Dünya liderləri İlham Əliyevi təbrik edir
Baxılıb: 718 Tarix: 22-05-2020 20:10
Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Qanunvehedef.az məktubun mətnini təqdim edir:
"Möhtərəm cənab Prezident, əziz dostum.
Hər bir qürurlu Azərbaycan vətəndaşının, həmçinin azadlığın, müstəqilliyin və vətənpərvərliyin əzəli dəyərlərinə, eyni zamanda, xalqınızın zəngin mənəvi və mədəni irsinə hörmət edən və ölkənizə dost olan hər kəsin bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizin Azərbaycana sevginiz və onun inkişafına bağlılığınız, uzaqgörənliyiniz və dəqiq siyasi fikirləriniz siyasi sabitliyin, iqtisadi modernləşmənin təmin olunmasında, ölkənizin beynəlxalq arenada nüfuzunun və təsirinin möhkəmləndirilməsində müvəffəqiyyətlər əldə etməyinizə, bununla da vətəninizin və vətəndaşlarınızın təhlükəsiz gələcəyini təmin etməyinizə töhfə verir.
İcazə verin, fürsətdən istifadə edərək, xahişimi cavabsız qoymayıb insani və dövlət həmrəyliyi göstərdiyiniz, Azərbaycanın da koronavirus kimi yoluxucu xəstəliklə üzləşdiyi bir zamanda bizim epidemiya ilə mübarizəmizə yardım olaraq Serbiyaya tibbi avadanlıqlar göndərdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirim. Biz Serbiyada bunu yüksək qiymətləndiririk. Bu, bizim üçün ölkələrimiz arasındakı müstəsna strateji əlaqələrin və ən yaxın dost münasibətlərinin, mənim üçün isə hörmət və etibar əsasında qurulmuş şəxsi münasibətlərimizin təsdiqidir. Eyni zamanda, gələcəklə bağlı planlarınızın həyata keçirilməsi üçün ölkənizin və onun vətəndaşlarının epidemiyanın törətdiyi nəticələrdən xilas olmasını səmimi qəlbdən arzu edirəm.
Serbiya Prezidenti olaraq mən Serbiya ilə Azərbaycan arasındakı yaxın münasibətlərlə qürur duyuram. Serbiya vətəndaşları və mən ölkəmizə səfər etmək təklifinə müsbət cavabınızdan məmnun olarıq. İnanıram ki, Sizin səfəriniz Serbiya ilə Azərbaycan arasındakı münasibətlərin tarixində xüsusi iz qoyacaq.
Cənab Prezident, bizim növbəti və ümid edirəm ki, tezliklə baş tutacaq görüşümüzü gözləyərək, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ölkənizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə qazandığı uğurlar hamı tərəfindən qəbul edilir. Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdə duran məsələlərin həllində əhəmiyyətli rol oynayır.
Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Əminəm ki, biz birgə səylərimizlə ikitərəfli strateji tərəfdaşlığın, konstruktiv əməkdaşlığın bütün istiqamətlərdə bundan sonra da inkişafını təmin edəcəyik. Bu proses, şübhəsiz, bizim dost xalqlarımızın köklü maraqlarına cavab verir, regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi məcrasında inkişaf edir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan Respublikasının bütün vətəndaşlarına rifah və tərəqqi arzulayıram".
***
Çin Xalq Respublikasının sədri Si Szinpin, Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas, Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Niderlandın Kralı Villem-Aleksandr, Hindistan Respublikasının Prezidenti Ram Nat Kovin, Gürcüstanın Prezidenti Salome Zurabişvili, İspaniyanın Kralı VI Felipe, TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov də Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktub göndəriblər.
Ən çox oxunanlar
Son xəbərlər