Əhaliyə şad xəbər – Yeni Milli Strategiya
Baxılıb: 533 Tarix: 16-12-2019 12:04
Azərbaycanda sosial xidmətlər ehtiyacı olan vətəndaşlar üçün kifayət qədər keyfiyyətli və əlçatan səviyyəyə çatdırılacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə "2020-2026-cı illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Milli Strategiya" layihəsində bildirilir.
Qeyd olunur ki, məqsəd ölkənin sosial xidmət sistemini beynəlxalq norma və standartlara uyğun olaraq təkmilləşdirmək, sosial xidmətlərin göstərilməsinin ünvanlılığını təmin etməkdən ibarətdir.
Müvafiq dövrdə uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi ilə müəssisələrdə olan uşaqların sayının tədricən azaldılması planlaşdırılır.
Eyni zamanda, ailənin rolunun dəyişdirilərək daimi yardıma ehtiyacı olan və onu passiv şəkildə qəbul edən obyektdən böhran vəziyyətindən müstəqil şəkildə çıxan və aktiv həyat mövqeyi tutan bir subyektə çevrilməsinin təmin edilməsi nəzərdə tutulur.
Bildirilir ki, ölkə üzrə nikahdankənar evlilikdən övlad dünyaya gətirən ailələrin və boşanmaların sayının yüksək artım tempinə malik olması ilə ölkədə valideyn himayəsindən məhrum olmuş uşaqların sayı əvvəlki illərə nisbətən artıb.
Mövcud çatışmazlıqların aradan qaldırılması üçün Layihə əlaqələndirmə işlərinin təmin edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən ibarət Koordinasiya Şurası yaradılacaq.
Eyni zamanda, bu orqanlar tərəfindən birgə fəaliyyətin təşkili ilə əlaqədar lazımi məlumatların asan şəkildə əldə edilməsi məqsədilə müvafiq sahədə vahid məlumat bazası yaradılacaq. Orqanların bu məlumatlara çıxışı təmin ediləcək.
Bu Milli Strategiyanın icrası ilə bağlı tədbirlər dövlət büdcəsi, ödənişli sosial xidmətlərdən daxil olan vəsaitlər, kredit və qrantlar, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.
Milli Strategiyada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 2026-ci ilədək sosial xidmət sisteminin inkişafında aşağıdakı strateji məqsədlərə nail olunacaq.
Sosial xidmət sisteminin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşəcək.
Həssas əhali qruplarına göstərilən xidmətlərin kəmiyyət və keyfiyyəti artacaq.
Müntəzəm həyata keçirilən profilaktik abilitasiya və reabilitasiya tədbirləri nəticəsində stasionar sosial xidmətə ehtiyacı olan şəxslərin sayı azalacaq.
Dövlət sifarişlərinin verilməsi ilə sosial xidmətin təşkilində rəqabət mühiti yaranacaq ki, bu da göstərilən xidmətlərin keyfiyyətinin artmasına səbəb olacaq.
Ölkənin bütün regionlarında çətin həyat şəraitində olan şəxslərin sosial xidmətə əlçatanlığı təmin ediləcək.
Əlillərin bərpa müəsisələrinin fəaliyyətində tibbi yanaşmanın sosial reabilitasiya modeli ilə əvəz edilməsi təmin ediləcək.
Əhalinin sosial rifahı yüksələcək. Müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə nəticəsində mövcud elektron xidmətlər təkmilləşəcək və yeni xidmətlərin tətbiqinə başlanılacaq.
Sosial xidmət sahəsində dövlət ilə korporativ təşkilatlar arasında əlaqələrin miqyası genişlənəcək.
Ən çox oxunanlar
Son xəbərlər