Rəşid Mahmudov həkimlərə çağırış etdi
Baxılıb: 577 Tarix: 03-09-2021 11:17
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov həkimlərə və səhiyyə işçilərinə çağırış edib.
Qanunvehedef.az APA-ya istinadən xəbər verir ki, deputat fikirləri ilə razılaşmayan şəxslərlə açıq müzakirələrə hazır olduğunu bildirib.
"Bir ilə yaxındır ki, evdə müalicə, nə vaxt xəstəxanaya getməliyik və s. mövzularda fikirlərimlə razılaşmadığınız məqam və ya buna qarşı əks fikir yürüdəcək həkim və ya tibbi ekspert varsa, məmnuniyyətlə açıq müzakirələrə girməyə hazıram.
Təki cəmiyyətimizin bu gün bilmədən etdiyi yanlışlıqları az da olsa, düzəldə bilək. Səhiyyəmiz çox çətin bir sınaqdan keçir. Xüsusən evlərdə ilk günlərdən deksametazon, metipred, prednol-L, antibiotiklər, sistemlər yazan infeksionist, terapevt və pulmunoloqlara səslənirəm.
Bəlkə bilmədiyimiz və ya gözdən qaçan bir məqam var? Siz izah edin, xahiş edirəm.
İxtisasım ürək və damar cərrahı olsa da, ölkədəki ən böyük və ən səmərəli iş ortaya qoymuş reanimasiyaların qurucusu kimi, 2005-ci ildə dövlət xəstəxanasında rəsmi "İnfeksiya Nəzarət Komitəsini" quran biri kimi, kovidlə mübarizədə 1,5 ildir ən sadədən EKMO-ya qədər bütün müalicələri uğurla tətbiq edən Mərkəzi Gömrük Hospitalının əməkdaşı kimi, bir tibb alimi və bir millət vəkili kimi sizə müraciət edirəm:
Belə bir vəziyyətdə həkim olaraq, heç birimizin susqun oturmağa haqqımız yoxdur. Bu qədər yüklənmə qarşısında dövlət qurumlarından bu məsələdə nə isə etməsini gözləmək yanlışdır.
İnsanları vaxtında səhv yoldan döndərməsək, ölümlər daha da artacaq. Buna adım kimi əminəm. İnsanları evlərdə ilk gündən sistem və güclü dərman istifadəsinə inandıran siz, biz, bəlkə də hamımız olmuşuq. Bu səhvi düzəltmək də hamımızın işidir.
Halbuki, doğru tibbi taktika qurmaqla, ən azından insanlara belə vəziyyətlərdə nə etməmələri mövzusunda izah verməklə (sosial şəbəkələrdən) tərəddüd və qorxuları azalda bilərik. Nəticədə dövlətimizin COVİD-19 mübarizəsində ortaya qoyduğu səylərə və əməyə həm də əməldə dəstək olmuş olarıq.
Əlbəttə ki, bu dalğa da digərləri kimi 2-3 həftəyə sönməyə başlayacaq və sönəcək. Amma ən çətin günlərdə bir səhiyyəçi olaraq bütün çətinliklərə baxmayaraq, hadisəyə münasibətimiz hər zaman xatırlanacaq", - deyə R.Mahmudov vurğulayıb.
Ən çox oxunanlar
Son xəbərlər