Deputat Könül Nurullayeva hesabat verdi
Baxılıb: 589 Tarix: 31-08-2020 10:40
Milli Məclisə 24 saylı Nizami birinci seçki dairəsindən deputat seçilmiş Könül Nurullayevanın ünvanına son 3 ay ərzində (iyun, iyul, avqust) birbaşa, sosial şəbəkə və telefon vasitəsilə ümumilikdə 478 müraciət daxil olub.
"Report" xəbər verir ki, müraciətləri təkcə Nizami rayonunda yaşayan vətəndaşlar deyil, o cümlədən müxtəlif rayonların sakinləri göndərib.
Müraciətlərin 83,1%-i müsbət həll olunub, digər müraciətlər isə icra mərhələsindədir. Daxil olan müraciətlər maddi yardım, işə qəbul, tibbi müayinə və müalicəyə kömək, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əsgərlərimizə yardım məqsədilə könüllü olaraq təkərlərin göndərilməsi və digər sahələri əhatə edib. Yazılı müraciətlər (47,3 %) həll edilməsi üçün aidiyyatı üzrə müxtəlif dövlət və qeyri-dövlət qurumlarına, 38,7% mərkəzi icra hakimiyyəti orqanlarına, 14% isə yerli icra hakimiyyəti orqanlarına yönləndirilib.
K.Nurullayeva son 3 ay ərzində birbaşa və onlayn formatda ümumilikdə 196 seçici qəbul edib. Deputat tərəfindən 1837 nəfərə yardım göstərilib. Onlardan 272 nəfər birdəfəlik maddi yardım, 1565 nəfər isə Qurban bayramı sovqatı ilə təmin edilib.
Nizami rayonunda yaşayan gənclərin məşğulluğunun təmin olunması və asudə vaxtlarını səmərəli keçirmələrinə yönələn "Gənclər üçün Yay təcrübə məktəbi" layihəsi çərçivəsində qeydiyyatdan keçmiş 678 nəfər arasından 92 iştirakçı seçilib. Bu müddət ərzində layihə iştirakçılarına karantin qaydaları çərçivəsində peşəkar təlimçilər tərəfindən ümumilikdə 11 təlim və master-klass keçirilib və hələ də təlimlər davam etməkdədir.
Milli Məclisin üzvü son 3 ay ərzində bir çox yerli və beynəlxalq platformalarda da iştirak edib. Belə ki, K.Nurullayeva İslam Əməkdaşlıq Təşkilatının media orqanı olan İnformasiya Agentlikləri Birliyinin "Dinlər və Mədəniyyətlərin ardıcılları arasında birgəyaşayış və harmoniya yollarının birləşdirilməsi", "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının Beynəlxalq Gənclər gününə həsr olunmuş "Beynəlxalq təhlükəsizlik və sülhün qorunmasında gənclərin rolu"na həsr olunmuş videokonfranslarda, həmçinin İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) İcraiyyə Komitəsinin 2021-ci ildə Konyada keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Şurasının Konyadakı Oyunların Təşkilat Komitəsi ilə birgə növbəti videokonfransda çıxış edib, eyni zamanda Xorvatiyanın Azərbaycana təyin olunan ilk fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçlə rəsmi görüşdə və Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır" adlı esse müsabiqəsinin iştirakçıları ilə onlayn görüşdə iştirak edib.
Son 3 ayda K.Nurullayevanın Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü kimi fəaliyyəti də səmərəli olub. Belə ki, bu müddət ərzində o, AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin videokonfransında "Süni intellektdən istifadənin yaratdığı ayrı-seçkiliyin qarşısının alınması" mövzusu üzrə, eyni komitənin digər toplantılarında isə "Qadınlara qarşı törədilən namus cinayətləri" və "Böhran və pandemiya dövründə insan haqlarının qorunması: bərabərlik və ayrı-seçkilik hüququ" mövzusu üzrə məruzələrlə çıxış edib.
Deputat eyni zamanda Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə dünya KİV-lərində də məqalələrlə çıxış edib. Belə ki, son 3 ay ərzində K.Nurullayevanın təhlil xarakterli məqalələri və açıqlamaları Türkiyənin 17 xəbər agentlikləri, eyni zamanda 3 Avropa, 2 ərəb ölkələri mətbuatı tərəfindən dərc edilib. Bütün məqalələrdə millət vəkili beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın ərazi bütövlüyünun qorunması, Ermənistanın sərhəd təxribatları və uzun illərdən bəri davam edən işğal siyasətinə yönəldib. Eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərindən məsuliyyəti və işğalçıya təzyiqi artırmaq tələb olunub, eyni zamanda münaqişə bölgəsində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər