Koronavirus Bakıya gələ bilərmi? - Baş infeksionist açıqladı
Baxılıb: 634 Tarix: 27-01-2020 13:52
Bu virusun əşyalardan insanlara keçmə ehtimalı yoxdur. Virus daha çox heyvani məhsullarla yayılır.
Azərbaycanın baş infeksionisti Cəlal İsayev Çində qeydə alınan ölümcül koronavirus epidemiyası və onun yayılması ilə bağlı danışarkən deyib.
C.İsayev qeyd edib ki, Çində qeydə alınan bu ölümcül virusun bilərəkdən yaradılması ilə bağlı deyilənlər doğru deyil:
“Çində müşahidə olunan koronavirus epidemiyası ilk dəfə 1965-ci ildə qeydə alınıb. Bu, Çin üçün ilk belə hadisə deyil. Koronavirusun növləri çoxdur və bu yayılan növü də onlardan biridir. Koronavirusun bu növü bir qədər ağırdır. Lakin epidemiya elə bir şeydir ki, burada insan tələfatı varsa, vəziyyət ciddiləşir”.
Baş infeksionistin fikrincə, Azərbaycana bu virusun gəlməsi və yayılma səviyyəsi aşağıdır:
“Bu virusun bizim ölkəyə gəlməsi ehtimalı çox azdır. Ancaq istənilən halda hər riskə qarşı müəyyən tədbirlər görülməlidir. Bunun üçün ilk növbədə Çindən gələn insanlar yoxlanılmalıdır ki, o xəstəliyin əlamətləri ölkəyə daxil olmasın və yayılmasın. Hazırda orada xeyli azərbaycanlı tələbə təhsil alır, həmçinin bizneslə, ticarətlə məşğul olan şəxslər var ki, tez-tez Çinə gedib-gəlirlər. Bu insanlar yoxlanılmalıdır. Həm o şəxslərin öz sağlamlığı, həm də ölkə əhalisinin sağlamlığı üçün bu vacibdir.
Ancaq Çindən gətirilən məhsullar bu virusun daşıyıcısı ola bilməz. Bu virusun əşyalardan insanlara keçmə ehtimalı yoxdur. Bu virus daha çox heyvani məhsullardan insanlara keçir. Xarici təsirlərə qarşı bu virus çox davamsızdır. Müsbət 56 dərəcədə bu virus ani olaraq tələf olur, 37 dərəcədə isə təxminən 15 dəqiqəyə tələf olur. Ona görə də sənaye malları ilə koronavirusun ölkəyə gətirilməsi mümkün deyil, yox dərəcəsindədir”.
C.İsayev bildirib ki, koronavirusların insandan insana yoluxma ehtimalı çox sıx təmas zamanı baş verir:
“Sıx təmas olmasa, demək olar ki, yoluxma ehtimalı azdır. Su, ərzaq, həddən artıq sıx təmas, əllər vasitəsilə, tənəffüs yollarının zədələnməsi ilə yoluxma ola bilər. Bu virus ümumilikdə mədə-bağırsaq sistemini, sinir sistemini, böyrəkləri zədələyir. Bu virus təbiətdə var idi. Sadəcə yenidən aktivləşib. Bu kimi ölümcül virusların aktivləşməsinə səbəb də insanların təbiətə müdaxiləsinin nəticəsidir.
Bundan öncə Çində sars virusu yayılmışdı. O da koronaviruslara aiddir. Hətta o daha təhlükəli idi və ölüm halları 25-30 faizə qədər artmışdı. Ancaq onun qarşısı tezliklə alındı. Bu virusa isə yoluxma sayı ilə ölüm halı arasında fərq çox olduğu üçün o qədər də təhlükəli hesab edilməyə bilər”.
Xatırladaq ki, Çinin Uhan şəhərində qeydə alınan koronavirusa bu günə qədər 2762 nəfər yoluxub, 8q nəfər isə dünyasını dəyişib. Ölüm halı ancaq Çində qeydə alınıb. İndiyə qədər bu virusa 4 ölkədə rast gəlinib.
Ən çox oxunanlar
Son xəbərlər