Əslində, Azərbaycan xalqı Qələbəyə qədər uzun yol qət etmişdi
Baxılıb: 622 Tarix: 05-11-2022 11:46
2020-ci il Azərbaycan xalqının ən qürurlu, ən parlaq zəfər ili kimi, bəşər var olduqca xatırlanacaq əbədi qələbə imzası atdığı möhtəşəm tarix oldu. 2020-ci ilin son baharı odlar diyarına nurla qədəm qoydu və illərlə həsrətində olduğumuz yurd nisgilini, Qarabağ həsrətini bir andaca bitirdi. Çox şanlı, qürurlu günlər yaşadıq, zəfərlər qeyd etdik.
Vətən müharibəsində müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq və şücaət göstərərək xalqımıza Böyük Qələbə sevinci yaşadan, 30 illik Qarabağ nisgilinə son qoyan rəşadətli ordumuzun qalib əsgər və zabit heyəti möhtəşəm Zəfər paradında qürurla addımladılar...
Əslində, Azərbaycan xalqı Qələbəyə qədər uzun yol qət etmiş, illər ərzində görülən məqsədyönlü işlər, keçilən yol nəticəsində indiki sevincli məqama yetmişdi. Xüsusilə Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının, milli birliyi və həmrəyliyi dəstəkləyən uğurlu siyasətinin məntiqi bəhrəsi olaraq uzun zamandır həsrətində olduğumuz qələbə şadyanalığını yaşayır, ürəyimizdəki yurd nisgilini birdəfəlik silirdik.
Müzəffər Ali Baş Komandanın qətiyyətli və uzaqgörən siyasəti, ordumuzdakı ruh yüksəkliyi, torpaqlarımızın bir qarışını belə düşmənə verməyəcək əzmdə olması cəbhədəki uğurlarımızın rəhni idi.
Düzü, şanlı ordumuz bu tarixi günə 2016-cı ilin “Aprel döyüşlərində”, 2018-ci ilin may ayında “Günnüt əməliyyatı”nda start vermişdi. 2020-ci ilin Tovuz, həmçinin avqust təxribatlarında da təcavüzkarlara layiqli cavab vermiş, yerinə otuzdurmuşdu.
Lakin törətdiyi təxribatlar zamanı aldığı layiqli cavablardan dərs çıxarmağı bacarmayan Ermənistan 2020-ci ilin 27 sentyabrında yenidən Azərbaycanın sərhədində təxribat törətməyə, mülki əhalini hədəfə almağa başladı. İdbar əməlləri ilə özlərinin çirkin planlarını həyata keçirmək üçün ağılsız və uğursuz bir cəhd etdi. Və elə bu ağılsız cəhdləri ilə də həm siyasi müstəvidə, həm beynəlxalq arenada, həm də hərb meydanında məğlubiyyətlərinin altına böyük bir imza atdı.
Ali Baş Komandanın vətən uğrunda “İrəli” əmri ilə on minlərlə gəncimiz öz ata-baba yurdlarının harayına hay verdi. İgidlərimiz silaha sarılaraq mənfur düşmənə həddini bildirməyə tələsdilər.
Şanlı Azərbaycan Ordusu 44 gün ərzində hər gün irəli getdi, hər gün tarix yazdı. Qarabağ uğrunda döyüşən hünərli oğullarımızın hər birinin müqəddəs amalı qələbəni təmin etmədən geri dönməmək, bu yolda son damla qanlarınadək vuruşub düşməni darmadağın etmək idi. And içmişdilər, öldü vardı, döndü yox!
Daim irəli atıldılar, sıldırımlar aşdılar, silah işlətmək mümkün olmayanda belə, yalın əllə düşmənin nəfəsini kəsdilər, yaralansalar da döyüşməkdən vaz keçmədilər, mənfurları diz çökdürdülər, dəmir yumruqlarının zərbəsi ilə erməni silahlılarını məhv etdilər.
Tək həmləsi ilə düşmənin murdar ayağını qarış-qarış torpağımızdan çıxarıb atan igid əsgərlərimiz xalqımıza hər gün zəfər müjdəsi verməyə, haqqın, ədalətin rəmzi olan Azərbaycanın üçrəngli müqəddəs bayrağını vətən torpağında, zirvələrimizdə dalğalandırmağa başladılar...
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Hadrut qəsəbələri, Xocalının və Kəlbəcərin bir hissəsi, Murovdağ silsiləsi, Laçının cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi. Noyabrın 8-də Şuşa şəhərinin azad edilərək orada Azərbaycan bayrağının qaldırılması ilə şanlı müharibəmizə yekun vuruldu. Bu tarixi hadisə ilə düşmənin beli qırıldı, təslim olmağa məcbur qaldı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan təmizləndi. Beləliklə də, düşmən ən müasir silahlarla təmin olunmuş qəhrəman Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyib təslim oldu və noyabrın 10-da təslimçilik bəyanatını imzaladı.
Xalq-Dövlət-Ordu birliyi işğalçı üzərində əbədi qələbənin möhürünü vurdu, bu birlik Vətən müharibəmizi qalibiyyətlə taclandırdı, haqq zəfər çaldı.
Amal Teymurov, FHN-nin Maddi-Texniki Təchizat İdarəsinin rəisi
Ən çox oxunanlar
Son xəbərlər