ABŞ türk dünyasına daha bir qapı açır: Kremlə növbəti zərbə
Baxılıb: 642 Tarix: 17-05-2018 14:35
ABŞ qarşısına qoyduğu mətləbləri yavaş-yavaş həyata keçirir.
Bu sözləri Qanunvehedef.az-a Qazaxıstan lideri Nursultan Nazarbayevin ardınca Özbəkistan prezidentinin ABŞ-a səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, son vaxtlar ABŞ Asiya qitəsində möhkəmlənməyə, əsasən də Əfqanıstan ətrafı dövlətlərlə əlaqələrini genişləndirməyə çalışır:
“Mirziyayev ölkəsində çox ciddi islahatlar həyata keçirir. Özbəkistanın daxili və xarici siması dəyişir. Ölkədə rüşvət və korrupsiyaya qarşı amansız müharibə elan edilib. Kərimov dövründən qalma kadrlar yeni kadr korpusu ilə əvəzlənir və sözün əsil mənasında mütərəqqi dəyişikliklər həyata keçirilir. Türkiyə prezidentinin Özbəkistana səfər zamanı Mirziyayev türk dünyasının birliyindən, ortaq türk bazarının yaradılmasından, bütövlükdə türk dövlətləri arasında mənəvi, siyasi əlaqələrin inkişaf etdirilməsinin zəruriliyindən danışmışdı. Ümumiyyətlə, Mirziyayev türkçü, mütərəqqi düşüncəli bir siyasətçi kimi bu gün çox böyük reytinqə malikdir”.
Politoloq bildirib ki, Nazarbayevdən sonra Mirziyayevin ABŞ-a səfəri mühüm məqamlardan xəbər verir:
“Nazarbayev ABŞ-a səfərində Qazaxıstanda ABŞ hərbi bazasının yaradılmasını təklif etmişdi. Üstəlik, Əfqanıstandakı ABŞ qoşunlarının təminatı Azərbaycan və Qazaxıstan vasitəsilə həyata keçirilir. Yəni Gürcüstandan Azərbaycana daşınan yüklər Qazaxıstana, oradan isə birbaşa Əfqanıstana göndərilir. ABŞ Qazaxıstanla möhkəm əlaqələr qura bilib. İndi də Mirziyayevlə eyni istiqamətdə danışıqlar aparılıb. Əsas məsələ Özbəkistan neft və qazının Avropa bazarlarına çıxarılmasıdır. Sözsüz ki, burada Bakı-Ceyhan və TANAP layihələri nəzərdə tutulur. Eyni zamanda, bu ölkədə ABŞ hərbi bazalarının yaradılması haqqında da razılığa gəlinib. Bu razılıq aviasiya bazası şəklində həyata keçiriləcək və məqsəd Əfqanıstana gedən yolun daha da qısaldılmasıdır. Belə ki, əgər bu ölkədə də hava bazası yaradılarsa, Bakıdan havaya qalxan yükdaşıyan təyyarələr daha Qazaxıstana getmədən birbaşa Özbəkistana, oradan isə birbaşa Əfqanıstana uçacaq. Nəticədə yüklərin daşınması məsafəsi qısalacaq və vaxta qənaət ediləcək”.
Politoloqun sözlərinə görə, hazırda ABŞ-ın əsas strategiyası bir növ Rusiyanı “mühasirəyə” alan dövlətlərlə sıx əməkdaşlıq tellərinin yaradılmasından ibarətdir:
“Vaşinqton sözügedən dövlətlərlə ciddi münasibətlər quraraq və Rusiya ətrafında bir çənbər yaradaraq Moskvanın bu bölgələrdəki mövqelərini ələ keçirir. Qədimdən belə bir fikir hakimdir ki, kim Asiyada hökmranlığı ələ alırsa, bütün dünyaya həmin güc nəzarət edə bilir. Görünür, ABŞ qarşısına qoyduğu mətləbləri yavaş-yavaş icra edir. Qazaxıstanda məqsədinə çatan ABŞ Özbəkistanla da əlaqələri getdikcə inkişaf etdirəcək. Monqolustanla münasibətlər onsuz da normaldır. Koreya ilə əlaqələr də qaydaya salınsa, ABŞ-ın Rusiya ətrafında nəzərdə tutduğu mühasirə həlqəsi başa çatmış olacaq. Belə şəraitdə Rusiyanın öz iradəsini dünyaya diqtə etmək imkanları minimuma enəcək və ABŞ-ın strateji üstünlükləri ön plana çıxacaq”.
Politoloqun fikrincə, Özbəkistanla ABŞ arasında iş birliyi türk dünyası üçün də çox əhəmiyyətlidir:
“Nəticədə türk dünyası arasındakı əlaqələr möhkəmlənəcək və bölgədə Rusiyanın özbaşınalığı məhdudlaşdırılacaq”.
Qeyd edək ki, Özbəkistan Prezidenti Şövkət Mirziyayev ötən gün ABŞ-a səfər edib.
Bu, Mirziyayevin ABŞ-a ikinci səfəridir.
Ən çox oxunanlar
Son xəbərlər