat aldığını bildirib.
O qeyd edib ki, maaşdan başqa gəliri yoxdur.
Daha sonra isə xərclərini bir-bir yazıb:
“1) 4,000 (çeşidli xeyriyyə işləri - heç birisi hökumətin təşəbbüsü və ya kommersiya layihəsi olmayıb);
2) 2,400 (anamın evində təmir işləri);
3) 1,500 (maşınımı bir neçə dəfə təmirə aparmalı oldum - 13 ildir sürürəm onu, istər-istəməz, orasını-burasını düzəltmək lazım gəlir);
4) 1,000 (saytın qurulmasına verdim - hələ açmamışam);
5) başqa xərclər (komunal, benzin, çeşidli xəbər və analitik saytlarda abunə haqları, ərzaq və s.)
Bu statusun yazıldığı anda maaş kartımda 9,860 manat 59 qəpik var.
Hesabat dövründə heç bir əmlak əldə etməmişəm. Yalnız doğum günümdə dostlar Çin istehsalı olan 1 smartfon (Xiaomi), 1 kostyum, 1 köynək və 1 qalstuk bağışlayıblar”.
E.Qədirlinin bu hesabatından sonra onun xərclərinin tam əhatələnmədiyi və yaxud çox az xərcləri olduğu barədə şərhlərə də deputat cavab verib. Bildirib ki, heç bir bankda krediti və ya depoziti yoxdur. Heç bir şirkətin səhmdarı deyil:
“Adıma yalnız bir əmlak var - 2007-ci ilin buraxılışı olan “Toyota Corolla” (tiptronik). 2007-ci ildə Toyota Mərkəzindən 3 illik kreditlə almışdım. Maşının qiyməti 20,000 manat, ilkin ödənişim 2,000 manat olub (10%). Krediti “Bank of Baku”dan götürmüşdüm (öz seçimim deyildi, “Toyota” onlarla işləyirdi). Krediti, yanılmıramsa, 22%-lə almışdım (elə verirdilər). Maşınımı aldığım vaxtda ayda 2,100 manat maaş alırdım (xarici layihədə çalışırdım). Aylıq ödənişim 700 manat olub. 2011-ci ildə krediti bağladım. Arada, işsiz qaldığıma görə, maddi sıxıntılarim oldu, ona görə kredit ödənişlərim yubandı.
Adıma daşınmaz əmlak yoxdur.
Şəxsi xərclərimin inandırıcı olmayan dərəcədə az olduğunu yazanlar olub. Güman ki, belə suallar məlumatsızlıqdan qaynaqlanır. Məlumatsızlığınızın mənbəyi də özüməm, çünki hesabatda bəzi şeyləri yazmamışam. Bir halda ki sual verildi, şübhə oyandı, cavabımı yazım.
Mən tək yaşayıram. 2014-cü ildə yoldaşımla boşandıq. Şəxsi ehtiyaclarım çox deyil, istəklərim ondan da azdır. Aylıq (ortalama) 4-5 manatlıq işıq sərfiyyatım olur. Yalnız oturduğum otağın işığını yandırıram, böyük lampaları işlətmirəm, qaranlığı sevirəm. Yalnız yay aylarında işıq xərclərim bir qədər artır (kondisionerə görə). Qaz xərclərim lap azdır (evdə nadir hallarda özümə nəsə bişirirəm). Yalnız qış aylarında kombi günə 1 manat yandırır. Onu da çox soyuq və güclü külək olanda işlədirəm (soyuğu sevirəm).
Ən sabit xərcim internetdir - ayda 18 manat. Telefonla çox az daşınıram (telefonda danışmağı sevmirəm). Yemək xərclərim azdır. Geyim xərclərim lap azdır. Mühafizəkar olduğuma görə, şəxsi həyatımda yenilik arzulayan birisi deyiləm. Paltarı ancaq ehtiyacım yarananda alıram (cırılanda, söküləndə və s.).
Deputat olandan bəri özümə yalnız iki köynək, bir cüt ayaqqabı (kostyumla geyinmək üçün), kəmər, bir neçə cüt corab almışam. Ayrıca, paylaşdığım hesabatda ancaq kartdan olan ödənişlərimi yazmışam. Mən ərzağa kartdan nadir hallarda pul xərcləyirəm (hərdən böyük marketlərə gedəndə). Əksər hallarda ərzağı evimin yanında olan kiçik dükanlardan alıram (nağd pulla). Başqa nağd xərclərim də olur.
Ümid edirəm, deputat olana qədər pulsuz yaşadığımı düşünmürsünüz və ona qədər, çox da olmasa, bir az pul yığdığımı güman edə bilərsiniz”.
Deputat vurğulayıb ki, həyatda istədiyi şeylərin çoxunu pulla almaq olmur:
“Ona görə, yaxud həm də ona görə də pul mənim üçün heç zaman məqsəd və ya motiv olmayıb. Bir deyimdə olduğu kimi: “Pulla çarpayı ala bilərsiniz, amma yuxu ala bilməyəcəksiniz”.
Mən belə yaşayıram”.
Ən çox oxunanlar
Son xəbərlər