İrəvan 100 milyonlar qazana bilər: Bakı qarşısını almalıdır - SOS
Baxılıb: 627 Tarix: 26-12-2019 10:56
Azərbaycanda hakimiyyət islahatlar yolunu tutub. Bu gün bunu görməmək və hiss etməmək mümkün deyil. Bütün bu yeniliklərin fonunda bəzi məsələləri oxucularla bölüşmək, öz təkliflərimi vermək istəyirəm.
Məsələ ondadır ki, mən gənc yaşlarımdan yaxşı maşın azarkeşiyəm. Maşın bazarlarını internetdə izləyirəm: Almaniyanın, ABŞ-ın, Yaponiyanın, Gürcüstanın, hətta Ermənistanın maşın bazarlarına baxıram. Hansı maşın harda neçəyədir, hansı maşın dəbdədir, daha çox alınan hansıdır, ən ucuz, ən baha maşın bazarı hardadır və sair ilə maraqlanıram. Məsələn, hazırda postsovet məkanında ən çox satılan krossover BMV X5, sedan isə “Toyota Kamri”dir. Məlum olduğu kimi, son vaxtlara qədər Qafqazın, az qala bütün postsovet məkanının ən ucuz maşın bazarları Gürcüstanda (Batumidə Avtobazar və Rustavidə Avtopapa) yerləşirdi. Bunun səbəbləri çox idi: Avropadan Gürcüstana dəniz yolunun olması, Gürcüstanda monopoliyanın aradan qaldırılması, gömrük rüsumlarının formal olması və s...
Qeyd etmək lazımdır ki, maşın bazarının yaxın olması Azərbaycanda da bir çoxlarının işinə yarayırdı. Məlum maşın dillerləri hətta 100 faizə işləyirdilər. Məsələn, 10 ilin X5-ni Rustavidə 10 min dollara alır, Bakıda 20 minə satırdılar. Amma son illərdə Azərbaycanda dolların iki dəfə bahalaşması ilə bu bazar bağlandı. Eyni zamanda, Gürcüstan avtomobil bazarları da öz cazibəsini itirməyə başladı.
Məsələ ondadır ki, gürcü avtomobil dillerləri bütün dünyada ad çıxarmış dələduzlardır. Bunlardan nəinki maşın, hətta təkər də almaq olmaz. Onlar Almaniyada çıxdaş olunaraq ikiyə bölünən, ABŞ-da aylarla su altında qalan avtomobilləri su qiymətinə Gürcüstana gətirir, kosmetik təmir edir və od qiymətinə azərbaycanlı qardaşlarına satırlar...
Və nəhayət, keçək mətləbə - məni narahat edən məsələyə. Gürcüstan bazarlarının öz əhəmiyyətini itirməyi fonunda Ermənistanın avtomobil bazarları bütün postsovet məkanında populyarlaşmaqdadır. Artıq Rusiyanın maşın dillerləri avtomobilləri Gürcüstandan yox, Ermənistandan gətirməyə üstünlük verirlər. Qeyd etmək lazımdır ki, Moskva-İrəvan təyyarə biletinin qiyməti hətta Moskva-Tiflisdən də ucuzdur, otellər və motellər də çox sərfəlidir. Erməni avtomobil dillerləri də gürcülərdən fərqli olaraq, daha düzgün alverçilərdir (yeri gəlmişkən, məhz bu səbəbdən bizim Rusiyadakı uşaqlar gürcülərlə işləmirlər, ermənilərə üstünlük verirlər). Təsəvvür edin, Moskvadan İrəvana gələn rus diller cəmi 200 dollar (yol pulu, yer pulu, gömrük pulu və s.) xərcləyərək oradan avtomobili Rusiyaya gətirir, burda da 200 dollar xərc çəkərək, gömrükdən keçirir. Bizdə isə yalnız gömrükdən keçirmək üçün maşının qiymətinin yarısı qədər rüsum ödəməlisən.
Beləliklə, Ermənistan artıq Rusiyanın yeni maşın bazarına çevrilməkdədir və biz buna seyrçi qalmaqdayıq. Bu isə ildə 10 milyonlarla, gələcəkdə 100 milyonlarla valyuta deməkdir. Mən İrəvanın maşın bazarına İran və Orta Asiya avtomobil dillerlərinin üz tutacağını da istisna etmirəm. Axı, ticarət su kimi bir şeydir, harda çökək (oxu: ucuz qiymət) varsa, ora axır.
Məni narahat edən də budur: həmin avtomobil bazarını Azərbaycanda yaratmaq olmazdımı?! Axı, Ermənistandan fərqli olaraq, Azərbaycandan Rusiyaya birbaşa çıxış var. Azərbaycandan Qazaxıstana və Orta Asiyaya da çıxış var, biz o boyda xərc çəkmişik, Ələt Beynəlxalq Dəniz Limanını tikmişik!
Hazırda Azərbaycanda Qafqazın maşın bazarının yaradılması üçün bütün infrastruktur imkanları var. Amma bizim təyyarə, otel qiymətlərilə, rüsumlarla Azərbaycana kim gələr, kim burdan avtomobil almaq, aparmaq istəyər?!
Düşünürəm ki, Azərbaycanda gözlənilən islahatlar dalğası bu sahələri də əhatə etməlidir. Azərbaycanda ilk növbədə təyyarə biletləri, otel, motel qiymətləri aşağı salınmalı, maşına gömrük rüsumları azaldılmalıdır. Əks halda, 100 milyonlarla valyuta düşmənin cibinə axacaq...
Ermənistanı bütün regional layihələrdən kənarda qoyan və iqtisadi baxımdan sıxan Azərbaycan bu fürsəti düşmənin əlindən çıxartmalıdır.
Ən çox oxunanlar
Son xəbərlər