Rusiya Azərbaycana SU-57 qırıcıları verəcəkmi? – Səfir susdu...
Baxılıb: 604 Tarix: 25-12-2019 14:06
Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopyrkin bildirib ki, Ermənistanın axtarışa verdiyi və Rusiya ərazisində olduğu deyilən məmurların Yerevana verilməməsi siyasi yox, hüquqi məsələdir:
“Bu məsələ mənə görə siyasi yox, hüquqidir. Buna məhz belə baxmaq lazımdır. Müəyyən müvafiq hüquqi alətlər, razılaşmalar, iki ölkənin qanunvericilik aktları, ekspertlər, iki ölkənin bu məsələ ilə məşğul olan baş prokurorluqları mövcuddur. Bu məsələdə onlar bir-biri ilə peşəkar səbviyyəfədə əlaqədə olurlar”.
Hazırda Rusiya ərazisində Ermənistanın “1 mart hadisələri” ilə bağlı axtarışa verdiyi bir neçə şəxslərin olduğu məlumdur.
Bunların arasında “1 Mart” hadisələri üzrə istintaq qrupunun keçmiş rəhbəri Vaan Arutyunyan, Ermənistanın keçmiş baş prokuroru Gevork Kostanyan, keçmiş müdafiə naziri Mikael Arutyunyan da var.
Onların üçü də 2008-ci ilin “qanlı 1 mart hadisələrinə” görə ittiham olunurlar.
Mikael Arutyunyanın Rusiya vətəndaşlığı var və Moskva elə bu zəmində ötən il onun ekstradisiya olunması ricasını rədd edib. Ermənistanın axtarışa verdiyi şəxslərdən biri də məhkəmə qərarlarının icrası xidmətinin keçmiş başçısı, habelə keçmiş deputat Miqran Poqosyandır.
Rusiya onun da Ermənistana təslim edilməsindən imtina edib.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopyrkinə Azərbaycanın ən müasir Rusiya qırıcıları olan SU-57 təyyarələrinin alınmasında maraqlı olmasına dair Rusiya mediasında yayılmış xəbərlərə dair suallar da verilib. “Vedomosti” qəzetinin verdiyi məlumata görə bu barədə danışıqların başlanmasına siyasi rəhbərlik səviyyəsində razılıq verilib.
Səfir Azərbaycana Rusiya silahı satılmasına dair suala cavab verməkdən ümumiyyətlə imtina edib:
“Kütləvi informasiya vasitələrinin qırıcılar barədə xəbərlərinə gəlincə, məni bağışlayın, mənə bu barədə şərh vermək çətindir”.
Rusiya səfiri habelə Rusiyanın Krasnodar diyarındakı erməni kilsəsinin ərazisində baş vermiş insidentlə bağlı suala cavab verməkdən imtina edib.
Orada Armavir şəhər dumasının deputatı Aleksey Vinoqradov erməni kilsəsinin ərazisində Garegin Njdeyə qoyulmuş abidənin xatirə lövhəsinə qara rəng çəkib. Kopyrkin deyib ki, bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır. (azadliq.org)
Ən çox oxunanlar
Son xəbərlər