Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

YAP: Demokratik siyasi münasibətlər dövlətin tərəqqisini şərtləndirən vacib amillərdəndir

Baxılıb: 786     Tarix: 24-11-2022 12:18   
 

Azərbaycanın siyasi sisteminə xalqımızın mənafeyini təcəssüm etdirən güclü siyasi təşkilat kimi daxil olan YAP 30 ildir ki, qarşısına qoyduğu məqsədlərə (dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin, sosialyönümlü iqtisadiyyatın nkişafı, milli-mənəvi dəyərlərin qorunması və s.) nail olunmasında böyük nailiyyətlər əldə edib. Partiya Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin aparılmasında, onun təbliğində yaxından iştirak edir.Daim yeniləşən cəmiyyət, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradaraq, YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. YAP həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir. Məhz bundan irəli gələrək, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyuldu. YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyəti yüksək qiymətləndirdi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”.Prezident İlham Əliyev qurultaydakı çıxışı zamanı YAP-ın müasir dövrün çağırışlarını özündə əks etdirən yeni proqramının hazırlanmasının vacibliyini bildirmişdir. Qurultayda partiyada mümkün dəyişikliklərlə bağlı təxminlərin çoxu təsdiqləndi. Belə ki, YAP-da struktur dəyişikliyi baş verdi, partiyanın Siyasi Şurası ləğv edildi, İcra Katibliyi Mərkəzi Aparatla əvəz olundu, tərkibi genişləndirilən İdarə Heyətinə yeni kadrlar, xüsusilə də gənclər, yeni adlar cəlb olundu. Qurultayda vitse-prezident Mehriban Əliyeva YAP sədrinin müavini vəzifəsindən birinci müavin vəzifəsinə təyin edildi. Mehriban Əliyevanın YAP sədrinin 1-ci müavini olması, partiyanın ümumi fəaliyyətinə böyük təkan verdi. O, Azərbaycan dövlətinin və xalqının maraqlarını beynəlxalq aləmdə əks etdirməklə yanaşı, müasir Azərbaycan qadınının ictimai- siyasi obrazını da dünyaya tanıdır. Əzmkarlığı ilə Azərbaycançılıq ideologiyasına, milli- mənəvi dəyərlərin qorunmasına xidmət edən Mehriban xanım Əliyevanın dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurlu fəaliyyəti təqdirəlayiqdir.
Qurultayda həmçinin, Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demoktatik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına birləşmək haqqında müraciətləri qəbul edilib ki, bu da Prezident İlham Əliyevin dediyi kimi, hakim partiyanın potensialının daha da artması deməkdir. Qeyd edək ki, Azərbaycan dövlətinin bütün sahələrində əldə olunan uğurlar YAP-ın yeni proqramının hazırlanmasını şərtləndirən mühüm faktorlardır. Prezident İlham Əliyevin çıxışlarından irəli gələn vəzifələri rəhbər tutaraq və ölkəmizin davamlı inkişafı, Azərbaycanın xarici siyasət sahəsində strateji maraqları, dördüncü sənaye inqilabının ictimai həyata göstərdiyi təsirləri və 44 günlük Vətən müharibəsində şanlı qələbənin yaratdığı reallıqları nəzərə alaraq, YAP-ın “Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlanmış və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri eyni zamanda onun sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də Prezident İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın 2021-ci ildə qəbul olunmuş proqramında öz əksini tapmışdır.
Görülmüş işlər və aparılan islahatlar sayəsində Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir. 760 mindən artıq üzvü olan partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyanın 85 yerli təşkilatı (rayon təşkilatı), 7 430 ərazi partiya təşkilatı mövcuddur. Hazırda YAP-ın 760 580 nəfər üzvü vardır. YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur.
YAP-ın mövqeyinə görə, siyasi idarəçilikdə və dövlətçilik şüurunda varislik prinsipi cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayır. Buna görə də partiyanın proqramında Azərbaycan xalqının müstəqil dövlətçilik ənənələrinin varislik əsasında qorunub saxlanılması əsas prinsiplərdən biri kimi qiymətləndirilir. Partiyanın 1918-ci il mayın 28-də müsəlman Şərqində qurulmuş ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq olduğu və onları yaşatdığı bildirilir.
YAP siyasi dialoqa partiyalararası münasibətlərdə əməkdaşlığı möhkəmləndirən mühüm faktorlardan biri kimi baxır. Partiyanın proqramında qeyd edildiyi kimi, siyasi həmrəylik şəraitində konstruktivliyi təmin edən mütərəqqi ideyalar formalaşır, yeni siyasi konfiqurasiya şəraitində siyasi partiyalar arasında əməkdaşlıq və həmrəylik möhkəmlənir. Xüsusilə, vətəndaş həmrəyliyinin və siyasi dialoqun mövcudluğu ümummilli məsələlərin həllində vacib əhəmiyyət daşıyır. Buna görə də Azərbaycanın tərəqqisini təmin edən amillərdən biri milli birlik və siyasi həmrəylikdir. Ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasında və partiyalararası dialoqun möhkəmlənməsində fəal iştirakı, geniş beynəlxalq əlaqələri YAP-ın cəmiyyətdə mövqeyini möhkəmləndirir.
YAP dövlətin idarə olunmasında və partiyadaxili fəaliyyətin təşkilində demokratik prinsipləri əsas götürür, siyasətdə açıq və peşəkar münasibətlərin tərəfdarı kimi çıxış edir. YAP hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafı üçün demokratik dəyərlərə böyük əhəmiyyət verir.
Partiya hesab edir ki, demokratik siyasi münasibətlər dövlətin tərəqqisini şərtləndirən vacib amillərdəndir.
YAP-ın yeni proqramında “Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”,
“Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdış”la bağlı hədəflər və onlara nail olmaq üçün vəzifələr göstərilmişdir.
YAP ictimai nəzarətin həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının oynadığı rolu yüksək qiymətləndirir. Buna görə də partiya dövlət və yerli özünüidarəetmə orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında səmərəli qarşılıqlı fəaliyyətin genişləndirilməsi, dövlət orqan və qurumlarında kollegial qərarların qəbulu zamanı, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının təmsilçiliyinin və iştirakının təmin edilməsi, dövlət orqan və qurumları yanında yaradılmış ictimai şuraların fəaliyyətində səmərəliliyin artırılması, ictimai şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi və s. hədəflərlə çıxış edir.
Bütün bunlar sübut edir ki, YAP möhtəşəm zirvələrə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır. Xüsusi qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası (YAP) yaşını artıq yeni statusda – Qalib Ölkənin, Qalib Dövlətin, Qalib Xalqın, Qalib Cəmiyyətin Hakim Partiyası statusunda keçirməyə hazırlaşır. 30 il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib və təbii ki, onların arasında ən mühümü ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. İnanmağa dəyər ki, böyük ənənələrə malik Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olaraq, artıq yeniləşmiş formatda daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir.

Anar Nəbiyev, YAP Qazax rayon təşkilatının sədriшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar