Azərbaycan Rusiyaya nota verdi
Baxılıb: 652 Tarix: 06-11-2019 17:21
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.
Bu barədə Qanunvehedef.az-a XİN-dən məlumat verilib.
Görüş zamanı Rusiyanın ölkəmizdəki səfirinə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan qanunsuz rejimin “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın RF-yə səfər etməsi ilə əlaqədar XİN-in etiraz notası təqdim edilib.
Notada Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma qurumun “nümayəndələri”nin Rusiya ərazisinə daxil olması və orada bir sıra rusiyalı ekspertlər və akademik mərkəzlərin təmsilçiləri ilə görüşlərin keçirilməsi Ermənistanın artıq 30 ilə yaxındır ki, işğal olunmuş ərazilərdə status-kvonu möhkəmləndirməyə cəhd edərək, Azərbaycan ərazilərini işğal altında saxlamağa xidmət etdiyi qeyd olunub.
Nazirlik bu kimi səfərlərin dəyişməz olaraq təxribat xarakter daşıdığını və Azərbaycan Respublikasının suverenliyə və ərazi bütövlüyünə qarşı yönəldiyini vurğulayaraq, danışıqlar prosesinə zərbə vurduğu və Azərbaycanla Rusiya arasında mövcud olan səmimiyyət və yüksək etimada kölgə saldığı, habelə 3 iyul 1997-ci il tarixli “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”nin müddəaları ilə qəti şəkildə uzlaşmadığı barədə mövqeyi Rusiya tərəfinə çatdırıb.
Qeyd olunub ki, Rusiya tərəfinin bu cür səfərlərə çəxsi səfər qismində baxdığını dəfələrlə bəyan etməsinə baxmayaraq, işğal edilmiş ərazilərdəki qeyri-qanuni “hakimiyyət orqanları”nın “nümayəndələri” Rusiya ərazisindən Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin möhkəmləndirilməsi məqsədilə istifadə etməkdə davam edirlər.
Eyni zamanda, qondarma qurumun “nümayəndələri”nin Rusiya ərazisinə səfər etməsi və orada işğal nəticələrini təbliğ etməsinə imkan yaradılması Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü qismində hələ 1993-cü dəstəklədiyi 822, 853, 874 və 884 saylı qətnamələri ilə uzlaşmadığını bildirilib. O da xüsusi vurğulanıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin missiyası münaqişənin sülh yolu ilə həllinə dair bütün məsələlərdə qərəzsiz münasibət bəsləməkdir.
Bununla əlaqədar Azərbaycan tərəfi bu kimi qanunsuz səfərlərin qarşısının alınması istiqamətində Rusiya tərəfindən bütün zəruri tədbirlərin görülməsi gözlədiyini səfir M.Boşarnikovun diqqətinə çatdırdı.
Səfir M.Boçarnikov Rusiya tərəfinin münaqişə üzrə mövqeyinin məlum və dəyişməz olduğunu, eləcə də hər-hansı tanınmamış qurumların “nümayəndələri”nin Rusiya ərazisinə daxil olmasının bu ölkənin rəsmi mövqeyini əks etdirmədiyini vurğulayıb. O, həmçinin Azərbaycan tərəfinin etirazı barədə Rusiya XİN-ə məruzə edəcəyini bildirib.
Ən çox oxunanlar
Son xəbərlər