BALACA QƏLBLƏRİN BÖYÜK QÜRURU
Baxılıb: 497 Tarix: 27-09-2025 14:41

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Paytaxtın Səbail rayonundakı 163 saylı tam orta məktəbdə də hər il Anım Günü ilə əlaqədar tədbirlər keçirilir. Vətən müharibəsi Şəhidi, məktəbin məzunu (2005-2016-cı illər), ali təhsilli Məmmədli Cəmil Habil oğlunun (28.07.1999 – 15.10.2020) xatirəsi əziz tutulur. Məktəb rəhbərliyi, pedaqoji kollektiv şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verir. Şagirdlər ibtidai sinifdən, hətta məktəbəhazırlıq kurslarından başlayaraq Şəhidlərimizin şücaət tarixçələri ilə tanış edilir, dövlət himnimizlə bərabər qəhrəmanlarımızın şəninə yazılan şeirləri əzbərləyirlər.
Məktəbin ibtidai sinif müəllimi Zeynəb Əhmədova deyir: “Təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilən Cəmil Məmmədlinin hələ məktəbli ikən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblər arası "Mahir nişançı" adlı güllə atıcılığı turnirində fərqlənməsi, 2020-ci ilin iyul ayında yollandığı hərbi xidmətinin yeni başlamasına baxmayaraq sentyabrın 27-də Vətən Müharibəsi başlayan zaman könüllü olaraq onun ön cəbhəyə göndərilməsini xahiş etməsi, əsgərlikdə olduğu vaxt evlərinə zəng edib anası ilə danışanda böyük fəxarət hissi ilə Milli Qəhraman Mübariz İbrahimovun istifadə etdiyi silahdan ona verildiyini deməsi,Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərməsi, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək Şəhidlik Zirvəsinə ucalması barədə məlumatlar uşaq və yeniyetmələrin balaca qəlblərini böyük qürur hissi ilə doldurur”.
Qeyd edək ki, Şəhid Cəmil Məmmədlinin anası Aygün Məmmədova 163 saylı tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavinidir. Məğrur Şəhid anası ilə hər gün ünsiyyətdə olmaq imkanı məktəbin şagirdlərinin vətənpərvər ruhda tərbiyə almasına böyük stimul verir.
Allah Şəhidlərimizə rəhmət eləsin.
Tural Əhədov, Vətən müharibəsi veteranı
Ən çox oxunanlar
Son xəbərlər